BAKI, TurkicWorld
Hər cür ssenariyə qarşı hazırlıqlıyıq.
TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin İrana qarşı son hücumlarının bölgədə yaratdığı gərginlik fonunda ölkəsinin təhlükəsizlik və sabitlik üçün bütün ssenarilərə hazır olduğunu bildirib.
AK Partiya qrup toplantısında çıxış edən Ərdoğan, “Dostlarımız İranı hədəf alan terror aktlarının Türkiyəyə mümkün təsirləri ilə bağlı ayıq-sayıqdır. Hər cür neqativə, hər cür ssenariyə qarşı hazırlıq görmüşük və görməyə davam edirik,” – deyə qeyd edib.
O, “Terrorsuz Türkiyə” vizyonunun reallaşması üçün əməkdaşlıq və milli birlik çağırışı edərək, xüsusilə ana müxalifət partiyasını sağlam düşüncə ilə hərəkət etməyə səsləyib.
Prezident Ərdoğan çıxışında Qəzzada davam edən İsrail hücumlarını İkinci Dünya Müharibəsi zamanı baş verən Holokostla müqayisə edərək, İsrail Baş naziri Benyamin Netanyahunun "Hitleri geridə qoyduğunu" bildirib. O, Netanyahunun törətdiyi qətliamlar səbəbilə gec-tez beynəlxalq ədalət qarşısında cavab verəcəyinə ümid etdiyini deyib.
İsrailin İranda həyata keçirdiyi son hücumlara toxunan Ərdoğan, bu hərbi əməliyyatları “dövlət terroru” kimi dəyərləndirib və İranın özünü müdafiə etməsinin “qanuni və təbii bir haqq” olduğunu vurğulayıb.
Ərdoğan, Birləşmiş Millətlər də daxil olmaqla beynəlxalq qurumların bu hücumlar qarşısında susqunluq nümayiş etdirdiyini qeyd edib və bu səssizliyin dolayısı ilə İsrailin təcavüzkar hərəkətlərinə dəstək kimi dəyərləndirilməli olduğunu bildirib.
Prezident əlavə edib ki, baş verən hadisələr fonunda Türkiyə bir dövlət kimi bütün imkanları və tarixi təcrübəsi ilə vəziyyəti diqqətlə izləyir və idarə edir. “Biz ərzaq dükanı deyil, dünyanın ən böyük ölkələrindən biri olan Türkiyə Respublikasını idarə edirik,” – deyə vurğulayıb.
Qeyd edək ki, İsrailin iyunun 13-də İrana qarşı həyata keçirdiyi hücumlar bölgədə gərginliyi daha da artırıb. Hücumlar nəticəsində İranın yüksək səviyyəli hərbçiləri və nüvə alimləri həyatını itirib, yüzlərlə insan ölüb və yaralanıb. İranın ballistik raketlərlə cavab verməsi münaqişənin genişlənməsi ilə bağlı beynəlxalq narahatlıqları artırıb.