AZ

Həsən Xıdırov: “Uçuruma aparan yol” filmi insan alverinin dəhşətlərini daha geniş auditoriyaya çatdıracaq”

Bir müddət öncə İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Uçuruma aparan yol!” adlı layihə həyata keçirdiyi barədə məlumat yaymışdı. Bildirilirdi ki, layihə çərçivəsində eyniadlı qısametrajlı film hazırlanıb. İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədr müavini və layihə rəhbəri Həsən Xıdırov  layihənin gedişi və “Uçuruma aparan yol!” filmi ilə bağlı saytımızın suallarını cavablandırıb.

Həsən müəllim, “Uçuruma aparan yol!” filmi nədən bəhs edir?

-İlk növbədə qeyd edim ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “Uçuruma aparan yol!” layihəsinin əsas məqsədi hökumətin insan alverinə qarşı apardığı mübarizədə vətəndaş cəmiyyətinin rolunu artırmaqdır. Bu gün insan alverinin əhatə dairəsi, istiqamətləri genişdir. Təkcə qadınlar deyil, kişilər də insan alverinin qurbanı olurlar. Gənclərimizi "xaricdə ali təhsil", "gözəllik yarışlarında iştirak", "sərgəli karyera", "yüksək məvacibli iş" kimi vədlərlə şirnikləşdirib ölkədən çıxarıb, insan alverinə qurban edirlər. Daxili İşlər Nazirliyinin təşkilati dəstəyi ilə ərsəyə gələn filmin təqdimatını Sumqayıt şəhərində  keçirməyi planlaşdırırıq. Eyni zamanda filmin youtube və digər sosial şəbəkələr üzərindən də geniş şəkildə yayımı reallaşdırılacaq. Çəkdiyimiz qısametrajlı film televizya kanallarına da təqdim olunacaq. Filmdə qurbanların acı talelərini göstərməklə bərabər, Azərbaycan polisinin işinə necə məsuliyyət və şərəflə yanaşdığını nümayiş etdirmişik.

Təşkilatınız bu günə qədər insan alveri ilə bağlı hansı layihələr həyata keçirib?

-İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı 2004-ci ildə təsis olunub və artıq 21 ildir ki, insan alverinə qarşı mübarizə sahəsi üzrə davamlı olaraq layihələr və maarifləndirici tədbirlər həyata keçirir. Bizim təşkilat bu illər ərzində həm DİN-in, həm də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə müxtəlif layihələr həyata keçirib. Ərsəyə gətirdiyimiz 6 bölmədən ibarət “İfşa” və 10 bölümdən ibrət “İfşa-çətin hədəf” serialı Azərbaycanda insan alverinə qarşı çəkilmiş yeganə serialdır. Bu filmlər telekanallarda nümayiş etdirilib. Xarici mətbuatda da bu seriallar barədə məlumatlar gedib. Seriallarda Azərbaycan polisinin insan alverinə qarşı cəsarətli mübarizəsi öz əksini tapıb. Eyni zamanda təşkilatımız insan alverindən bəhs edən ondan çox video-çarx və qısametrajlı filmlər də çəkib.


Nə üçün insan alverinə qarşı maarifləndirici xarakterli tədbirlərin daha çox sosial şəbəkələrdə həyata keçirilməsinin tərəfdarısınız?

-Bu gün insan alveri ilə məşğul olan şəbəkələr öz çirkin niyyətlərini daha çox sosial şəbəkələr vasitəsi ilə həyata keçirirlər. İnsan alverinin potensial qurbanları da məhz sosial şəbəkə istifadəçiləridirlər. Ölkəmizdə az qala hər kəsin qoşulduğu sosial şəbəkələr vasitəsi ilə maarifləndirici layihələr həyata keçirmək bu gün daha effektlidir. Bu günə qədər həm mənim təmsil olunduğum təşkilat, həm də digər QHT-lər qeyd olunan mövzularla bağlı müxtəlif layihələr icra edib, tədbirlər həyata keçirib. Düşünürəm ki, problemin, təhlükənin daha geniş auditoruyaya çatdırılmasına ehtiyac var. Bunun da ən yaxşı yolu filmlər, sosial çarxlar çəkərək mətbuatda, sosial şəbəkələrdə paylaşmaq, təbliğ etməkdir. Düşünürəm ki, çəkdiyimiz növbəti qısametrajlı filmi də geniş kütləyə təqdim edə biləcəyik.  
 

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının çəkdiyi filmlərin hər birində polisinin qəhrəmanlığı xüsusi olaraq nümayiş etdirilir. Bununla bağlı nə deyə bilərsiniz? 

-İnsan alverinə qarşı mübarizəyə dair Milli Fəaliyyət Planında qeyd olunub ki, Daxili İşlər Nazirliyi, bu sahədə ixtisaslaşmış  Qeyri-Hökumət Təşkilatları, bölgələr üzrə fəaliyyət göstərən sosial işçilər, kütləvi informasiya vasitələri insan alverinə qarşı mübarizəyə dair maarifləndirmə işlərində ən vacib və aparıcı qüvvələrdir. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə  Baş İdarəsi daima qeyd edilən məsələlər üzrə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq edir, maarifləndirmə işlərinin aparılmasında birgə fəaliyyət göstərirlər. Bütün dönəmlərdə dövlətinə, xalqına sədaqətlə xidmət edən Polis hər zaman öz ali rəhbərinin yanında olub. Biz həm pandemiya zamanı, həm də Vətən müharibəsi vaxtı bunun əyani şahidi olduq. Ən əsas məsələlərdən biri odur ki, dövlətinə sədaqətlə xidmət edən Azərbaycan polisi bütün dünya ölkələrinin polislərinə nümunə kimi göstərilir. Bu gün Azərbaycan polisinin və digər hüquq mühafizə orqanlarının fəaliyyətinin nəticəsidir ki, ölkədə sabitlik, əmin-əmanlıq hökm sürür.

Seçilən
4
sabahinfo.az

1Mənbələr