"Amerikanın istənilən hərbi hücumu ciddi və dönməz nəticələrə gətirib çıxaracaq..."
ABŞ prezidenti Donald Tramp artıq İrana qarşı hərbi zərbə planını təsdiqləyib. Lakin hələlik bu planın həyata keçirilməsi üçün konkret göstəriş verilməyib.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşrin yazdığına görə, Ağ Evdə ümid edirlər ki, Tehran yaxın vaxtlarda özünün nüvə proqramından imtina edəcək və münaqişə hərbi mərhələyə keçmədən həllini tapacaq.
Hədəf Fordodakı uranın zənginləşdirmə zavodudur
Əgər hücum baş tutarsa, əsas hədəf İranın Fordo şəhərində yerləşən və dağın altında gizlədilmiş uranın zənginləşdirmə zavodu olacaq. Ekspertlərə görə, bu obyekt yalnız xüsusi tip - GBU-57A kimi ən güclü bombalarla məhv edilə bilər. Həmin bombaları da yalnız ABŞ-a məxsus "B-2 Spirit" tipli strateji bombardmançı daşıya bilir.
Tramp genişmiqyaslı müharibə istəmir
"Axios" nəşrinin Ağ Evdəki mənbələrinə əsasən, Tramp əməliyyatdan öncə ordudan zəmanət istəyir ki, bu obyektə endiriləcək zərbə uğurlu və effektli olacaq. ABŞ prezidenti eyni zamanda münaqişənin uzunmüddətli regional müharibəyə çevrilməsinin qarşısını almaq istəyir və yalnız lokal, cərrahi zərbələrlə kifayətlənməyi planlaşdırır.
Hücuma sayılı günlər qalır
"Bloomberg"-in məlumatına görə, ABŞ rəsmiləri yaxın günlərdə hücum ehtimalına hazırlaşır. Tramp isə ictimaiyyət qarşısında qeyri-müəyyənlik nümayiş etdirir. O, hərbi rəhbərliklə görüşdən əvvəl jurnalistlərə bildirib ki, hələlik yekun qərar verilməyib, lakin "variantlar masadadır". Tramp əlavə edib: "Mən qərarları son anda verməyi sevirəm, çünki xüsusilə də müharibə zamanı hər şey dəyişə bilər".
İran rəhbəri hələlik yalnız rəmzi olaraq hədəfdədir
Donald Tramp daha əvvəl Tehrandan "tam və qeyd-şərtsiz təslim" tələb edib və bu tələbi "son ultimatum" adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, İranın hava məkanı artıq tam nəzarət altındadır və hətta ayətullah Əli Xameneinin harada gizləndiyini də bilirlər. Tramp Xameneini "asan hədəf" adlandırıb, lakin bildirib ki, hələlik onun öldürülməsi nəzərdə tutulmur.
"İran heç vaxt təslim olmayacaq"
İranın ali lideri ayətullah Əli Xamenei cavabında bildirib ki, ölkəsi heç bir təzyiqə baş əyməyəcək. "Amerikanın istənilən hərbi hücumu ciddi və dönməz nəticələrə gətirib çıxaracaq. İran zorla sülhə və ya müharibəyə məcbur edilə bilməz. Biz öz müqavimətimizi davam etdirəcəyik", - Xamenei vurğulayıb.