Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
"Azərbaycana xaricdən gələn turistlərin sayında 70-80 faiz azalma ola bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında "Aristokrat Travel Azerbaijan" şirkətinin təsisçisi, turizm eksperti Nizami Həsənov qonşuluğumuzda baş verən münaqişənin uzanmasının Azərbaycanda turizm sektoruna təsirini şərh edərkən deyib.
Nizami Həsənov bildirib ki, İranla İsrail arasındakı münaqişə ilə bağlı olaraq hazırda Azərbaycanın turizm sektorunda çətin durum yaranıb:
"Hazırda həm Azərbaycanın şimal qonşusu, həm də cənub qonşusu müharibə aparır. Azərbaycan da iki böyük dövlətin əhatəsində olduğundan, onlarda baş verən proseslərin iqtisadi və turizm baxımından ölkəmizə ciddi təsirləri var".
Ekspert qeyd edib ki, turizm müstəvisində Azərbaycan hazırda "qırmızı zona" elan edilib:
"Dünya turizm xəritəsi, standart və qaydaları deyilən bir məqam var. Azərbaycan mövcud vəziyyətdə hazırda turizm baxımından "qırmızı zona" elan olunub. "Qırmızı zona" o deməkdir ki, hazırda turistlərin Azərbaycana gəlişi sual altındadır. Nəticədə mövcud durumla bağlı olaraq, xarici turistlərin cəlb olunması məsələsində ciddi problemlər yaşayacağıq".
Nizami Həsənov düşünür ki, mövcud vəziyyətdə ölkəmizə gələn xarici turistlərin sayında 70-80 faizə qədər azalma baş verə bilər:
"Münaqişə bu formada davam etsə, xarici turizmdə ciddi geriləmələr olacaq".
Problemdən çıxış yollarına gəldikdə, həmsöhbətimiz bildirir ki, çətinliyin aradan qaldırılması üçün yaxın qonşularda nələrin baş verməsindən asılı olmayaraq, Azərbaycandakı durumun, sabitliyin yüksək səviyyədə olduğunu təbliğ etmək lazımdır, təşviqat proqramları olmalıdır. O həmçinin qeyd edib ki, mövcud vəziyyətdə əsas diqqət daxili turizmə yönələ bilər:
"Daxili turizm hər zaman prioritetdir. Azərbaycan iqtisadiyyatı üçün daxili turizm çox əhəmiyyətlidir".
Rüfət Sultan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.