AZ

“O danışıqlarda İranın gələcəyi də müzakirə olunub...”

“İranda çox ziddiyyətli bir mənzərə yaranıb ki, bu da mənə SSRİ-nin son dövrünü yada salır. Sonradan məlum olurdu ki, bir çox dağıdıcı, təxribat addımlar “KQB”-nin özü tərəfindən atılırdı. Bu gün İranda da sanki hansısa dövlət strukturunun sıradan çıxması üçün ardıcıl addımlar atılır...”
 
“Hesab edirəm ki, əslində bu, İsraillə İran arasında bir neçə ildir ki, başlanmış müharibənin növbəti mərhələsidir. İkincisi bu gərginliklə yanaşı, İran rəhbərliyi ABŞ-la yüksək səviyyədə danışıqlar aparırdı. Və həmin danışıqlar yalnız nüvə proqramını əhatə etmirdi. Çünki bu danışıqların digər bir formatı vardı: “6+1” və orada geniş müzakirələr mövzusu mövcud idi. İstistna etmirəm ki, İrandakı bəzi siyasi qüvvələrin ABŞ tərəfi ilə təmaslarında artıq İranın gələcəyi barəsində müxtəlif fikirlər səsləndirilirdi. Məhz ona görə də biz gördük ki, İsrail və ABŞ arasında mövqelər fərdlənirdi. Hətta Bayden dönəmində İsrail tərəfi açıq çəkildə Ağ Ev administrasiyasını tənqid edirdi. Tramp administrasiyası gələndən sonra gördük ki, ilk təmaslardan sonra hansısa mərhələdə yenə də fikir ayrılıqları üzə çıxdı. Hətta indiki mərhələdə də bu mövqelərin fərqliliyi görsənməkdədir. ABŞ özünü elə göstərir ki, guya son İsrail hücumlarının tərəfdarı olmayıb. Hətta Trampın guya Xameneyinin öldürülməsinə veto qoyması haqda məlumat da yayıblar. Bu da bir növ ona işarədir ki, İran-ABŞ təmaslarında, danışıqlarında İranın gələcəyi də müzakirə olunub”.
 
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri +Moderator.az əməkdaşının “İsrailin İrana təcavüzünün ilk günlərində İranın hərbi rəhbərliyində baş verən gözlənilməz itkilərin səbəbləri və mahiyyəti haqda nə deyə bilərsiz?” sualını cavablandırarkən dilə gətirib.
 
“İran onsuz da böyük dəyişikliklər ərəfəsində idi. Ali dini rəhbərin dəyişməsi, onun varisinin kim olması, keçmiş prezidentin vertolyotda qəzaya uğraması və s. göstərirdi ki, İran elitasının nümayəndələri fərqli mövqelərdədirlər. Hətta mən belə bir məsələni qeyd edərdim ki, son illərdə “SEPAH”-ın kurasiya etdiyi mövzularda, layihələrdə ardıcıl şəkildə böyük problemlər ortaya çıxmağa başlamışdı. İranın Yaxın Şərqdəki müqavimət cəbhəsi addımbaaddım dağıdıldı: “HƏMAS”, “Hizbullah”, Suriyada olan qüvvələr və s. Digər məsələ daxildə təhlükəsizliyin təmin olunması da böyük problem kimi ortaya çıxdı. Belə ki, Tehranın mərkəzində dövlətə aid binada “HƏMAS”-ın rəhbəri öldürüldü. İndi də biz görürük ki, hərbi rəhbərlik sanki elə daxildən sifarişlə aradan götürülüb. Hətta belə məlumatlar yayılıb ki, İsrailin ilk hücum etdiyi gecə İran rəhbərliyi daxilində kimlərsə “SEPAH”-ın öldürülmüş generallarını bilərəkdən birlikdə heç planlaşdırılmamış iclasa çağırıb onların birlikdə məhvinə şərait  yaradıblar. Digər tərəfdən də “SEPAH”-ın və digər qurumların təhlükəsizlik sistemini təmin etmək vəzifəsini yerinə yetirə bilməməsi də göz qabağındadır. Onu da bilirik ki, digər dövlət qurumları, məsələn, İran Müdafiə nazirliyi “SEPAH”-la açıq rəqabət aparırdı. Qərbin sanksiyalarına rəğmən neftin dolayı yollarla satışından külli miqdarda pullar qazanılıb. İranlıların sosial şəbəkələrdə yayılan paylaşımlarını izləsək, görərik ki, İranın ali rəhbərləri, “SEPAH” liderlərinin və s. övladlarının, digər ailə üzvlərinin dünyanın müxtəlif ölkələrində eyş-işrət içərisində yaşamasını göstərən faktlar, görüntülər var. Bir sözlə, İranda çox ziddiyyətli bir mənzərə yaranıb ki, bu da mənə SSRİ-nin son dövrünü yada salır. Sonradan məlum olurdu ki, bir çox dağıdıcı, təxribat addımlar “KQB”-nin özü tərəfindən atılırdı. Bu gün İranda da sanki hansısa dövlət strukturunun sıradan çıxması üçün ardıcıl addımlar atılır. Odur ki, buradakı proseslər ilk baxışda göründüyündən daha mürəkkəbdir və İsraillə müharibədə kimin reallıqda hansı oyunlar oynadığı aydın deyil”, -deyə davamında sabiq baş diplomat vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
2
moderator.az

1Mənbələr