AZ

Şamaxıda dəhşətli qətl: əmisi oğlunu arvadının yatağında tutdu, boğaraq öldürdü – TƏFƏRRÜAT

BAKI, 19 iyun. TELEQRAF

Şamaxı rayonunda namus üstündə 2005-ci il təvəllüdlü Ramin Hacıyevi öldürməkdə təqsirli bilinən Tural Hacıyev və onun atası Mahir Hacıyevin məhkəməsi başa çatıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, ata və oğulun cinayət işinə Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baxılıb.

İttihama görə, 1994-cü il təvəllüdlü Tural Hacıyev 22 aprel 2023-cü ildə, gecə saat 3 radələrində yaşadığı evində mobil telefonunun zənginə oyanıb. O, arvadının gecələdiyi yataq otağına daxil olub. Əmisi oğlu Raminin otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çarpayının arasında olan boşluq hissədə gizləndiyini görüb.

Daha sonra Tural qonşuluqda yaşayan atası, 1967-ci il təvəllüdlü Mahirə zəng edib və onu yaşadığı evə dəvət edib. Mahir gəldikdən sonra saat 4 radələrində Raminin sintetik materialdan hazırlanmış iplə qollarını bilək və dirsək nahiyəsindən, ayaqlarını isə baldır nahiyəsində kip şəkildə bağlayıblar. Onlar bu hərəkətləri ilə Raminin sərbəst hərəkət etməsini məhdudlaşdırıblar və onu adam oğurluğu olmadan girov saxlayıblar.

Bundan sonra Tural arvadının onun əmisi oğlu ilə görüşməsi və ona xəyanət etməsi qənaətinə gəlib. O, qisas almaq məqsədilə Raminin öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün əmisi oğlunu boğaraq öldürüb.

“Əmim oğlundan heç vaxt şübhələnməmişəm”

İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 145.2.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə, Mahir isə Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə ittiham olunub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Tural ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2017-ci ildən ailəlidir, 2 uşağı var: “Əmim oğlu Ramin qohum kimi bizə gəlib-gedirdi, ondan heç vaxt şübhələnməmişəm.Hadisə olan gün gecə əmim oğlu Ramini arvadımla birlikdə yataq otağında tutdum. Həmin gecə səhər tezdən mal bazarına gedəcəyim ilə əlaqədar səhər tezdən durmalı olduğumdan uşaqları tezdən narahat etməmək üçün özüm qonşu otaqda tək yatmışdım. Telefonun səsinə oyandım və arvadımın yatdığı otağa keçəndə Ramini iki çarpayının arasında uzanmış gördüm. Onu görəndə şoka düşdüm”.

“Əmim oğlunu öldürdüyümü dedim”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra atası Mahirə zəng vurub: “Atamdan tüfəngi və 2 ədəd patron gətirməsini dedim. Atam gələnə qədər Ramin uzandığı yerdən tərpənmədi. Mən Raminə yumruqla vurdum. Atam gəldi, lakin tüfəngi gətirmədi. Atam da vəziyyəti gördü, hər şeyi başa düşdü. Atam gələndən sonrahəyətdən ip gətirdim, Ramininəlini və ayağını bağladım. Raminin əl-ayağını bağlayanda atam dedi ki, ona heç nə eləməyim, onu polisə verək. Mən isə atamın dedikləri ilə razılaşmadım. Atam mənə mane olmasın deyə onu evdən göndərdim. Bundan sonra Raminə əli və ayaqları bağlı vəziyyətdə ona yaxınlaşdım. Bu zaman Ramin özünü öldürmək istədiyini, onu buraxsam, onsuz da özü-özünü öldürəcəyini dedi. Raminin əllərini bağladığım ipi kəsərək onun boynuna keçirdim və onu həyətdəki mətbəxə apardım. Orada Ramin mətbəxdəki stulun üstünə çıxdı, taxta arakəsməyə ipi onun özü bağladı. Sonra Ramin özü ayağının altındakı stulu ayağı ilə aşırdı. Bundan dərhal sonra həyətə çıxdım və Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, əmim oğlunu öldürdüyümü dedim”.

Təqsirləndirilən şəxs bildirib ki, Ramini yumruq və təpik vurub, atası onu vurmayıb: “Raminin əl-ayağını atam gələndən sonra bağladım. Amma atam qapının ağzında dayandı, mənə kömək etmədi”.

“Öyrəndim ki, oğlum özü polisə təslim olub”

Digər təqsirləndirilən Mahir də ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə baş verən günü gecə saat 3 radələrində oğlu Tural ona zəng edib, tüfəngi və 2 patron gətirməsini istəyib: “Oğlumun evinə gəldikdə gördüm ki, qardaşım oğlu Ramin gəlinimin yataq otağında iki çarpayının arasında uzanıb. Mən gördüklərimdən dəhşətə gəldim və Raminə şillə vurdum. Bundan sonra oğlum Tural həyətdən ip götürdü və Raminin əl-ayağını bağladı. Daha sonra Raminə yumruq, təpik vurdu. Mən Turala Ramini vurmamasını, həm qardaşım oğlunun, həm də gəlinin ailəsini çağırmağı, baş verənləri onlara deməyi və polisə məlumat verməsini dedim. Turalın uşaqları səs-küyə oyanaraq ağladılar. Bunun üçün uşaqları öz yaşadığım evə apardım. Bir az sonra Tural zəng etdi, qardaşım oğlu Raminin özünü öldürdüyünü dedi. Oğlumun evinə qayıdanda Tural evdə olmadı. Öyrəndim ki, Tural özü polisə təslim olub”.

“Bu bir ailənin faciəsidir”

Mahir qeyd edib ki, Turalın mərhum atası Zaurla onun münasibətləri yaxşı olub: “Mən düşünmədim ki, oğlum Tural qardaşım oğlu Ramini öldürə bilər. Ona görə də nəvələrimi evimə özüm aparmışam. Raminin mərhum atası ilə münasibətlərim yaxşı olub. Raminin atası öləndən sonra da qardaşımın ailəsi ilə münasibətlərim yaxşı olub. Mən belə hadisənin baş verəcəyini bilsəydim, evdən getməzdim. Bu bir ailənin faciəsidir”.

“Xəyanət etdiyinə inanmıram”

İş üzrə zərərçəkmiş Raminin hüquqi varisi qismində qardaşı ifadə verib. O bildirib ki, onların əmisigil ilə münasibətləri əvvəllər həmişə yaxşı olub: “Hadisə baş verən günü, səhər saat 7 radələrində digər əmim oğlu Nurlan zəng etdi və qardaşım Raminin harada olduğunu soruşdu. Mən də Raminin yatağında olmadığını və bəlkə də bazara getdiyini dedim. Bir az keçəndən sonra Nurlan təzədən zəng etdi və yenə Ramini soruşdu. Mən yenə də Raminin evdə olmadığını dedim. Bir müddət sonra Nurlan zəng etdi və Raminin öldürüldüyünü dedi. Mən əvvəlcə inanmasam da, sonradan öyrəndim ki, əmim oğlu Tural qardaşımı asaraq öldürüb. Mən mərhum qardaşımın əmimin ailəsinin namusuna xəyanət etdiyinə inanmıram. Əmim Mahir və əmim oğlu Turalla barışmamışam”.

“Məndən xoşu gəlib”

İş üzrə şahid qismində ifadə verən Ləman (ad şərti göstərilib – red.) bildirib ki, Turalla 2016-cı ildə ailə qurublar, iki uşaqları var: “Tural anamın əmisi oğludur, birgə nikah dövründə münasibətlərimiz yaxşı olub. Turalla ailə qurana qədər Raminlə heç bir münasibətlərimiz olmayıb. Ramin mənimlə “Whatsapp” vasitəsilə danışıb, məndən xoşumgəlib. Amma Raminə evli, uşaqlı olduğumdan bu işin alınmayacağını demişəm. Hadisə baş verən gecəsi Ramin zəng etdi, üz-üzə söz demək istədiyini, buna görə bizə gələcəyini dedi. Mən isə Raminə gəlməməsini dedim. Lakin Ramin axşam saat 12 radələrində evə gəldi. Ramin mənə məxsus yataq otağına daxil oldu. Ramin otağa daxil olan kimi ona sözünü deməsini, tez getməsini söylədim. Lakin Ramin dedi ki, sözünü səhər deyəcək”.

“Asmağa apardığını dedi”

Ləmanın sözlərinə görə, daha sonra Ramin otaqdakı yataqların arasında gizlənib: “Saat 2-3 radələrində otaqda Turalın telefonuna zəng gəldi. Bu zəngin səsinə Tural otağa daxil oldu və Ramini gördü. Bundan sonra Tural atasına zəng edərək silah və 2 ədəd patron gətirməsini istədi. 10-15 dəqiqə sonra qayınatam Mahir gəldi. Lakin özü ilə silah və patron gətirmədi. Mahir gəldikdən sonra Ramin gizləndiyi yerdən çıxdı. Bundan sonra Tural stolun üstündəki bıçağı götürdü və həyətdəki ipi kəsdi. Həmin iplə Raminin əl-ayağını bağladı. Əl-ayağını bağlayandan sonra Tural anama zəng etdi. Bir qədər sonra anam və qardaşım gəldilər. Anam gələndən sonra qayınanam da gəldi. Bundan sonra qayınatam uşaqları da götürərək öz evinə getdi. Ramini buraxmasını, özünün həyatını məhv etməməsini desəm də, Tural həmin evdən Raminin meyitinin çıxacağını dedi. Raminin evdə olmasını Tural saat gecə 3 radələrində bildi. Saat 6 radələrinə qədər Ramin sağ olub. Həmin müddət ərzində qayınatam yenidən bizə gəldi. Lakin evə girmədi, həyətdə oldu. Ramini həyətdəki mətbəxə Tural aparıb və aparanda asmağa apardığını dedi”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tural 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Digər təqsirləndirilən Mahirin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza alıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi hökmdən apellyasiya şikayəti verib. O, hər iki təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılmasını istəyib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hüquqi varis tərəfindən verilən şikayət təmin olunmayıb. Bundan sonra o, Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət edib.

Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.

Seçilən
2
2
teleqraf.com

3Mənbələr