AZ

Rentgenə gedənlərin diqqətinə: Təhlükə var - Xəstəxanalar hansı addımı atacaq?

BAKI, 19 iyun. TELEQRAF

Bu yaxınlarda TƏBİB-in icraçı direktoru Vüqar Bayramov müsahibə verərək bağlanan rentgen kabinetləri məsələsinə toxunub.

Onun sözlərinə görə, regionlardakı 3 böyük xəstəxanada, Bakıda isə 5 poliklinikada rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb və indiyə qədər bu sahədə problemlərin aradan qaldırılması ilə bağlı ciddi iş aparılmayıb:

"Bakıda və regionlarda bir çox dövlət tibb müəssisələrində yoxlamalar artıq bitib. Əslində, bu, indinin problemi deyil. Bu tibb müəssisələrinin çoxu sovet dövründə inşa edilmiş, indiyə qədər fəaliyyətdə olan müəssisələrdir. Bu vaxta qədər problemlərin aradan qaldırılması ilə bağlı ciddi islahatlar aparılmayıb. Fövqəladə Hallar Nazirliyinin bu prosesi artıq sürətli şəkildə həyata keçirməsi çox xoş haldır. Regionlardakı 3 böyük xəstəxanamızda rentgen xidməti dayandırılıb".

TƏBİB sədri qeyd edib ki, bu müəssisələrdə rentgen kabinetlərinin fəaliyyətinin bərpası üçün işlər gedir, qısa müddətdə qüsurlar aradan qaldırılacaq, rentgen xidmətləri istifadəyə veriləcək.

Bakıda 5 poliklinikada da bu xidmət tam dayandırılıb və hazırda vətəndaşlar bu xidmətdən istifadə üçün yaxınlıqdakı tibb müəssisələrinə yönləndirilir.

Azərbaycanda rentgen kabinetlərinə nəzarət hansı qurumun öhdəliyindədir? İndiyə qədər neçə müəssisədə monitorinq aparılıb? Ölkəmizdə hansı şüa-diaqnostika üsullarından istifadə edilir? Bu şüaların orqanizmə təsiri nələrdir? Rentgen kabinetlərində izolyasiya problemi, dozalanmanın pozulması hansı təhlükələrə yol aça bilər?

Teleqraf bütün bu suallara cavab tapmaq üçün araşdırma aparıb.

FHN Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən sorğumuza cavabda bildirildi ki, bugünə qədər 39 özəl və dövlət tibbi müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb.

Bəs monitorinqlər necə aparılır?

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi isə qeyd etdi ki, özəl və dövlət tibb müəssisələrində planlı və plandankənar yoxlama tədbirləri onlar tərəfindən həyata keçirilir. Bütün obyektlər həyata keçirdikləri fəaliyyətin təhlükəsizliyini nəzərə alaraq risk qruplarına bölünür. Tibb obyektinin aid edildiyi risk qruplarına uyğun olaraq ildə bir, iki ildə bir və ya üç ildə bir dəfə planlı yoxlamalar aparılır.

9 kabinetdə nöqsanlar aradan qaldırılıb

Maraqlıdır, hansı hallarda kabinetlərin fəaliyyəti dayandırılır?

Agentlikdən qeyd edildi ki, tibbi rentgen avadanlıqlarının istismarının dayandırılması bir neçə səbəbdən baş verə bilər:

“Rentgen avadanlıqlarının nəzərdə tutulmuş həddən artıq şüalanmanın verdiyi barədə rəsmi sənədin olması, rentgen avadanlıqlarının bunun üçün nəzərdə tutulmamış yerlərdə quraşdırılması, rentgen avadanlıqlarının istismar edilən otaqların qoruyucu konstruksiyalarının olmaması və ya yararsız hala düşməsi, müəssisələr tərəfindən rentgen avadanlıqlarının istismar olunmadığı barədə məlumatların təqdim edilməsi və sair.

Rentgen aparatlarının istismarının dayandırılmasına səbəb olan vəziyyət aradan qaldırıldıqdan sonra müəssisələrin radioloji fəaliyyəti bərpa olunur.

Bugünə qədər 39 özəl və dövlət tibbi müəssisələrində rentgen avadanlıqlarının istismarı dayandırılıb. Hazırda 39 müəssisədən 9-da nöqsanlar aradan qaldırıldığı üçün radioloji fəaliyyət bərpa olunub”.

Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyindən verilən məlumatda o da vurğulandı ki, düzgün quraşdırılmamış və ya istifadə üçün yararsız olan rentgen aparatlarının istismar edilməsi bu aparatları istifadə edən işçilərin və pasiyentlərin artıq şüalanmaya məruz qalmasına gətirib çıxarır.

Respublika Klinik xəstəxanasının həkim-rentgenoloqu Məndanə Mirheydərzadə hesab edir ki, rentgen kabinetlərinin izolyasiyası ciddi məsələdir. Hər kabinetin rentgen şüalarını kənara verməmək xüsusiyyəti olmalıdır ki, şüalanma ətrafa yayılmasın, pasiyent həddən artıq şüalanmaya məruz qalmasın.

"Müasir aparatlar bu barədə yaxşı təşkil edilib və kabinetlərin izolyasiyası daim nəzarətdə saxlanılır. Pəncərə, divarlar, xəstənin özünün şüa keçirməyən materiallarla qorunması vacibdir. Bu, pozularsa, pasiyentin və tibbi personalın şüalanmasına, şüa xəstəliklərinə gətirib çıxara bilər.

2023-cü ildən bəri monitorinqlər nəticəsində bəzi rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb. Bizim xəstəxanada da rentgen kabineti bağlanıb.

Xəstələr, adətən, TƏBİB tərəfindən başqa müəssisələrə yönləndirilir. İşin gedişində bəzi çətinliklər yaranır. Yəni, işçilər işsiz qalır, yaxud hansısa müəssisədə rentgen kabinetləri həddən artıq yüklənir. Yaxud xəstələrə yolla bağlı problemlər ortaya çıxır. Bütün bu tədbirlərin hamısı tibb müəssisələrindəki rentgen kabinetlərinin standartlara uyğunlaşdırılması və təhlükəsizlik baxımından vacibdir. Hazırda təmir işləri gedir, ümid edirik ki, tezliklə fəaliyyətləri bərpa ediləcək", - həkim qeyd edir.

Tibdə hansı şüa-diaqnostika üsullarından istifadə edilir?

Bu sualımıza tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri Məlahət Sultanova cavab verir.

Onun sözlərinə görə, müasir dövrdə tibbin bütün sahələrində radioloji görüntüləmə metodlarından istifadə edilir. Radioloji görüntüləmə üsulları ənənəvi rentgen müayinələrindən başlayaraq pozitron emission tomoqrafiyanın hibrid üsullarına qədər uzun bir yol keçməkdədir.

“Bu üsullara rentgen müayinələri, KT, MRT, USM, nüvə təbabəti üsulları (PET, PET-KT, PET-MRT, SPEKT) aiddir. Bu üsullar orqanizmin tamlığını pozmadan proses haqqında dəqiq informasiya almağa imkan verir.

Nəzərə almaq lazımdır ki, bu müayinələr müxtəlif fiziki texniki proseslərə əsaslanaraq əksər hallarda bir-birilərini tamamlayır və diaqnostik prosesin düzgün qurulmasına xidmət edir. Radiologiyada optimallıq prinsipi əsasdır. Pasiyentin şikayətlərindən asılı olaraq ən informativ müayinə üsulunun seçilməsi radioloqun verməli olduğu birinci düzgün qərar olmalıdır. Hər bir müayinə üsulunun göstərişləri və əks göstərişləri mövcuddur. Həkimin peşəkarlığı bu müayinələrin ən yenisini deyil, konkret halda ən optimal olanını (vaxt, maliyyə və keyfiyyət baxımından) seçə bilməsidir".

Məlahət Sultanova diaqnostika üsullarının hər biri haqqında ətraflı məlumat verib:

Rentgenoskopiya (flüoroskopiya) - Rentgenoqrafiya (radioqrafiya) - ̶ bu ənənəvi müayinə üsulları sadə və əlverişli olub, ilk etapda prosesi morfofunksional dəyərləndirməyə imkan verir. Dövrümüzdə kompüter texnikasının inkişafı ilə rentgen təsvirlərinin alınmasının rəqəmsal digital üsulu tətbiq edilir.

Ultrasəs müayinəsi metodu müxtəlif xəstəliklərin diaqnostikasında çox böyük rol oynayır. Bu müayinənin üstünlüyü onun invaziv olmaması, daxili orqan və sistemlərin qiymətləndirilməsində yüksək informativ olmasıdır. Müalicə zamanı ultrasəs müayinəsinin bir neçə dəfə aparılması müalicənin keyfiyyətinin dəqiq olmasına zəmin yaradır. Həmçinin, ultrasəs müayinəsinin digər müayinə üsullarından üstünlüyü müayinənin tez və zərərsiz olmasıdır.

Kompüter tomoqrafiya (KT) müasir şüa diaqnostikasının ən informativ metodlarından hesab olunur. KT bədənin istənilən hissəsinin kəsiklərlə təsvirini almağa imkan verir. Multislays spiral kompüter tomoqrafiyası bir neçə dəqiqə ərzində baş beyin, döş qəfəsi, abdominal orqanlar, ətraflar və s. orqanların kəsiklərlə struktur quruluşu haqqında ətraflı və dəqiq informasiya verir. Bu müayinə xüsusən bədxassəli şişlərin erkən aşkar edilməsində, təcili hallarda (insult, daxili qanaxma, travmalar) əhəmiyyətlidir.

PET CT müayinəsi bədənin daxili strukturlarının və funksiyalarının ətraflı təsvirlərini təmin etmək üçün pozitron emissiya tomoqrafiyası (PET) və kompüter tomoqrafiyasının (KT) imkanlarını birləşdirən inqilabi görüntüləmə üsuludur. Ənənəvi görüntüləmə üsullarından fərqli olaraq, PET CT skaneri metabolik və funksional məlumatları da əks etdirir. Bu, onu xərçəng, ürək xəstəlikləri və nevroloji pozğunluqlar da daxil olmaqla müxtəlif vəziyyətlərin diaqnostikası və monitorinqi üçün əvəzolunmaz vasitəyə çevirir.

MRT bədənin daxili quruluşunu yüksək dəqiqliklə göstərən müasir tibbi görüntüləmə metodudur. Bu texnologiya güclü maqnit sahəsi və radio dalğalarından istifadə edərək toxumaları və orqanları detallı şəkildə təsvir edir. MRT şüasız bir üsul olduğu üçün xəstələrin sağlamlığı baxımından təhlükəsiz hesab edilir. MRT vasitəsilə baş beyin, onurğa, daxili orqanlar, yumşaq toxumalar və s. ətraflı şəkildə müayinə edilə bilər.

Bəs bu müayinələr zamanı risklər nələrdir?

Məlahət Sultanova qeyd edir ki, bu gün tətbiq edilən müayinələr sırasında rentgenoloji müayinələr, o cümlədən KT və nüvə görüntülənmə üsulları radiasiya riski (canlı orqanizm üçün təhlükəli hesab edilən) daşıyır.

“Tarixə nəzər salsaq, radioaktivlik XIX əsrin sonlarında aşkar edilsə də, həmin dövrdə insanlar radioaktiv şüaların zərərləri haqqında məlumata malik deyildilər. Radiasiyanın kəskin təsirlərini ilk dəfə 1896-cı ildə Nikola Tesla göstərdi. O, barmaqlarını rentgen şüalarına məruz qoyaraq yanıqların yaranmasını müşahidə etdi, lakin bu təsirin ozon təsiri ilə baş verdiyini düşünmüşdü.

İonlaşdırıcı şüaların genetik təsirlər və xərçəng riskindəki rolu ilk dəfə 1927-ci ildə Herman Cozef Meller tərəfindən aşkar edildi. Lakin bu təsirlər aşkar edilənədək artıq korporasiyalar və müxtəlif həkimlər tərəfindən bir çox radioaktiv maddələr satılırdı. Buna etiraz edən və radiasiya təsirlərinin olduğunu göstərən ilk alim Maria Küri idi. Hətta xanım Kürinin özü radiasiyaya məruz qaldığına görə aplastik anemiya səbəbindən dünyasını dəyişmişdi.

USM və MRT müayinə üsulları isə orqanizm üçün tamamilə zərərsiz hesab edilir. Bu təsirləri nəzərə alaraq, radioloji müayinələrdən keçərkən mütləq həkim radioloqun tövsiyələri nəzərə alınmalıdır. Xüsusilə, hamiləlikdə və uşaqlarda radioloji müayinə metodlarının seçiminə daha həssas yanaşmaq lazımdır. Hamilələr və ya valideynlər aparılacaq müayinə haqqında maksimum məlumatlandırılmalı və mümkün risklər izah edilməlidir. Qoruyucu vasitələrdən istifadəyə maksimum riayət edilməlidir”.

Kafedra müdiri qeyd edir ki, rentgen şüalanma ionlaşdırıcı xassəyə malikdir və canlı orqanizmə mənfi təsir göstərir. Rentgen şüalarından qorunma tədbirlərinə məsafənin qorunması, ekranlaşdırma və vaxta qənaət aid edilir.

Rentgen müayinələrdə radiasion təhlükəsizliyin təminatı aşağıdakı tədbirləri tələb edir:

-Texniki, sanitar-gigiyenik, tibbi-profilaktik və təşkilatı xarakterli tədbirlər kompleksinin aparılması;

- Radiasion təhlükəsizlik sahəsində normativ qaydaların qorunması üçün tədbirlərin aparılması;

- Doza yükü, şüalanmanın nəticələri, alınacaq təhlükəsizlik tədbirləri haqqında pasienti məlumatlandırmaq;

- Rentgen müayinə aparan mütəxəssislərə radiasion təhlükəsizliyin əsaslarını öyrətmək;

- Personal, pasient və əhalinin stasionar, hərəkətli və fərdi radiasion qoruyucularının istifadəsi;

- Personala rentgen müayinə zamanı təhlükəsizlik metodlarının öyrədilməsi;

- Kommunikasiya və cihazların istismar qaydalarına əməl etmə;

- Personal və pasientlərin şüalanma dozasına nəzarət.

Bəs tibb işçiləri özləri nələrə diqqət etməlidirlər?

Məlahət Sultanova qeyd edir ki, tibbi praktikada Səhiyyə Nazirliyinin qeydiyyatından keçən və radiasion təhlükəsizlik sahəsində sanitar qaydalara uyğun sanitar-epidemioloji sənədi olan rentgen aparatların istifadəsinə icazə verilir. Personal və pasiyentlərin radiasion müdafiə vasitələrinə hərəkətli (şirmalar, ekranlar və s) və fərdi (eynəklər, papaqlar, yaxalıqlar, önlüklər və s) aid edilir.

“Rentgen müayinə zamanı həkim-radioloq cihazın texniki xarakteristikasına uyğun olaraq, yüksək gərginlik qoşulmaları arasındakı fasilələrin müddətinə riayət etməli, müayinənin optimal fiziki-texniki rejimlərinin (anod gərginlik, anod cərəyan, ekspozisiya, filtrlərin qalınlığı, diafraqmanın ölçüsü, kompressiya, məsafə, fokus-dəri və s.) seçilməsinə nəzarət etməli və lazımi həcmdə və nomenklaturada hərəkətli və fərdi qoruyucu vasitələri istifadə etməlidir".

Aşağıdakı cədvəldə bəzi müayinələrdə pasiyentin məruz qaldığı şüa dozaları göstərilib:

Anatomik zona

Müayinə

Effektiv şüalanma dozası

Təbii şüalanma

ilə müqayisədə

Qarın boşluğu

Nativ KT

Kontrast KT

10 mSv

20mSv

3 il

7 il

Sümük sistemi

Rentgenoqrafiya-Onurğa

Rentgenoqrafiya-Ətraflar

1,5 mSv

0,001mSv

6 ay

3 saat

Sinir sistemi

KT-kəllə

KT-kəllə, kontrastlı

KT-onurğa

2mSv

4mSv

6mSv

8 ay

16 ay

2 il

Döş qəfəsi

KT

Rentgenoqrafiya

7mSv

0,1mSv

2 il

10 gün

PET-CT

25mSv

8 il

Mammoqrafiya

0,4mSv

7 həftə

Seçilən
4
teleqraf.com

1Mənbələr