Yaxın keçmişin məşhur futbolçusu Ernan Krespo Braziliyanın "San-Paulu" klubunun baş məşqçisi olub.
Offsideplus.az xəbər verir ki, 49 yaşlı argentinalı çalışdırıcı 2026-cı ilin sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.
O, 12 oyundan sonra komandanın Braziliya çempionatında 14-cü yerə yuvarlanmasına səbəb olan həmyerlisi Luis Subeldiyanı əvəzləyib.
Bu, Kresponun "San-Paulu" qayıdışı kimi yadda qalıb. O, 2021-ci ildə sözügedən komandaya San-Paulu ştatının çempionluğunu qazandırıb.
"San-Paulu"dan ayrıldıqdan sonra Qətərin "Əl-Duhail" və Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klublarında işləyib.
Qeyd edək ki, vaxtilə "Parma", "Latsio", "Milan", "İnter" və "Çelsi"dəki parlaq oyunu ilə seçilən ulduz hücumçu 3 dəfə İtaliya, 1 dəfə isə İngiltərə çempionu olub, UEFA Kubokuna sahib çıxıb. Ernan Krespo Argentina yığmasında keçirdiyi 64 matçda 35 qol vurub.