AZ

Türk Dil Qurumunun rəhbəri Dilçilik İnstitutunun qonağı olub

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 19 iyun, AZƏRTAC

Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun rəhbəri professor Osman Mert AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qonağı olub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüşdə institutun direktoru professor Nadir Məmmədli dilçilik elminin hazırkı vəziyyəti, rəhbəri olduğu elmi müəssisənin fəaliyyət istiqamətləri, son dövrdə aparılan elmi-tədqiqat işləri və beynəlxalq əməkdaşlıq haqqında geniş məlumat verib. Professor bu əməkdaşlığın tarixi əsaslara söykəndiyini, bu istiqamətdə görülən işlərin daha da dərinləşməsinin vacibliyini vurğulayıb.

Professor Osman Mert Türk dünyasında dil birliyinin qorunması, ortaq türkologiya irsinin araşdırılması və elmi mübadilələrin vacibliyi haqqında çıxış edib, rəhbərlik etdiyi qurumun Azərbaycanla elmi əlaqələrə verdiyi əhəmiyyətdən bəhs edib. O bildirib ki, Azərbaycan və Türkiyənin dil qurumları arasında əməkdaşlıq yalnız elmi müstəvidə deyil, həm də mənəvi bağlar üzərində qurulmuş bir dostluğun, türklüyün təzahürüdür.

Daha sonra Türk dilləri şöbəsinin müdiri professor İsmayıl Kazımov türk dillərinin tarixi inkişafı, fonetik və leksik oxşarlıqları, eləcə də türk dilləri arasında aparılan müqayisəli tədqiqatların əhəmiyyətindən danışıb. Həmçinin şöbənin əməkdaşları professor Osman Mertə suallar ünvanlayıb, fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Dilçilik İnstitutu ilə Türk Dil Qurumu arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
azertag.az

1Mənbələr