AZ

"ABŞ-ın "nəhəng bombası" və İranın nüvə bunkerləri: oyunu dəyişdirən silah, yoxsa psixoloji təzyiq aləti?" - BBC

 
"Bir bomba, bir qərar və Yaxın Şərqdə mümkün müharibənin başlanğıcı..."
 
ABŞ-ın hazırkı silah arsenalında ən iri qeyri-nüvə bombası hesab olunan GBU-57A/B, yəni Massive Ordnance Penetrator (MOP) – yerin dərin qatlarında yerləşən möhkəmləndirilmiş obyektləri sıradan çıxarmaq məqsədi ilə hazırlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
MOP nədir və hansı imkanlara malikdir?
 
Bu bomba 13,6 ton çəkiyə malikdir, təxminən 6 metr uzunluğundadır və yerin 61 metr dərinliyinə nüfuz etdikdən sonra partlayır. Onun özəlliyi odur ki, ardıcıl şəkildə bir neçə MOP bombası atılarsa, hər biri daha da dərinliklərə enərək daha çox ziyan verə bilər. Bu silahın istehsalçısı "Boeing" şirkətidir və hal-hazırda yalnız ABŞ ordusunun ixtiyarındadır. İsrailin isə bu tip bombalara çıxışı yoxdur.
 
MOP bombası hələlik döyüş şəraitində tətbiq edilməyib. Lakin ABŞ-ın Nyu-Meksiko ştatındakı "White Sands" poliqonunda bir neçə dəfə sınaqdan keçirilib. Onun partlayış gücü və nüfuzetmə qabiliyyəti 2017-ci ildə Əfqanıstanda istifadə olunan və "bomba anaları" kimi tanınan MOAB-lardan (9800 kq-lıq partlayıcı) daha üstün sayılır.
 
"B-2 Spirit" yeganə daşıyıcıdır
 
Bu nəhəng bombanı daşıya bilən yeganə təyyarə ABŞ-ın "B-2 Spirit" bombardmançısıdır - görünməz təyyarə texnologiyası ilə təchiz edilmiş və düşmən radarları tərəfindən aşkarlanması olduqca çətin olan qabaqcıl bir aviasiya vasitəsidir. 
 
"Northrop Grumman" şirkətinin istehsalı olan bu təyyarə 18 tona qədər faydalı yük daşıya bilir, lakin bəzi testlərdə ona iki MOP bombasının, yəni 27 tonluq yükün yerləşdirilməsi də mümkün olub. "B-2 Spirit"-in uçuş məsafəsi birbaşa 11 min kilometrə, havada yanacaq doldurma ilə isə 18,5 min kilometrə çatır. Bu da ona dünyanın istənilən nöqtəsinə saatlarla çatmaq imkanı verir.
 
"Fordo"nu hədəf almaq mümkündürmü?
 
İranın "Fordo" nüvə kompleksi ölkənin ikinci ən mühüm uran zənginləşdirmə obyektidir. O, Tehranın cənub-qərbində, Qum şəhərinə yaxın bir dağın içində yerləşir. Obyekt yerin təxminən 80 metr dərinliyində qurulub və həm İran, həm də Rusiya istehsalı olan "yer-hava" raket sistemləri ilə qorunur.
 
2009-cu ildə ictimaiyyətə açıqlanan bu müəssisədə 2023-cü ildə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən 83,7 faix zənginləşdirilmiş uran hissəcikləri aşkar edilib. Bu səviyyə demək olar ki, silah istehsalı üçün tələb olunan səviyyəyə uyğundur.
 
İsrail baş naziri Benyamin Netanyahu bu kompleksi "İsrailin mövcudluğuna təhdid" adlandırıb və onun tam məhvinin əsas hədəf olduğunu bəyan edib. İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter isə "Fordo"nun zərərsizləşdirilməsinin planlaşdırıldığını açıq şəkildə söyləyib.
 
MOP-u kim istifadə edə bilər?
 
Ekspertlərin fikrincə, İsrailin özündə belə bir bomba olmadığına və ABŞ-ın onu təkbaşına istifadə etməyə icazə verməyəcəyinə görə, MOP-un İran üzərində istifadəsi yalnız ABŞ-ın birbaşa hərbi müdaxiləsi ilə mümkün ola bilər.
 
Britaniyalı ekspert, professor Pol Rocers qeyd edir ki, belə bir əməliyyat zamanı təkcə B-2 bombardmançıları yox, həm də F-22 tipli "görünməz" qırıcılar düşmənin hava hücumundan müdafiə sistemlərini zərərsizləşdirmək üçün istifadə oluna bilər. Ardınca pilotsuz uçuş aparatları vasitəsilə zərbə nəticələri qiymətləndirilə bilər. Rocersin sözlərinə görə, ABŞ-ın MOP bombaları ilə bağlı ehtiyatı çox məhduddur, ehtimal ki, cəmi 10-20 ədəddir.
 
Trampın qərarı - qırılma nöqtəsi
 
Hal-hazırda ən mühüm sual budur: ABŞ prezidenti Donald Tramp bu bombaların istifadəsinə razılıq verəcəkmi? G7 sammitində bu haqda suallardan yayınan Tramp mövzuya açıq cavab vermədi: "Bu barədə danışmaq istəmirəm". İsrail isə hazırda yalnız müdafiə dəstəyi istədiyini bildirir.
 
Yehiel Leyterin "ABC News" kanalına verdiyi müsahibəsində isə o, qeyd edib ki, "Fordo" ilə bağlı vəziyyət sadəcə uzaqdan bombardmanla həll olunmalı deyil: "Bu məsələni öz gücümüzlə həll edə biləcək müəyyən imkanlarımız var. Hər şey səmanın üzərində uçmağa və uzaqdan bomba atmağa bağlı deyil".
 
Mümkün risklər və nəticələr
 
İran tərəfi isə hələ də nüvə proqramının dinc məqsədlər üçün olduğunu bildirir. Lakin son MAQATE hesabatında İranın nüvə sazişi çərçivəsində ilk dəfə ciddi şəkildə öhdəlikləri pozduğu qeyd olunub.
 
Nüvə silahlarının yayılmasının qarşısını alma siyasəti üzrə ekspert Kelsi Devenport bildirir ki, "Fordo" fəaliyyətdə olduğu müddətcə İran qısa müddətdə nüvə silahı hazırlamaq potensialını qoruyacaq.
 
Pol Rocers isə hesab edir ki, MOP-un tətbiqi belə zəmanətli nəticə verməyə bilər: "Bu silah hazırda yerin dərin qatlarında yerləşən nüvə obyektlərinə qarşı ən effektli vasitədir. Amma onun uğuru da, təsiri də 100 faiz təmin olunmur".
Seçilən
5
moderator.az

1Mənbələr