AZ

Türksat 7A rəqəmsal gələcəyimizin daşıyıcısı olacaq - Uraloğlu

BAKI, TurkicWorld

Türksat 7A peyki 2029-cu ildə istifadəyə veriləcək .

TurkicWorld xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılan Türksat 7A peykinin ölkənin rəqəmsal gələcək vizyonunu daşıyacaq güclü bir texnoloji layihə olduğunu bildirib.

Nazir bu barədə Ankara Ticarət Palatasının Congresium Konqres və Sərgi Mərkəzində TÜRKSAT tərəfindən təşkil edilən “Yeni Era Connectivity Forum” tədbirində çıxış edib.

Uraloğlu peyk texnologiyalarının artıq müasir dövrdə müharibələrin gedişatına yön verən strateji vasitəyə çevrildiyini vurğulayıb.

“İstər kəşfiyyat, istər rabitə, istərsə də logistik koordinasiyada peyklər ölkələrə bənzərsiz üstünlüklər verir. İsrail-İran qarşıdurmasında peyk əsaslı rabitə və müşahidə sistemləri qərarların verilməsində həlledici rol oynayır” - deyə o bildirib.

Nazir qeyd edib ki, peyklər sayəsində toplanan dəqiq məlumatlar həm hava hücumundan müdafiə sistemlərinin koordinasiyasına, həm də strateji planlamaya imkan verir.

“Bu səbəbdən Türkiyənin kosmosda güclü varlığı təkcə texnoloji hədəf deyil, milli təhlükəsizlik və qlobal gücün simvoludur” - deyə o qeyd edib.

Türkiyənin kosmos sahəsindəki inkişaf yoluna toxunan Uraloğlu, yalnız peyk istehsal etməyin deyil, təhlükəsiz və fasiləsiz əlaqənin təmin olunmasının da həyati əhəmiyyət daşıdığını bildirib.

“Əlaqə ticarət, səhiyyə, təhsil və sosial həyatın əsas təməl daşına çevrilib. Güclü və təhlükəsiz infrastruktur rəqəmsal dövrün açarıdır”. - deyə o bildirib.

Uraloğlu vurğulayıb ki, peyk texnologiyalarına investisiya yalnız texnoloji deyil, həm də strateji və sosial ədalət baxımından böyük əhəmiyyət kəsb edir.

“Milli texnologiya ilə peyk istehsal etmək bir ölkənin öz gələcəyini özü müəyyən etməsi deməkdir. Türksat 6A peyki ilə bu istiqamətdə tarixi addım atmış olduq. Yerli tərkibi 80%-i aşan bu peyk artıq orbitdədir” - deyə nazir bildirib.

Nazir çıxışında qeyd edib ki, 2029-cu ildə istifadəyə verilməsi planlaşdırılan Türksat 7A peyki Türksat 3A-nın əvəzləyicisi olacaq və daha güclü idarəetmə və məlumat ötürmə imkanları ilə fərqlənəcək.

“Türksat 7A ölkəmizin rəqəmsal gələcəyini daşıyacaq və kosmosdakı müstəqilliyimizin güclü simvolu olaraq fəaliyyət göstərəcək” - deyə o billdirib.

Forumun sonunda “Türksat 7A Layihə Əməkdaşlıq Protokolu” rəsmi mərasimlə imzalanıb. Nazirliyin bu layihəyə verdiyi dəstək, peyk infrastrukturunun möhkəm təməllər üzərində qurulmasına yönəlib.

Seçilən
1
turkic.world

1Mənbələr