AZ

Seçki yoxdursa, bəs sülhə kim səs verəcək? Putin və Zelenski arasında dərin uçurum

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukraynada toz basmış küçələr, bombalanmış binalar və susmayan xəbərdarlıq cihazları artıq gündəlik həyatın bir hissəsinə çevrilib. Müharibə uzandıqca silahların səsi diplomatiyanın səssizliyini daha da boğur.

Son günlərdə isə yeni bir siyasi mübahisə münaqişənin gələcəyini daha da qaranlıq edib: Ukrayna Prezidenti Volodimir Zelenskinin hakimiyyətinin legitimliyi atəşkəs və ya sülh sazişi üçün Rusiya Prezidenti Vladimir Putinin prioritetinə çevrilib. Putin son açıqlamalarında açıq şəkildə bildirib ki, Zelenski ilə danışıqlara açıqdır, amma bir şərtlə - Ukraynada seçki keçirilməli, Zelenski legitim prezident olmalıdır. Çünki o, artıq qanuni prezident deyil. Zelenskinin səlahiyyət müddəti bitsə də, Ukraynada hələ də seçki keçirilməyib.

Zelenski isə bildirir ki, hazırkı hərbi vəziyyət şəraitində seçki keçirməmək qanunsuz deyil, əksinə, təhlükəsizlik tədbirləri bunu tələb edir, Ukrayna konstitusiyası da bu fikri dəstəkləyir: müharibə dövründə seçki təxirə salına bilər. Əks halda bu, həm xalqın təhlükəsizliyini, həm də seçkinin legitimliyini riskə ata bilər. Yəni Zelenskinin arqumenti aydındır: münaqişə sona çatsın, sonra xalq qərar versin. Üstəlik, Ukrayna xalqı və Qərb onu hələ də legitim lider kimi tanıyır.

Nəticə isə yenə də dəyişmir: Siyasi boşluq, uzanan münaqişə. Çünki hər iki tərəfin öz mövqeyində dirənməsi vasitəçilik səylərini də çətinləşdirir və sülh danışıqlarını faktiki olaraq iflic edir. Bu qeyri-müəyyənlik isə Rusiya üçün ambisiyalarını davam etdirmək və şərtlərini diktə etmək baxımından fürsət, Ukrayna üçün beynəlxalq dəstək və mövcudluq baxımından risklər yaradır. Yəni Zelenskinin legitimliyinin sual altına alınması sülh prosesini hüquqi və siyasi baxımdan mürəkkəbləşdirir. Belə ki, danışıqlar üçün qarşılıqlı etimad və tanınma şərtdir. Əks halda, münaqişə uzanmaqda davam edəcək.

Görünən odur ki, tərəflər kompromisə getmək üçün yollar axtarmaq əvəzinə, münaqişənin uzanmasına səbəb olan şərtlər təklif edirlər. Məsələn, Moskva bununla yanaşı, istəyir ki, işğal edilən ərazilər Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınsın, həmçinin NATO-nun şərqə doğru genişlənməsinə Ukrayna tərəfindən razılıq verilməsin. Kiyev isə bunu birmənalı şəkildə rədd edir və danışıqlar üçün şəxsən Putini masaya dəvət edir. Üstəlik, bu ziddiyyətlər həllini tapmamış, Rusiya lideri qeyri-legitim prezidentlə danışıqlar masasında oturmağın ümumiyyətlə absurd olduğunu səsləndirir. Belə halda da hansı sülhdən danışmaq olar?

Onu deyə bilərik ki, Zelenskinin legitimliyinin sorğulanması, sadəcə, hüquqi məsələ deyil, həm də danışıqlar masasına oturmaq üçün artıq əsas maneəyə çevrilib. Rusiya bu arqumentlə danışıqlardan yayınır, Ukrayna isə buna qarşı haqlı arqumentlərini irəli sürür. Nəticədə tərəflər arasında təmas nöqtəsi yoxa çıxır. Bu siyasi qeyri-müəyyənlik də humanitar fəlakətin və hərbi gərginliyin üzərinə əlavə yük gətirir. Hər iki lider isə öz xalqına və tərəfdaşlarına "geri çəkilmirik" mesajı verir. Amma unutmamaq lazımdır ki, diplomatiya susduqca silahlar danışır, insanlar ölürlər.

Bəlkə də, bu problemin həlli üçün artıq yeni formatlar lazımdır. Çünki problem yalnız hərbi deyil, həm də siyasi böhrandır. Əgər tərəflər də bu böhranın həllinə nail olmazlarsa, Rusiya-Ukrayna müharibəsi illərlə davam edə bilər. Bu zaman isə artıq danışan liderlər yox, tarix kitabları olacaq.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
oxu.az

2Mənbələr