AZ

Almaniyanın İsrailə silah satışı 161 milyon avroya yaxınlaşıb

BAKI, TurkicWorld

Almaniya hökuməti İsrailə 4 milyon avro dəyərində silah satışını təsdiqləyib.

TurkicWorld xəbər verir ki, Almaniya hökuməti səlahiyyət müddətinin ilk beş həftəsində İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracına icazə verib.

Bu barədə məlumat Almaniya İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Sol Partiyanın sorğusuna cavabında açıqlanıb.

Məlumata görə, 7 may - 10 iyun tarixləri arasında Alman istehsalçılarının İsrailə 3 milyon 986 min avro məbləğində silah və hərbi texnika tədarükünə icazə verilib. Bu satış, beynəlxalq ictimaiyyətin Qəzzada soyqırım törətməkdə ittiham etdiyi İsrailə qarşı təzyiqlərin artdığı bir vaxtda həyata keçirilib.

Statistikaya əsasən, Almaniyanın İsrailə 2024-cü ildəki ümumi silah ixracı artıq 161,1 milyon avroya çatıb. Bu rəqəm, 2023-cü ildə qeydə alınan 327 milyon avroluq silah satışının bir hissəsini təşkil etsə də, ümumi tendensiya silah ixracının əvvəlki illərə nisbətən artdığını göstərir.

Qeyd edək ki, 2023-cü ildə Almaniyanın İsrailə silah satışı 2022-ci illə müqayisədə 10 dəfə artıb.

Almaniyada silah ixracı ilə bağlı qərarlar İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi, Xarici İşlər Nazirliyi və Federal İqtisadi İşlər və İxrac Nəzarəti Ofisinin (BAFA) birgə razılığı ilə verilir. Xüsusi həssas hallarda isə bu qərarlar Baş nazirin rəhbərlik etdiyi Federal Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənir.

Bununla belə, Almaniyanın üçüncü ölkələr vasitəsilə İsrailə silah ixracı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Seçilən
2
turkic.world

1Mənbələr