AZ

İran-İsrail savaşında Ukrayna gedir iddiası - iki baxış

Bu gün, 08:52

İran-İsrail savaşı fonunda Ukrayna 2022-ci ildən bəri ilk dəfə olaraq ABŞ-dan gözlədiyi hərbi təchizatdan məhrum olması riski ilə üzləşib. Kiyev hərbi əməliyyatları davam etdirə bilmək, arsenalını artırmaq üçün alternativ yollar axtarmağa məcburdur. Bu barədə “The Dayli Telegraph” yazıb.
Bundan əlavə, münaqişə başlayandan Kiyev Amerikanın HIMARS, ATACMS və “Patriot” hava hücumundan müdafiə sistemlərinə arxalanır ki, bu sistemlər də köhnəlməkdə və Rusiyanın hipersəs raketlərinə və İranın pilotsuz təyyarələrinə qarşı effektivliyini itirməkdədir.
Xarici mediada iddia olunur ki, ABŞ artıq Ukraynanı taleyin ümidinə buraxmaq niyyətini təsdiqləyib. Ötən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Konqresdə keçirilən dinləmələrdə deyib ki, Rusiyaya qarşı mübarizə indi Avropanın problemidir. “Genişmiqyaslı müharibə zamanı Ukrayna ABŞ-dan təxminən 74 milyard dollar hərbi yardım alıb. Kiyev üçün acı nəticə ondan ibarətdir ki, onun ən güclü və ən zəngin müttəfiqi ondan əl çəkib. Lakin Avropa liderləri dəfələrlə söz verib ki, döyüşmək üçün lazım olanı Ukraynaya verəcəklər. Təəssüf ki, praktikada Avropa yerinə yetirməkdən daha çox vədlər verir”.
Bu iddialar nə dərəcədə əsaslıdır? ABŞ İsrailə görə Ukraynanın arxasından çəkilir? Yeni savaş Kreml üçün bir fürsətdirmi?
Əli Orucov: "Mən üzərimə böyük məsuliyyət götürdüyümün fərqindəyəm..." -MÜSAHİBƏ
Əli Orucov
Siyasi şərhçi Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-ın yeni  prezidenti Donald Trampın Ukrayna-Rusiya müharibəsi ilə bağlı sərgilədiyi qeyri-sistematik və loyal mövqe Kremlin əlini gücləndirir: “Ağ Ev rəhbəri Ukraynadan istədiyini təzyiq vasitəsilə aldı. Mineral torpaqların istismarını və digər sövdələşmələri əldə etdi. Kremllə də əlverişli bazarlığa nail olacağını demək olar ki, təmin edib. Həmçinin Qərblə ənənəvi siyasətində də ciddi dəyişikliklər müşahidə olunur. Vaşinqtonu indi daha çox ticari maraqların təmin edilməsi düşündürür. Onun üçün tarixən kök salmış liberal dəyərlər, qlobal təhlükəsizlik, beynəlxalq hüquq və prinsiplər arxa planda olduğundan siyasətin ana xətti də dəyişib. Bu gün Tramp üçün Yaxın Şərq bölgəsi daha vacibdir. Bu həm Ağ Evin masa üzərindəki Yaxın Şərq projesinin həyata keçirilməsi, həm regionun geostrateji əhəmiyyəti, həm də zəngin təbii resurslara tam nəzarət sahib olmaq üçün lazımdır. Rusiyanın müharibə səbəbindən Yaxın Şərqdən çəkilməsi və mövqelərini itirməsi bunun müqabilində Çinin  bölgədə fəallaşması Trampın diqqətini Ukrayna müharibəsindən daha çox həmin bölgəyə yönəldir.  Həm də Ukrayna Rusiya müharibəsi Birləşmiş Ştatların deyil, Avropanın təhlükəsizliyini təhdid edir. Ona görə də həmin problemləri Avropa üzərinə yükləyir”.
Əli Orucov qeyd etdi ki, Tramp havayı olaraq, hər hansı bir bədəl ödənilmədən Avropanın təhlükəsizlik çətiri olmaq istəmir: “O fikirini açıq ifadə edir: pul ödəyin, sizi qoruyaq. Həmin prinsip İsraildən kənar Yaxın Şərq ölkələri üçün, digər marağı olan dövlətlər üçün də dəyişməzdir. İran-İsrail müharibəsi Kreml üçün göydəndüşmə bir fürsət oldu ki, Birləşmiş Ştatlarla əlverişli sövdələşməyə getsin. Məlum olduğu kimi, İsrail Tramp üçün vazkeçilməz dövlətdir. Ehtimal ki, Rusiyanın bu sövdələşmədəki növbəti qurbanı İran olsun və əvəzində Ukraynanı qazansın. Ukrayna Rusiyanın böyük ambisiyalarının həyata keçirilməsi üçün əsas maneədir və bu maneənin dəf edilməsi Kremlin yolunu açmış olur.  ABŞ-ın Ukraynanın arxasından çəkilməsi Avropanı da çətin duruma salır. Trampın istəyi odur ki, Avropa ona minnətçi düşsün”.
Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
Məhəmməd Əsədullazadə
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirdi ki, İsrailin İrana hücumu beynəlxalq siyasi nizamda ciddi dəyişikliklər yaradır. Xüsusilə Rusiya-Ukrayna müharibəsində prezident Tramp Ukraynaya hərbi yardımı dayandıra bilər: “Donald Tramp üçün Rusiya-Ukrayna müharibəsi həlledici deyil. Halbuki ABŞ dövləti üçün strateji olaraq Ukraynadakı müharibə önəmlidir. Çünki ABŞ-ın tək beynəlxalq güc olması məhz bu müharibənin nəticəsindən asılıdır. ABŞ Əfqanıstanda, İraqda müharibə apardı. İrandakı müharibə də həmin müharibələrin analoji davamıdır. Amma Vaşinqtonun beynəlxalq taleyi İranda deyil, Ukraynada həll edilir. Çünki onun qarşısında beynəlxalq güc olmaq istəyən Rusiya kimi rəqibi var. Bu məsələdə İran ABŞ-nin rəqibi deyil. Məhz Rusiya Ukraynaya ABŞ-nin fövqəldövlət statusunun zəifləməsi. Özünün isə fövqəldövlət statusuna yiyələnməsi üçün hücum edib. Tramp sionist ideologiyasını rəhbər tutaraq İsrailin təsiri altında siyasətini İrana yönəldib. Bu da onun beynəlxalq siyasəti bilmədiyi və ətrafında təsadüfi şəxslərin olmasından irəli gəlir. Trampın yanlış siyasəti proseslərin Ukrayna və ABŞ üçün mənfi istiqamətə inkişaf edə biləcəyini göstərir. Belə vəziyyətdə udan tərəf Rusiya ola bilər”.
Ekspertin qənaətincə, Rusiya fövqəldövlət olarsa, ABŞ Avropadan və hətta Yaxın Şərqdən çıxacaq: “Ola bilər ki, Tramp və Putin arasında olan son telefon danışığında tərəflər İran və Ukrayna məsələsində anlaşıb. Ona görə də Rusiya İran məsələsində neytral qalır, ABŞ isə Ukraynaya silah vermir. ABŞ Ukraynaya silah yardımını dayandırsa, bu, Rusiyanın əhəmiyyətli şəkildə irəliləyişlərinə gətirib çıxara bilər. Tramp istəyir ki, Avropa Ukraynaya hərbi yardımlar etsin. Lakin ABŞ Konqresi prezident Trampa təzyiq edə bilər. Çünki onun xətti ABŞ-ın beynəlxalq siyasətini təhdid edir. Təbii ki, Böyük Britaniya, Almaniya və Fransa Rusiyaya Ukraynanı əzməsi üçün ABŞ-ın dəstəyi olmadan da asanlıqla imkan verməyəcəklər”.

Seçilən
14
32
Reportyor.tv

10Mənbələr