BAKI, TurkicWorld
İsrail İrandakı nüvə obyektlərinə hücumları dərhal dayandırmalıdır.
TurkicWorld xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin İrana qarşı son hücumlarını sərt şəkildə tənqid edib və Tel-Əvivi nüvə obyektlərinə yönəlmiş hücumları dərhal dayandırmağa çağırıb.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) çıxış edən Zaxarova, İranın Buşəhr Atom Elektrik Stansiyasında rusiyalı mütəxəssislərin fəaliyyət göstərdiyini xatırladaraq, bu obyektlərin təhlükəsizliyindən dərin narahatlıq keçirdiklərini bildirib.
Zaxarovanın sözlərinə görə, İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar beynəlxalq hüquqa ziddir və regional sabitliyi ciddi şəkildə təhdid edir.
“İsrailin dinc nüvə obyektlərinə hücumları qəbuledilməzdir. Bu, beynəlxalq hüququn pozulması olmaqla yanaşı, nüvə fəlakəti riskini də artırır. Hücumlar nəticəsində çoxlu sayda mülki şəxs həyatını itirib. Bu, bütün regionu və eləcə də İsraili təhdid edən bir gedişdir.” - deyə o qeyd edib.
Rusiya rəsmisi zorakılığın dayandırılması, atəşkəsin təmin olunması və diplomatik müzakirələrin bərpası çağırışı edərək, Moskvanın danışıqlara dəstək verməyə hazır olduğunu da bildirib.
Zaxarova əlavə edib ki, ABŞ İsrail–İran qarşıdurmasına birbaşa qarışmaqdan çəkinməlidir və vəziyyətin daha da gərginləşməməsi üçün məsuliyyətli yanaşma nümayiş etdirməlidir.