"Soroka" xəstəxanasına hücum səbri daşırdı - İsrail rəhbərliyi İran rejiminin devrilməsini açıq məqsəd elan edib..."
İyunun 19-da İranın İsrailə qarşı həyata keçirdiyi növbəti raket hücumları artıq bir neçə gündür davam edən qarşılıqlı zərbələr zəncirində yeni və dramatik mərhələyə keçidi simvolizə edir.
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
Nəşr qeyd edir ki, gecə saatlarında atılan təxminən 30-a yaxın raket ölkənin müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olub. Bəzi raketlər Holon, Ramat-Qan və Arieldə yaşayış binalarına və ictimai infrastruktur obyektlərinə tuş gəlib. Lakin ən böyük zərbə Beer-Şeva şəhərində yerləşən "Soroka" adlı iri tibb mərkəzinə dəyib.
İsrail rəsmilərinin bildirdiyinə görə, zərbə nəticəsində onlarla insan yaralanıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Dördmərtəbəli binaların zədələndiyi, avtomobillərin dağıldığı, lakin bəzi hallarda insan itkisi və ya yaralanma qeydə alınmadığı bildirilir.
İranda rejim dəyişikliyi artıq rəsmi məqsəddir
İsrail müdafiə naziri İsrael Katc hücumdan dərhal sonra verdiyi bəyanatda bu hücumu "məqsədli mülki terror" adlandırıb və İran İslam Respublikasının lideri Əli Xameneini "müharibə cinayətləri"nə görə məsuliyyətə cəlb edəcəyini bildirib. O, ilk dəfə olaraq açıq şəkildə bəyan edib ki, İsrailin müharibədəki əsas hədəflərindən biri ayətüllahlar rejiminin devrilməsidir.

Nazirin sözlərinə görə, İran "xəstəxanaları və yaşayış evlərini atəşə tutmaqla ən ağır hərbi cinayətləri törədir" və bu səbəbdən İsrail ordusu artıq Tehrandakı hökumət obyektlərinə və strateji hədəflərə qarşı hücumları daha da gücləndirəcək.
Baş nazir Benyamin Netanyahu isə İran rəhbərliyini "terrorçu diktatorlar" adlandıraraq, "Soroka" xəstəxanasına hücumun cavabsız qalmayacağını bildirib: "Tiranlar öz cavablarını alacaqlar".
Səhiyyə sisteminə zərbə və cəmiyyətin reaksiyası
İsrail prezidenti İsxak Hersoq isə daha emosional bir çıxış edərək hücumun sırf hərbi deyil, eyni zamanda "sivilizasiyaya və humanist dəyərlərə qarşı hücum" olduğunu deyib. O, "Soroka" xəstəxanasında yəhudi və ərəb həkimlərin birlikdə çalışaraq Negev bölgəsinin, dinindən və mənsubiyyətindən asılı olmayaraq, bütün sakinlərinə həyat verdiklərini xatırladaraq, bu harmoniyanın qəsdən hədəfə çevrildiyini vurğulayıb.
Səhiyyə naziri Uriel Buso isə hadisəni "terror aktı və qırmızı xəttin aşılması" kimi dəyərləndirib. Onun sözlərinə görə, vəziyyətə vaxtında müdaxilə olmasaydı, daha ağır nəticələr qaçılmaz idi.
ABŞ-ın mövqeyi: Trampın "gizli planı"
ABŞ prezidenti Donald Tramp da hadisəyə reaksiya verərək İranı bir daha "təslim olmağa" çağırıb. Onun dediyinə görə, Tehran ya nüvə proqramından imtina etməli, ya da daha ağır nəticələrlə üzləşməlidir. Tramp bu mərhələdə ABŞ-ın birbaşa hərbi müdaxiləsi ilə bağlı konkret cavab verməsə də, mediada yayılan məlumatlara əsasən, o artıq İsraillə birgə əməliyyat planını ilkin olaraq təsdiqləyib və yekun qərar üçün uyğun anı gözləyir.
Qisas dövrü başlayır?
Bütün bunların fonunda İsrailin cavab zərbələri artıq İranda yerləşən nüvə obyektlərini də əhatə etməyə başlayıb. Arak və Natanz şəhərlərindəki strateji məntəqələrə hücumlar həyata keçirilib. Yaxın Şərqdə gərginlik hər keçən gün daha təhlükəli miqyas alır. İsrail açıq şəkildə bildirir: bu artıq sadəcə raketlərin qarşılıqlı atışı deyil, məqsəd Tehran rejimini zəiflətmək və kökündən dəyişməkdir.