AZ

“EATDA iki ildir 7 min manatlıq mükafatımı vermir” Elmlər doktoru Prezidentə müraciət etdi

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Elm və Təhsil Nazirliyinin (ETN) Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) iki il ərzində 7 000 manat məbləğində nəzərdə tutulmuş mükafatımı verməkdən boyun qaçırır, göstəricilərlə saxtakarlıq edir”. 

Bu iddia ilə “AzPolitika”-ya müraciət edən ETN Fizika İnstitutunun əməkdaşı, fizika elmləri doktoru Elman Şahverdiyev bildirib ki, problem 2023-cü ildən bəri həllini tapmır.

“Mayın 29-da direktor Ülkər Səttarovanın qəbulunda oldum, ancaq məni dinləmək əvəzinə polis çağırdı və uzaqlaşdırdılar. Özünü qanundan üstün tutur, imzaladığı sənədlərdən belə xəbərsizdir, kütləvi saxtakarlıq edir”, – deyə Şahverdiyev qeyd edib.

Şikayətçi vurğulayıb ki, hazırda alimlər SCOPUS bazasından geniş istifadə etsələr də, EATDA göstəriciləri şəffaf şəkildə hesablamaqdan imtina edir: “Əlimdə aylıq mükafat alanların siyahısı var. Orada bir nəfərin balı 1,61-dir, halbuki keçid balı 2-dir. Deməli, nəticələrə müdaxilə olunub”.

“Ü.Səttarova soruşur ki, siyahını necə əldə etmisən? O, elmi zülmətdə saxlayır və kimə istəsə mükafat verir. Açıq-aşkar dedi ki, ‘özünü yaxşı aparsaydın, sənə də düşünərdik, amma verməyəcəyik’” -deyə, o, bildirib.

Şahverdiyev bildirir ki, 2024-cü ildə mükafatçılar yalnız SCOPUS məlumatlarına əsasən seçilib, 2025-ci ildən etibarən isə abunə olunmayan Web of Science (WoS) bazası da əlavə edilib: “WoS kommersiya təşkilatıdır, demək olar ki, heç nə açıqlamır. Bu, direktorun göstəriciləri istədiyi kimi manipulyasiya etməsinə şərait yaradır. Düşünürəm ki, WoS-dan təcili imtina olunmalıdır”. 

Şikayətçi iddia edir ki, “TOP mükafatlar” eyni 10–30 nəfərlik qrup arasında bölüşdürülür: “H-indeksləri 10-a çatmasa da, eyni şəxslər hər il bir neçə yerdən mükafat alır.Mənim ‘təmiz’ H-indeksim 14-dür – institutda ən yüksək göstəricidir. Lakin direktor məhz yüksək H-indeksli alimləri kənarda saxlayır, müsabiqə bitdikdən sonra qaydaları dəyişir”.

“Cənab Prezident, Ülkər Səttarovanın dövlət büdcəsinə vurduğu ziyanı araşdıracağınıza və mənim haqlarımı tam şəkildə bərpa edəcəyinizə ümid edirəm”, – Elman Şahverdiyev müraciətində vurğulayıb.

Şikayətçinin sözlərinə görə, elm və təhsil naziri onu qəbul etməkdən imtina edib: “Nazir daha çox təhsil sahəsinə diqqət yetirir; elm sahəsinə rəhbərliyi isə ‘çavuşun orduya komandanlığı’na bənzəyir”.

 “AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
azpolitika.info

1Mənbələr