AZ

İranın çöküşü "domino effekti" yaradacaq - Xəritə yenidən çəkiləcək

Bloomberg nəşrinin məlumatına görə, ABŞ yaxın günlərdə – iyunun 21 və ya 22-də İrana qarşı hərbi zərbələr endirməyə hazırlaşır. Bu, artıq uzun müddətdir Yaxın Şərqdə alovlanan gərginliyin açıq müharibəyə çevrilməsi ehtimalını daha da gücləndirir. Əgər Vaşinqton bu prosesə tam miqyasda qoşularsa və İranla birbaşa müharibəyə girərsə, bunun təkcə iki ölkə üçün deyil, bütün region üçün sarsıdıcı nəticələri ola bilər.İran rejiminin bu müharibədən zəif və ya məğlub çıxması, Cənubi Qafqazdan tutmuş Orta Şərqə qədər uzanan geniş coğrafiyada yeni geosiyasi düzənin formalaşmasına səbəb ola bilər. Belə bir vəziyyətdə Rusiya və Çin kimi böyük güclərin İran daxilində nüfuz uğrunda rəqabətə girişməsi mümkündür. Eyni zamanda, bölgədə artan qeyri-müəyyənlik və boşluq şəraitində Türkiyənin atacağı addımlar, həm hərbi-siyasi, həm də diplomatik baxımdan mühüm rol oynaya bilər. Qarşıdakı günlər təkcə İranın deyil, bütün regionun gələcəyini müəyyən edə biləcək kritik dönəmə çevrilə bilər.
 
Moderator.az-a danışan politoloq Xaqani Cəfərli bildirib ki, ABŞ-ın hərbi əməliyyatlara qoşulması ilə bağlı Ağ Evdə birmənalı mövqe yoxdur. 
Onun sözlərinə görə, vitse-prezident Cey Di Vensin əməliyyatların əleyhinə olduğu qeyd edilir:
 “Lakin ABŞ-ın İrana yaxın bölgəyə böyük hərbi birləşmələr toplaması hərbi əməliyyatların hazırlığı kimi dəyərləndirilir. Ancaq bunun təzyiq elementi olması da istisna deyil. Belə görünür ki, ABŞ İranı qorxudaraq təslim olmağa vadar etmək istəyir. Əgər ABŞ hərbi əməliyyatlara başlasa, bu İran üçün fəlakətli olacaq. Bu heç şübhəsiz ki, İranın bölünməsinə qədər dərinləşə biləcək bir böhran yaradacaq. Belə olacağı halda, Rusiya və Çin Yaxın Şərqdə çox böyük məğlubiyyətlə üzləşəcək. Əgər Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu olmasaydı, Suriya və İran indiki vəziyyətə düşəməzdi. İranın məğlub olmasından sonra Çin və Rusiyanın yeni yaranmış vəziyyətlə barışmaqdan başqa çıxış yolu qalmayacaq. Rusiyanın Ukraynada məruz qaldığı hərbi-siyasi uğursuzluq, Suriyada rejim dəyişikliyi Çin-Rusiya çütlüyünün mövqelərini kəskin zəiflədib. İranın məğlubiyyəti və çöküşü Rusiya-Çin cütlüyünə ciddi zərər verəcək. İran bölünsə, Rusiyanın bütövlüyünü  qorumaq mümkün olmayacaq. 
İranın məğlubiyyəti və bölünməsi Türkiyəni də ciddi şəkildə sirkələyəcək. Elə bir vəziyyət yaranıb ki, Çin və Rusiya kimi Türkiyə də qabaqlayıcı addımlar atmaq imkanın itirib. Hadisələrin arxasınca sürünən, prosesin içərisində sürüklənib gedən dövlət vəziyyətinə düşməkdədir. Ona görə də Türkiyənin prosesə təsirindən deyil, prosesin Türkiyəyə təsirindən danışmaq daha doğru olar. 
Ümumiyyətlə, İranın çöküşü "domino effekti" yaradacaq və bölgədə bir neçə dövlətin sərhədinin dəyişməsinə səbəb olacaq”.
 
Mehin Mehmanqızı
 
Seçilən
0
moderator.az

1Mənbələr