BAKI, TurkicWorld
İsrail ilə İran arasında gərginliyin 7-ci gündə də silahlı qarşıdurma ilə davam edir.
TurkicWorld xəbər verir ki, səhər saatlarında İran Tel-Əvivə balistik raketlər atıb, şəhərdə güclü partlayış səsləri eşidilib.
İsrailin Daxili Cəbhə Komandanlığı əhalini sığınacaqlara keçməyə çağırıb.
“Terrorçu tiranlar Soroka xəstəxanasına və mülki insanlara raket atdı. Bunun ağır bədəlini ödəyəcəklər”- deyə İsrailin Baş naziri Benyamin Netanyahu sosial şəbəkədə yaydığı açıqlamada deyib.
İsrail Xarici İşlər naziri Gideon Saar isə Soroka xəstəxanasının bilərəkdən hədəf alındığını və bunun bir müharibə cinayəti olduğunu bildirib.
İran mediası bu gün səhər baş tutan hücumun əsas hədəfinin İsrail Müdafiə Ordusunun Komanda və Kəşfiyyat (IDF C4I) qərargahı və hərbi kəşfiyyat düşərgəsi olduğunu açıqlayıb.
İsrail ordu radiosunun məlumatına görə, hücum zamanı bir neçə nöqtədə insanlar dağıntılar altında qalıb. Tel-Əvivin şərqində yerləşən İsrail Borsa binası da raketlə vurulub. İranın rəsmi agentliyi bildirib ki, hücumda İsrailə aid hərbi infrastruktur dəqiq şəkildə hədəf alınıb. Agentlik Soroka xəstəxanasının birbaşa hədəf olmadığını, lakin partlayış dalğasından zərər gördüyünü açıqlayıb.