AZ

“İsrailin İrana təcavüzünün bu mənada Ukraynadakı savaşa müsbət təsiri oldu...”

“Hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq Avropa koalisiyası Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini davam etdirməklə Rusiyanın öz çirkin məqsədlərinə çatmasına imkan verməyəcək...”
 
“Rusiya-Ukrayna müharibəsi başlanandan bəri Rusiya Federasiyası, Putin administrasiyası planetin müxtəlif məkanlarında münaqişə ocaqlarının yaranmasında maraqlıdır. Kreml öncə Balkanlarda, Moldovada münaqişələr yaratmağa çalışdı, ancaq bu, baş tutmadı. 2023-cü ildə İsrail-“HƏMAS” qarşıdurması başlanandan sonra isə Rusiya-Ukrayna savaşı üçün gündəm dəyişdi, Ukrayna Qərbin diqqətindən bir qədər yayındı, amma yenə də ABŞ-dən, Avropadan dəstək verməkdə davam edirdi”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Sizcə, İsrail-İran savaşı Ukraynadakı proseslərə necə təsir göstərməkdədir?” sualını cavablandırarkən beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ifadə edib. 
 
“Hazırkı İsrail-İran müharibəsi Ukrayna cəbhəsinə əsasən bir məsələdə təsir göstərə bilər. Bilirsiz ki, İran Rusiyaya Ukrayna ərazilərinə hücum üçün dronlar verirdi.  Həmin dronlarla isə Putin ordusu əsasən Ukraynanın mülki yaşayış binalarına və infrastrukturuna hücumlar edir və nəticədə ölkənin dinc vətəndaşları həlak olur, yaralanır. İndiki halda isə artıq İranın Rusiyaya hərbi yardımı, o cümlədən də PUA-lar çatdırması mümkün olmayacaq. Bu isə Ukrayna üçün müsbət təsirdir, müsbət hadisədir. Amma İsrailin İrana təcavüzünün Ukrayna üçün mənfi tərəfi o ola bilər ki, hazırda dünya üçün, o cümlədən Qərb dairələri üçün gündəm dəyişib.  Amma Rusiya isə əksinə, gündəmin dəyişməsindən, baş qarışmasından yararlanaraq Ukrayna ərazisini, xüsusən də paytaxt Kiyevi güclü şəkildə bombalamaqda davam edir. Lakin hesab edirəm ki, bütün çətinliklərə baxmayaraq Avropa koalisiyası Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini davam etdirməklə Rusiyanın öz çirkin məqsədlərinə çatmasına imkan verməyəcək”, -deyə davamında analitik vurğulayıb.
 
 
Seçilən
6
moderator.az

1Mənbələr