BAKI, 19 iyun. TELEQRAF
"Bu gün burada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamənin imzalanması nəzərdə tutulur".
Teleqraf xəbər verir ki, bu sözləri Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin məhkəmə şuralarının 3-cü iclası və Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransda deyib.
"Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülmüş və yüksək qiymətləndirilmişdir. Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq. Bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq.
Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək", - İ.Kərimov qeyd edib.