Unikal.az saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” və 18 İyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilib.
"Unikal" xəbər verir ki, Simpozium çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr” mövzusunda təşkil olunmuş panelin spikeri qismində çıxış edib.
Çıxış zamanı Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və deportasiya siyasəti nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qalması, onların uzun illər yarımçıq binalarda, zirzəmilərdə, yataqxanalarda ağır və dözülməz şəraitdə məskunlaşması barədə məlumat verilib.
Sədr müavini qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı kompleks və məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması sahəsində davamlı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban Əliyeva da bu məsələlərə xüsusi diqqət və həssaslıqla yanaşır, onların rifahının yüksəldilməsinə ardıcıl humanitar dəstək göstərir.
Məruzədə qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərin bərpası, dayanıqlı inkişafı və keçmiş məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər yalnız daxili sabitliyə deyil, bütün regionun təhlükəsizliyinə və sabitliyinə də mühüm töhfə verir. “Böyük Qayıdış” prosesi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında əsas istiqamət kimi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yer alıb.
Qeyd olunub ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Bununla yanaşı, köç prosesinin təşkili, köçkünlərin maarifləndirilməsi və reinteqrasiyası məqsədilə təbliğat-təşviqat işləri, xüsusi qaynar xətt xidmətinin yaradılması kimi təşəbbüslər “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində yer alır.
Bildirilib ki, Ermənistan uzun illər işğalda saxladığı Azərbaycan ərazilərini kütləvi şəkildə mina ilə çirkləndirib və bu da Böyük Qayıdış prosesinə ciddi maneələr yaradır. Azərbaycan bu məsələnin beynəlxalq müstəvidə həllinə çalışır və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın mina xəritələrini təqdim etməsi üçün təcili tədbirlərin görülməsini tələb edir. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Ermənistana qarşı təzyiqləri artırması zəruri hesab olunur.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Qərbi Azərbaycandan zorla çıxarılmış on minlərlə azərbaycanlı da bu gün hələ də doğma torpaqlarına qayıtmaq hüququndan məhrum vəziyyətdədir. Ermənistanda azərbaycanlılara qarşı aparılmış deportasiya, qəsdən yönləndirilmiş zorakılıq, hüquq pozuntuları və mədəni irsin məhv edilməsi aktları nəticəsində bu əhali qrupu uzun illər boyu beynəlxalq hüququn pozulması şəraitində didərgin həyat sürməyə məcbur qalıb.
Təqdimatda vurğulanıb ki, Azərbaycan dövləti yalnız qaçqın və məcburi köçkünlərin problemlərinin həlli deyil, həm də postmünaqişə dövründə reabilitasiya və reinteqrasiya sahəsində dünya miqyasında nümunəvi bir model formalaşdırmaqdadır.
Tədbirin sonunda sədr müavini Fuad Hüseynov iştirakçıların qayıdış prosesi və dövlət siyasətinin müxtəlif aspektləri ilə bağlı suallarını ətraflı şəkildə cavablandırıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.