Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran hakimiyyətinin Azərbaycanı əsassız yerə ittiham etməsi yeni hadisə deyil, bunu dəfələrlə müşahidə etmişik. Ələlxüsus İslam İnqilabi Keşikçiləri Korpusu (SEPAH) hər fürsətdə ya Azərbaycanı İsrail hərbi bazalarına ev sahibliyi etməkdə ittiham edib, ya mollaların dilindən mənasız hədyanlar səsləndirilib, ya da dizimizin dibində hərbi təlimlər keçirməklə paralel mövqeyimizin əleyhinə bəyanatlar verilib. Həmin SEPAH indi də ölkəmizə qarşı sərsəm bəyanatla çıxış edib, Azərbaycanı İsrailə dəstək verməkdə günahlandırıb. Hətta İran sərhəd komandanlığı qonşu ölkələrdən İrana qarşı öz ərazilərindən gələn düşmənçilik hərəkətlərini dayandırmasını gözlədiklərini bəyan edib.
Düzdür, işin gülməli tərəfi odur ki, İran Azərbaycanı ittiham edirdi ki, ölkəmizdə İsrailin hərbi bazası var, amma Təl-Əvivin Tehrana hücumu zamanı məlum oldu ki, İsrail hərbi bazası Azərbaycanda yox, elə İranda olub. Hücum da ilk olaraq oradan həyata keçirilib. İndi sual yaranır ki, İranda hərbi baza quran İsrail, hücum edən İsrail, hədəf niyə Azərbaycan olsun?
Mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə bildirib ki, İran-İsrail münaqişəsi hələ başlamamışdan əvvəl də, təəssüflər olsun ki, İran tərəfi Azərbaycana qarşı xoşagəlməz fikirlər səsləndirib və hətta İsrailin guya hərbi bazalarının Azərbaycanda yerləşməsi ilə bağlı yalan məlumatlar, böhtan xarakterli informasiyalar tirajlanıb:

"Dəfələrlə bununla bağlı Azərbaycanın da mövqeyi olub və konkret olaraq İranda Azərbaycanı bu məsələlərdə ittiham edən tərəflərin əlində heç bir sübut, konkret faktlar olmayıb və ola da bilməz. Çünki belə bir məsələ reallıqda yoxdur və bu, yalnız Azərbaycana qarşı böhtan kampaniyasının tərkib hissəsidir".
"İndi də bu bir həftə ərzində məlum olur ki, əslində, İranın daxilində İsrailin xüsusi xidmət orqanlarına işləyən bir şəbəkə olub. Tehran da öz gözündəki tiri görməyib, başqasının gözündə çöp axtarır. Yəni öz problemlərini həll edə bilməyiblər və hər məsələdə Azərbaycanı ittiham etməyə çalışırlar. Təəssüf ki, bu yanaşma torpaqlarımız işğal altında olan müddətdə də, 44 günlük Vətən müharibəsi dövründə də, ondan sonrakı dönəmdə də gündəmə gəlib. İran Azərbaycana deyil, mühafizə etdiyi islam dininə düşmən kəsilən ermənilərə dəstək verib. Biz də bu məsələləri gündəmə gətirərək, qonşu dövlətlə münasibətlərin pozulmasına rəvac verə biləcək addımlardan çəkinməyə çağırmışıq, özümüz də əks bir addım atmamışıq.
Xüsusi olaraq qeyd eləmək istəyirəm ki, Azərbaycan bütün qonşuları ilə bizə hansı münasibətdə olmalarından asılı olmayaraq, bərabərhüquqlu dostluq və qonşuluq münasibətlərində olmağı üstün tutur. Biz bunu təkcə sözlə deyil, əməldə də dəfələrlə sübut etmişik. Eləcə də İran dövləti ilə. Xüsusilə də İranda bizim 40 milyon nəfərə yaxın soydaşımızın yaşadığını nəzərə alaraq, İrana yönəlik münasibətimiz bu kontekstdə olub - normal münasibətlərin formalaşmasında maraqlı olmuşuq və bu gün də maraqlıyıq", - deyə deputat vurğulayıb.
Müsahibimiz əlavə edib ki, bu cür böhtan xarakterli informasiyalar iki ölkə arasında münasibətlərin pozulmasına yönəlib:
"Azərbaycan heç vaxt imkan verməyib ki, onun ərazisindən hansısa digər dövlətə qarşı mənfi addım üçün istifadə olunsun. Bu, açıq şəkildə də bəyan olunub. Heç bir halda Azərbaycana bu kimi məsələlərdə ləkə atmaq mümkün deyil".
Cənubi azərbaycanlı siyasi fəal, "GünAz" TV-nin rəhbəri Əhməd Obalı isə Oxu.Az-a açıqlamasında İranın SEPAH-a yaxın mənbələrində yenə də Azərbaycana qarşı ittihamlar səslənməsini qınayıb:

"Bütün bunlar Azərbaycan düşmənçiliyinin davamıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisindən başqa bir ölkəyə hücum edilməsinə icazə verilmir. Bu, dövlətin rəsmi mövqeyidir. Üstəlik, Azərbaycandan başqa bir ölkəyə heç vaxt hücum da həyata keçirilməyib".
"Ancaq İsrail-İran müharibəsində bir şey bizə məlum oldu ki, Cənubi Azərbaycan ərazisində İran nə qədər raket, silah-sursat, izləmə radarları yerləşdirib. İsrail bu silahları vurduqca üzə çıxır hamısı. Bəs bu silah-sursat kimə qarşı olub? Hər halda İraqa, Rusiyaya, Ermənistana qarşı olmayıb. Arazın o tayında yerləşdirilən izləmə cihazları ilə kimi izləyiblər? Yəqin ki, İsraili izləməyiblər. Ona görə də bu ittihamları düşmənçiliyin daha bir nümayişi hesab edirəm", - fəal vurğulayıb.
Obalı əlavə edib ki, Azərbaycandan İrana qarşı təsdiqini tapmış heç bir neqativ əməli addım atılmayıb:
"Ona görə də bu ittihamlar səngiməsə, onların özlərinin əleyhinə çevrilə bilər. Bu baxımdan, İran da diqqətli olmalıdır. Çünki Azərbaycan əvvəlki Azərbaycan deyil, ondan ittiham yerinə xahiş etmək lazımdır".
Mərahim Nəsib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.