Bakı, 19 iyun, AZƏRTAC
Bu gün Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə Şuraları Şəbəkəsinin yaradılması barədə Əsasnamənin imzalanması nəzərdə tutulur. Bu təşəbbüs ilk dəfə 2024-cü ilin may ayında İstanbulda keçirilən görüşdə irəli sürülüb və yüksək qiymətləndirilib. Bu gün həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır. Hesab edirəm ki, Əsasnamənin imzalanması ilə tərəfdaş dövlətlər arasında məhkəmə-hüquq sahəsində çoxtərəfli və davamlı əməkdaşlığın hüquqi əsası yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Məhkəmə Şuraları sədrlərinin 3-cü iclasında çıxış edərkən deyib.
İnam Kərimov bildirib ki, bu çərçivədə birgə layihələrin icrası, elmi-tədris proqramlarının təşkili, hakimlərin etik və peşəkar hazırlığı, ortaq hüquqi tədqiqatların aparılması və davamlı təcrübə mübadiləsi üçün etibarlı bir platforma formalaşdırılacaq: "Bu proses türk dövlətlərinin ortaq hüquq mədəniyyətinin daha da dərinləşməsinə, ədalət və qanunun aliliyi prinsiplərinin geniş təbliğinə mühüm töhfə verəcək. Eyni zamanda, tədbir çərçivəsində nəzərdə tutulan mədəni proqramlar da hüquqi dialoqun mədəni zəmin üzərində qurulması baxımından əlamətdar olacaq. Qonaqlarımız Azərbaycanın tarixi və mədəni irsi ilə tanışlıq imkanına malik olacaqlar. Bu səfərlər ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə və mədəni əlaqələrin inkişaf istiqamətində yeni üfüqlər açacaq. Türk dövlətlərini birləşdirən dərin tarixi köklər və ortaq hüquqi-mədəni irs bu gün də əməkdaşlığımızın möhkəm təməlini təşkil edir. Əsrlər boyu bu xalqlar arasında formalaşan ədalət və dövlətçilik ənənələri bizi vahid dəyərlər ətrafında birləşdirir. Ümidvaram ki, Bakı görüşü türk dövlətləri arasında hüquqi həmrəyliyin gücləndirilməsi, məhkəmə-hüquq sistemlərinin yaxınlaşdırılması və ortaq gələcəyimizin möhkəmləndirilməsi istiqamətində mühüm bir mərhələ kimi tarixə düşəcək", - deyə İnam Kərimov vurğulayıb.