AZ

Rimas Kurtinaytis: "Çalışacağıq ki, Çempionlar Liqası səviyyəsində heyət formalaşdıraq"

"Yeni mövsümdən FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə iştirakımız Azərbaycan basketboluna, federasiyaya və komandamıza verilən böyük qiymətdir. Bu bizim üçün şərəfdir və Azərbaycanı bu idman növünün elit liqasında təmsil edəcəyimiz üçün qürur duyuruq".

Bunu İdman.biz-ə "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Təcrübəli mütəxəssis komandasının yeni mövsümdə Çempionlar Liqasının müntəzəm çempionatında debütünü şərh edib. O bildirib ki, bu, Azərbaycan basketbolu üçün ilk olacaq: "Təbii ki, böyük məsuliyyət və çağırışdır. Çempionlar Liqasının müntəzəm mövsümündə təcrübəsi olan klublar var. Məsələn, "Alba", "Valensiya"nı göstərmək olar. Rəqiblərimizlə müqayisədə təcrübə baxımından geri qalırıq. Burada yer alan komandalar artıq uzun müddətdir top səviyyədə çıxış edirlər və oturmuş sistemləri var. Lakin bu o demək deyil ki, bizimlə oyunlar onlar üçün asan gəzinti olacaq. Azərbaycanı Avropa basketbolunun elit liqasında layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik".

Litvalı çalışdırıcı transfer məsələsinə toxunub: "Püşkatmada yəqin ki, reytinqə görə ilk 2 rəqib güclülərdən olacaq. Hansı komandalar düşəcəksə, onlara uyğun hazırlaşacağıq. Transferlərlə də bağlı işlər aparılır və çalışacağıq ki, Çempionlar Liqası səviyyəsində heyət formalaşdıraq".

Qeyd edək ki, "Sabah" ötən mövsüm FIBA Çempionlar Liqasının təsnifat mərhələsində oynayıb.

Murad Abdullazadə
İdman.biz

Seçilən
4
1
idman.biz

2Mənbələr