AZ

Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmirəm - Tramp

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp İrana hücum edib-etməmək barədə hələ yekun qərar vermədiyini, lakin Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Tramp “Yuventus” komandasını Oval Ofisdə qəbul edərkən İsrail-İran gərginliyi ilə bağlı yeni qiymətləndirmələr edib.

İsrailin İrana hücuma başladığı günə toxunan Tramp, gərgin və dağıdıcı bir gecənin keçdiyini və münaqişənin bundan sonra daha da artdığını bildirib.

İrana hücum edib-etməməsi ilə bağlı ABŞ prezidenti "Nə edəcəyimlə bağlı fikirlərim var, lakin hələ son qərarı verməmişəm. Son saniyəyə qədər son qərarı vermək istəyirəm. Çünki müharibədə hər şey dəyişir" deyib.

ABŞ-ın Yaxın Şərqdəki münaqişəyə cəlb edilib-edilməməsi ilə bağlı Tramp “Mən bu münaqişəyə qarışmaq istəmirəm” - deyə qeyd edib.

Bölgədəki vəziyyəti yaxından izlədiklərini ifadə edən Tramp, “Bir azdan Situasiya Otağında (İsrail-İran məsələsində) görüşəcəyik” deyib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Seçilən
9
turkic.world

1Mənbələr