Son günlər ABŞ və İsrailin İranla bağlı siyasəti ətrafında səsləndirilən fikirlər, xüsusilə sabiq prezident Donald Trampın açıqlamaları bu ölkələrin Tehrandakı mövcud hakimiyyətlə əməkdaşlığa hazır olmadığını göstərir.
Bu barədə News365.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar İranla birbaşa hərbi toqquşmaya getmək niyyətində deyil:
“ABŞ, çox güman ki, birbaşa hərbi müdaxiləyə qatılmayacaq. Onlar sadəcə İsrailə siyasi və diplomatik dəstək verməklə, İrana ultimatum xarakterli mesajlar göndərməklə kifayətlənəcək. Bu isə İran üzərində psixoloji və siyasi təzyiq vasitəsi kimi istifadə olunur”.
Politoloq hesab edir ki, bu təzyiqlər İranın uran zənginləşdirməsi ilə bağlı əldə etdiyi nailiyyətlərdən geri çəkilməsi üçün edilə bilər:
“Amma bu, İranın mövcud teokratik hakimiyyəti üçün qəbuledilməzdir. Çünki onların əsas prioritetlərindən biri məhz nüvə proqramıdır. Digər tərəfdən, İsrailin son illərdə İran daxilində təşkil etdiyi kiberhücumlar və çağırış xarakterli mesajlar göstərir ki, məqsəd yalnız nüvə proqramının dayandırılması deyil, həm də rejim dəyişikliyidir”.
Qurbanova bildirib ki, Qərbin əsas hədəfi İran daxilində siyasi dəyişiklik yaratmaq və xalqı etiraza təşviq etməkdir:
“İsrail və ABŞ tərəfindən göndərilən mesajların bir hissəsi də İran xalqına yönəlib. Küçə etirazlarına çağırışlar, daxili narazılığın artırılması cəhdləri bunu açıq şəkildə sübut edir. Bu, həm kəşfiyyat, həm də informasiya müharibəsi vasitəsilə həyata keçirilir”.
Nəticə olaraq, politoloqun fikrincə, ABŞ və İsrailin məqsədi yalnız nüvə proqramının qarşısını almaq deyil, həm də İranda rejim dəyişikliyi yaratmaqdır:
“Bu istiqamətdə İran daxilində müəyyən hərəkətlənmələrin və gərginliyin baş verməsi ehtimalı yüksəkdir”, – deyə Aytən Qurbanova qeyd edib