AZ

Daha 5 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi davam edir - VİDEO

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Masallı rayonunda uzunluğu 23 km olan Xıl–Sirəbil–Çayqıraq–Molalan–Allahyarlı marşrutu üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri davam etdirilir. 

AAYDA-dan "Unikal"a verilən məlumata görə, layihənin məqsədi yolboyu yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, yük və sərnişin daşımalarını asanlaşdırmaqdır.

Tikinti işləri layihəyə uyğun şəkildə, texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur. Əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb edilib. Əvvəllər yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

“İnşaat Norma və Qaydaları”na əsasən, artıq 8,2 km uzunluğundakı Xıl–Sirəbil hissəsində torpaq işləri yerinə yetirilib, suötürücü boruların quraşdırılması isə son mərhələdədir. Molalan (3,5 km) və Allahyarlı (6,4 km) hissələrində torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması başa çatıb.

Layihəyə əsasən, Molalan (2,9 km-də) və Çayqıraq (1,1 km-də) hissələrində mövcud körpülərin təmiri, Xıl–Sirəbil hissəsində isə (6,7 və 6,9 km-də) iki yeni körpünün inşası nəzərdə tutulub.

Tikintinin son mərhələsində yol nişanlarının quraşdırılması və üfüqi nişanlama xətlərinin çəkilişi aparılacaq.

Bütün işlər yekunlaşdıqdan sonra avtomobil yolu müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Seçilən
0
6
unikal.az

7Mənbələr