İsrail və İran arasında qızışan qarşıdurma, regional təhlükəsizlik xəritəsini yenidən tərtib etməklə yanaşı, paralel münaqişə zonalarında siyasi dinamikanı da dəyişməkdədir.
Tehran bu gün yalnız Tel-Əvivlə deyil, həm də onun arxasındakı Qərb bloku ilə çoxcəbhəli müharibəyə sürüklənmək riski ilə üz-üzədir. Bu şəraitdə İranın regiondakı digər strateji məsələlərə – xüsusən Zəngəzur dəhlizi məsələsinə – əvvəlki qədər resurs ayırması və aktiv mövqe tutması sual altına düşür. Məhz bu kontekstdə, Tehran-Təl-Əviv qarşıdurmasının Cənubi Qafqazda hansı yeni geosiyasi imkanlar doğurduğu aktuallaşır.
İran uzun illərdir ki, Zəngəzur dəhlizinə ideoloji və strateji təhlükə kimi yanaşır. Onun əsas narahatlığı bu layihə vasitəsilə Türk dövlətlərinin fiziki bağlantı qazanması, Azərbaycanın mövqeyinin güclənməsi və Ermənistanın Rusiya-İran xəttindən uzaqlaşdırılmasıdır. Zəngəzur dəhlizi İran üçün sadəcə bir tranzit marşrutu deyil - bu, sərhəd təhlükəsizliyi, milli birliyin qorunması və regional hegemonluq uğrunda mübarizənin rəmzidir.
Lakin İsraillə müharibə ehtimalının artması, daxildə sosial-iqtisadi böhranın dərinləşməsi və regiondakı silahlı qruplaşmalara dəstək yükünün böyüməsi Tehranın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Belə bir vəziyyətdə İranın həm hərbi, həm də diplomatik baxımdan Cənubi Qafqaza əvvəlki kimi təzyiq etməsi çətinləşir. Bu isə Azərbaycanın və tərəfdaşlarının Zəngəzur dəhlizi məsələsində daha cəsarətli və praqmatik addımlar atmasına şərait yarada bilər.
Ermənistanda daxili çəkişmələr, Rusiya ilə münasibətlərdəki soyuma və Qərbin balanslı mövqe axtarışları fonunda Zəngəzur layihəsi təkcə bir regional marşrut yox, həm də güc balansının yenidən qurulması baxımından simvolik əhəmiyyət daşımağa başlayır. İranın mövqeyinin zəifləməsi bu simvolun reallaşmasına təkan verə bilər.
Amma Tehran tamamilə geri çəkilmiş deyil. O, hələ də Ermənistanla diplomatik əlaqələri gücləndirməyə, iqtisadi və logistik əməkdaşlıq vasitəsilə bu ölkəni öz orbitində saxlamağa çalışır. Ermənistan üçün isə İran hazırda Rusiyadan sonra ən önəmli balans faktorudur. Bu baxımdan, İranın görünən zəifliyi onu bu prosesdən tam kənarlaşdırmır – sadəcə, bir müddətlik görünməz fazaya keçirir.
Bu kontekstdə Azərbaycan üçün əsas vəzifə yaranmış fürsəti düzgün qiymətləndirməkdir. Diplomatik sahədə Türkiyə və Mərkəzi Asiya ölkələri ilə koordinasiyanın artırılması, Avropa və Rusiya ilə paralel təmasların davam etdirilməsi və Ermənistana qarşı təzyiqin deyil, əməkdaşlıq platformasının təklif edilməsi vacibdir. Bu, nəinki dəhlizin reallaşmasını sürətləndirə, həm də regionda dayanıqlı inteqrasiya üçün yeni mərhələ başlada bilər.
Nəticə etibarilə, İranın Yaxın Şərqdəki ağırlaşan mövqeyi Cənubi Qafqazda yeni fürsətlər doğurur. Zəngəzur dəhlizi məsələsi bu fürsətlərin mərkəzində dayanır. Amma bu imkanlar yalnız strateji təmkin, çevik diplomatiya və regional həmrəylik əsasında real nəticəyə çevrilə bilər. Çünki İranın zəifləməsi müvəqqəti ola bilər, lakin doğru zamanlamada atılmış düzgün addımlar tarixə strateji dönüş nöqtəsi kimi düşə bilər.
Züriyə Qarayeva