AZ

Putin Xəzər dənizi ilə bağlı tapşırıq verdi: Suyun dayazlaşması nə üçün problem yaradacaq?

Xəzər dənizinin dayazlaşma problemi çoxdandır Azərbaycanı rəsmi səviyyədə narahat edir. Dünən Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, problem çox böyük, hətta deyərdim, qlobal xarakter daşıyır, çünki Aral dənizi və digərləri ilə bağlı faciəvi nümunələr bizə məlumdur. 

Problemin Rusiyanı narahat etməsi və mənfi təsirləri haqqında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov Demokrat.az-a açıqlama verib. 

O bildirib ki, Xəzərin dayazlaşması suyunun azalması ilə əlaqədardır:

"Putin bu haqda hələ çox danışacaq. 2024-cü ilin avqust ayında o Bakıya dövlət səfəri etdiyi zaman prezident cənab İlham Əliyev Xəzər dənizində suyun səviyyəsinin düşməsi ilə bağlı məsələ qaldırdı. Səfərdən qayıtdıqdan sonra Rusiya Həştərxan qubernatoruna, nazirliklərə, müvafiq orqanlara tapşırıqlar verildi. Çünki Xəzəri su ilə təmin edən əsas amil Volqa çayıdır və Volqa çayı Rusiya ərazisindən axır. Volqa çayından suyun həddən artıq çox götürülməsi ehtimal olunur. Bir ay bundan öncə qazaxıstanlı ekspertlər Rusiyanı ittiham etməyə başladılar ki, Volqa çayı suvarma üçün həddən artıq istifadə olunduğuna görə Xəzər dənizi su ilə təmin oluna bilmir. Bir az sonra İran da məsələyə reaksiya verə bilər. Ona görə də Putin məcburdur ki, Xəzəryanı dövlətlər qarşısında dilinin qısa olmaması üçün məsələ ilə məşğul olduğunu göstərsin. Ümid edirik ki, bu tapşırıqlar yaxşı nəticə verər".

Ekoloq Qorxmaz İbrahimli açıqlamasında bildirib ki,  Xəzərin dayazlaşması ən çox Rusiyaya zərər verir:

"Çünki Rusiyanın Xəzər dənizində hərbi flotilyası və sualtı qayıqları var.  
Sadəcə Rusiya hər zaman olduğu kimi xərclərdən qaçınmaq istədiyindən Xəzərin səviyəsinin sabitləşdirilməsinə yatırım etmək istəmir.  
Onların öncəliyi digər Xəzəryanı dövlətlərin yatırım etmələridir.  Halbuki Xəzər sahilindəki ən böyük dövlət kimi əsas maliyə dəstəyi Rusiyadan olmalıdır.  
Putinin də danışmasına səbəb yaxın və orta şərqdəki hərbi-siyasi durumdur. Xüsusən, İran yeddi gün əvvəl başlanmış hücumların fonunda rus strateqləri Xəzərin əhəmiyyəti barədə Putinin masasına yeni bilgilər qoyublar". 


Əfsanə Kamal
Demokrat.az
Seçilən
3
3
demokrat.az

4Mənbələr