AZ

Əxlaqsızlıq nə vaxtdan azadlıq sayılmağa başlandı?

Söz azadlığı, bəzən ifadə azadlığı kimi qeyd olunur. Bu isə bir düşüncənin, inancın, davranışın və ya duyğunun hər hansı zorakılıq olmadan bəyan edilməsi, yaxud xarici aləmə ifadə edilməsi deməkdir.

Yəni, hər kəsin öz fikir və mülahizələrini söz, yazı, şəkil və ya digər vasitələrlə ifadə etmək və yaymaq hüququ var.

Fikir və söz azadlığı başqa insanların ləyaqətini alçaltmadıqca, dövlət təhlükəsizliyinə xələl gətirmədikcə, zərərli vərdişlərə təhrikə səsləmədikcə toxunulmazıdır.

Qanunla bilinən söz azadlığı bu müddəalardan ibarətdir. Bəs biz cəmiyyət olaraq nə qədər azad söz və fikrə sahibik? 

Söz azadlığı adı verdiyimiz ədəbsizlikdir, sərbəstlikdir, yoxsa insanın nə istəsə ifadə edə bilməsi düşüncəsidir? 

Bir zamanlar söz azadlığı, xalqın səsini eşitdirmək üçün istifadə edilən silah növlərindən biri idi və haqsızlıqlara qarşı mübarizənin, ədalət uğrunda səs qaldırmağın, azad düşüncənin sinonimi sayılırdı.

Bu gün isə, təəssüf ki, o, sadəcə ədəbsizliyin təbliği və şəxsi komplekslərin nümayişinə çevrilib.

Sosial şəbəkələrin aktiv olduğu bir vaxtda gözümüzün görmədiyi, qulağımızın eşitmədiyi şey qalmayıb. Düşünün ki, biri çıxır və ya bir toplum dəyərlərini alçaldır. Ardınca isə şablon olaraq müdafiə forması gəlir, "Bu mənim söz azadlığımdır".

Bəs belədirsə, bizim azadlığımız nədir? Danışanda da deyirlər ki, xoşun gəlmir, baxma. Axı hər yerdəsiniz. Bir tərəfdən üzümüzü çevirib qulağımızı tutsaq, digər tərəfdən oturmusunuz həyatımızın tam mərkəzində. Azadlıq və əxlaq arasındakı incə xətti qatıb-qarışdırmısınız biri-birinə. Hara gedək sizin əlinizdən? Uşaq demədən, böyük demədən, ağzınıza nə gəldi danışırsınız. Səbəb kimi də bildirilir ki, bu mənim şəxsi profilimdir, istədiyim hər şeyi danışıb, paylaşa bilərəm. Olmaz ki, bunu çərçivələri aşmadan edəsiniz?

Bugünkü cəmiyyət sosial şəbəkələrdə, ədəbsizliyi azad söz kimi təqdim etmək xəstəliyinə tutulub. Təhqir, alçaltma, küçə leksikonu, şəxsi hücumlar, ədəbsiz ifadələr, təhqirlər və daha nələr, nələr...

Bir vaxtlar utanc gətirəcək ifadələr bu gün sosial şəbəkələrdə “trendlər”ə çıxır. Səbəb isə sadədir. Kim daha sərt, daha radikal və daha kobud danışırsa, diqqət onadır. Bu da cəmiyyətdə mədəni və düşüncəli insanların susmasına, səsin isə təhqir sahiblərinə keçməsinə səbəb olur. Onlar da utanmaz-atanmaz özləri ilə fəxr etməyə öyünməyə başlayırlar.

Təbii ki, dediklərim hər kəsə aid deyil. Sosial şəbəkələrdə gözəl təbliğat aparanlar da az deyil. 

Bəli, razıyam, söz azadlığı çox vacib məsələlərdən biridir. O olmasa, insanın düşüncə tərzi inkişaf etməz, cəmiyyətdə korlaşma baş alıb gedər. Amma bu azadlıq özbaşınalıqla səhv salınanda məcbur qalırıq ki, oturub azadlıqdan yox, inkişafdan yox, tənəzzüldən danışaq.

Çünki azadlıq təkcə danışmaq haqqı deyil, eyni zamanda qarşındakı şəxsə və onun düşüncələrinə hörmət etmək məsuliyyətidir. Bütün bu edilənlər isə, sadəcə, mədəniyyətsizlikdir.

Bütün bunlara nəzər saldıqda görürük ki, ədəbsizlik daha çox görünür, daha çox paylaşılır, daha çox normallaşır. Belə olduqda, anormal olan halları da normal adı ilə cəmiyyətin beyninə kodlamağa çalışırlar.

Əlbəttə, bunun çarəsi senzura deyil. Amma çarə tərbiyə, maarifləndirmə və ictimai qınaqdır. Biz öz aramızda bir standart qoymağı bacarmalıyıq. Nəyi demək olar, nəyi olmaz, necə danışmaq olar, necə danışmaq olmaz.

Ədəbsizliyə azadlıq deyənlər də əslində, azad düşüncə mədəniyyətini baltalayanlardır. Bu isə sərhədsiz hörmətsizliyin təbliğatına gətirib çıxaran başlıca səbələrdən biridir.

Görəsən, nə vaxtdan əxlaqsızlıq "sərbəstlik" sayılmağa başlanıldı?

Maraqlıdır, əgər bu azad  fikirdirsədirsə, o zaman fikir ilə təhqir arasındakı fərq nədir, nədən ibarətdir?

Onda belə çıxır ki, hər alçaldıcı ifadəni "azad düşüncə" kimi qəbul etsək, sabah zorakılığı da "öz həyat tərzi" deyə müdafiə etməliyik?

Əslində bu tendensiya bir şeyi sübut edir ki, biz mədəni şəkildə fikir bildirməyi, intellektual debat aparmağı öyrənməmişik. Nə vaxt ki, arqument tükənir, faktlar tükənir, o vaxt dil ədəbsizliyə keçid edir. Bu cür davam etməkdə olsaq, sonumuzun necə olacağını təsəvvür belə etmirəm. 

Əgər belə davam edəcəksə, ictimai dialoq deyilən anlayış da məhv olub, sıradan çıxacaq.

Ən acınacaqlısı isə odur ki, təhqiramiz paylaşım edən şəxslər viral olur, izləyici qazanır və özünü "haqqın carçısı" kimi təqdim edir.

Halbuki bu adam, çox zaman öz içindəki zəhəri cəmiyyətə qusmaqla məşğuldur.

Əgər biz söz azadlığını və cəmiyyəti qorumaq istəyiriksə, ilk növbədə onu ədəbsizliyin əlindən xilas etməliyik. "Söz azadlığı" ifadələrinə susaraq onu normallaşdırmamalıyıq.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr