AZ

Trampı İsrail-İran müharibəsinə girməkdən çəkindirən əsas amil...


Zərdüşt Əlizadə: "Donald Tramp kimi birisinin Amerika prezidenti seçilməsi onu göstərir ki, demokratik sistemlərin də öz qüsurları var"

Hamıya bəllidir ki, İsrailin arxasında dayanan ABŞ-dır. Daha doğrusu, İsrail Yaxın Şərqdə, o cümlədən də İranda Amerikanın tapşırıqlarını yerinə yetirir. Amma hazırkı vəziyyət onu göstərir ki, İranın cavab zərbələri heç də İsrailinkindən geri qalmır. Üstəlik, İsrail İranın əsas nüvə obyektlərini vura bilmir.

Çünki onun binkerləri desə bilən bombaları yoxdur. Yəni İsrail ona verilən tapşırığı yerinə yetirə bilmir. Elə isə Amerika müharibəyə niyə girmir? Rusiya və Çindən qorxur, yoxsa hələ buna ehtiyac duymur?

Məsələ ilə bağlı baki-xeber.com-a münasibət bildirən politoloq Zərdüşt Əlizadə dedi ki, hazırda Amerikanın İran-İsrail müharibəsinə qoşulmaq, yəni İrana hücum etmək ehtimali iki səbəbdən böyükdür: "Birincisi, Amerikanın Yaxın Şərqdə strategiyası ondan ibarətdir ki, İsrail vasitəsilə bütün müsəlman ölkələrini özünə tabe etsin. Bu regiondakı müsəlman ölkələrinə Qərb və ABŞ qarşısında diz çökmüş başçılar qoyulub. Onlar bu ölkələrin xammal və digər sərvətlərindən yetərincə istifadə edirlər. Bu regionda Amerika qarşısında yeganə diz çökməyən dövlət İrandır. İndiyə qədər bütün ərəb liderlerini müxtəlif vasitələrlə devirib, yerinə öz adamlarını qoyublar. Devrilənlər sırasında Müəmmar Qəddafi, Məhəmməd Mursi, Ömər Bəşir, Səddam Hüseyn, ən sonda da Bəşər Əsəd və s-lər var. İndi yeganə dövlət İrandır ki, onlara tabe olmaq istəmir.

ABŞ ümid edirdi ki, İsrail bu işin öhdəsindən gələ biləcək, amma gələ bilmir. Ona görə də İsrail Amerikadan tələb edir ki, müharibəyə qoşulsun, ona kömək etsin. Amerika bu müharibəyə qoşula bilər, çunki bilirlər ki, İranın müttəfiqləri yoxdur. Nə Rusiya, nə də Çin İran xatirinə Yaxın Şərqdə müharibəyə qoşulmayacaq. Əmindirlər ki, sıravi müsəlmanlar Qərbin və Amerikanın təcavüzünə qarşı olsa da, amma müsəlman liderləri onlardan asılı vəziyyətdədir, onlara asi çıxmayacaqlar. Burada bir faktor da Trampın xarakteridir. Tramp dəlisov, savadsız, hərəkətlərinin aqibətini anlamayan bir liderdir. Tramp mənə sovet lideri Nikita Xruşşovu xatırladır. O, da hərəkətlərinin aqibətini anlamırdı və heç kəslə hesablaşmırdı.

Amerika hakim zümrəsində İsrail milyarderlərinin böyük nüfuzu var. Onlar, demək olar ki, Amerikanın bütün siyasi sistemini satın alıblar. ABŞ siyasətçiləri israilli milyarderlərdən aldıqları milyonların müqabilində İsrailə dəstək verməyə hazırdırlar.

İsrail həm də Amerikanı şantaj edir ki, əgər mən görsəm uduzuram, nüvə silahından istifadə edəcəm. Ona görə də Tramp bəyan edir ki, bütün kozırlar məndədir, mən nə istəsəm edəcəm, İran təslim olmalıdir. İran isə deyir ki, mən təslim olmayacam. Belə bir şəraitdə Amerikanın muharibəyə qoşulmaq ehtimalı yüksəkdir. Qoşulsa qələbə qazana biləcəkmi? Bunu demək çətindir. Bəli, Amerika İrana böyük ziyan vura bilər. Hazırda İrana qarşı hücumda 300 İsrail təyyarəsi iştirak edir. Hər hücumda 50-60 təyyarə qaldırırlar. Amerikanin təyyarə daşıyan iki gəmisi də bölgədədir. Onların hərəsində təxminən 100 təyyarə var. Lap bazalarla birlikdə 500 təyyarə qaldırib, İranı bombalamaq olar. Əvəzində isə İran əli çatan məsafədə yerləşən ABŞ-a məxsus hərbi bazaları və donanmanı vura bilər. İran cavab zərbələrini onlara endirəcək və bəşəriyyət dünya müharibəsinin astanasına sürüklənəcək. Yəni Donald Tramp kimi birisinin Amerika prezidenti seçilməsi onu göstərir ki, demokratik sistemlərin də öz qüsurları var".

Akif NƏSİRLİ

Seçilən
5
baki-xeber.com

1Mənbələr