Azərbaycan işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı böyük addımlar atır. Bu istiqamətdə görülən işlər nəticəsində 30 ilə yaxın yurd həsrəti çəkən insanlar öz doğma torpaqlarına, evlərinə qayıdır.
Bu prosesin – Böyük Qayıdışın təməli hələ 2016-cı ildə qoyulub. Belə ki, həmin ilin aprelində baş vermiş dördgünlük döyüşlər nəticəsində Azərbaycan Ordusu qısa zamanda torpaqlarımızın bir hissəsini işğaldan azad edərək şanlı Zəfər səhifəsini yazdı. Aprel döyüşlərinin tarixi əhəmiyyəti sırasında, həmçinin, həmin vaxtdan başlayaraq Böyük Qayıdış prosesinə start verilməsini xüsusi qeyd etmək olar. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama uyğun olaraq Böyük Qayıdış prosesinə start verildi. Beləliklə, Cocuq Mərcanlı Böyük Qayıdışın ilk ünvanı oldu.
Üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır
2020-ci ildə Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizdən dərhal sonra işğal dövründə Ermənistan tərəfindən vandallığa məruzqalan doğma ərazilərimizdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıldı. 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Vətən müharibəsindən ötən müddətdə işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Qarabağ iqtisadi rayonunun və Şərqi Zəngəzur iqtisadi rayonunun çox geniş inkişaf potensialı var və burada sürətli işlər həyata keçirilir. Bu işlərin vaxtında və yüksək keyfiyyətlə icra olunmasında insan amili mühüm rol oynayır. Görülən işlərin ilkin nəticəsi olaraq 2022-ci ildə Zəngilan rayonunun Ağalı kəndinin sakinlərinin doğma yurdlarına qayıdışı baş tutdu. Məcburi köçkün həyatı yaşayan insanların bir hissəsi öz doğma dədə-baba yurdlarına qayıtdı və orada həyat yenidən başladı. Həmin vaxtdan etibarən keçmiş məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi prosesi davam edir. Digər yaşayış məntəqələrinə məcburi köçkünlərin qayıdışı davam edir. Düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası hazırda sürətlə davam etdirilir. Böyük Qayıdış Proqramı çərçivəsində böyük addımlar atılır. Azad olunmuş şəhərlərə və kəndlərə yaxın üç ildə 140 min insanın köçürülməsi planlaşdırılır. Nəhəng vəsait və qüvvə tələb edən bu işləri Azərbaycan kənardan bir manat belə almadan özü görür.
Əhalinin qayıdışı ilə paralel istehsalat, xidmət müəssisələri, rezidentlər yaradılır
İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ümumilikdə 43 mindən çox əhali yaşayır və fəaliyyət göstərir. 2025-ci ilin sonuna qədər daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlər qayıdacaq, beləliklə 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaq. Diqqəti çəkən məqam odur ki, əhalinin qayıdışı ilə paralel azad rayonlarda istehsalat və xidmət müəssisələri, rezidentlər yaradılır. Bu ilin yanvar-aprel ayları ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 656 yeni iş yeri yaradılıb. Qarabağın dirçəldilməsi prioritetinə uyğun olaraq, işğaldan azad edilmiş ərazilərin bərpası, regionun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Prezidentin müvafiq fərmanları ilə Ağdam şəhərində Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında sahibkarlar üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra Ağdam Sənaye Parkı ölkədə ikinci böyük park hesab olunur. Ötən il Azərbaycan və Özbəkistan şirkətlərinin birgə fəaliyyəti nəticəsində Xankəndidə inşa olunan tikiş fabriki fəaliyyətə başlayıb. 1,2 hektar ərazini əhatə edən bu müəssisədə 250-dən çox işçi fəaliyyət göstərir. O cümlədən, ötən 5 ildə işğaldan azad edilmiş rayonlarda bir neçə müasir otel istifadəyə verilib.
İş yerlərinin açılması məşğulluğun təmin edilməsi baxımından önəmli addımdır
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun fikrincə, işğaldan azad edilmiş rayonlarda istehsal və xidmət sahələrinin açılması məşğulluğun təmin edilməsi baxımından önəmli addımdır: “Çünki təkcə məcburi köçkünlərin azad edilmiş kənd və şəhərlərə köçürülməsi yetərli deyil. Bunun üçün ilk növbədə azad edilmiş ərazilərdə iş yerləri olmalıdır. Düzdür, məcburi köçkünlər qayıdandan sonra bir sıra sosial sahələrdə çalışırlar. Məsələn, müəllim, həkim, polis və s. olaraq əmək fəaliyyətinə cəlb olunublar. Ancaq bu, yetərli deyil. Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı zavodlar, fabriklər və digər bu kimi istehsal, xidmət müəssisələri olmalıdır ki, ora qayıdanların daimi və dayanıqlı işlə təmin olunması mümkün olsun. Yoxsa ora qayıdan məcburi köçkün bir müddət sonra Bakıya iş dalınca gəlirsə, o zaman bu, qayıdış prosesinin effektivliyini şübhə altına qoya bilər. Bu səbəbdən çalışmaq lazımdır ki, yerli və xarici sahibkarlar azad rayonlara daha çox sərmayə qoymaqda maraqlı olsunlar. Daha çox investisiyanın qoyulması, daha çox yeni iş yerinin açılması deməkdir. Həmçinin, otellərin fəaliyyətə başlaması turistlərin o bölgələrə cəlb olunması baxımından əhəmiyyətə malikdir. Bütün bunlar orada iqtisadi və sosial inkişafa müsbət təsir edəcək”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.