Qasım Hacıyev: “Prezidentin də müraciəti beynəlxalq aləmə və Ermənistana bir mesajdır ki, azərbaycanlıların geriqayıdış hüququ təmin edilməlidir”
Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsi yalnız ölkə daxilində deyil, artıq beynəlxalq gündəmdə müzakirə mövzusudur.
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan azərbaycanlıların öz ata yurdlarına qayıtması hüququnu tanımalıdır, onların ləyaqətli və təhlükəsiz qayıdışlarını təmin etməlidir.
Prezident İlham Əliyev "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində də bu məsələyə yer verib.
Prezidentin müraciətində qeyd olunur: “Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.
Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınların hüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələ keçən əsrin əvvəllərindən başlayaraq Qərbi Azərbaycandan Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorla çıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətli deportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər belə azərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədim tarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər, qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların öz vətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələb edir”.
“Bu siyasət çox ədalətlidir və beynəlxalq hüquq prinsiplərinə, tarixi gerçəkliklərə, əsaslara söykənir”
Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyevin daha bir beynəlxalq tədbirdə Qərbi Azərbaycana qayıdış məsələsini qaldırması bu məsələyə beynəlxalq aləmin diqqətinin cəlb edilməsi və sair tərəfdən çox əhəmiyyətlidir: “Qərbi azərbaycanlıların indiki Ermənistana, öz ata-baba yurdlarına qayıtması ilə bağlı ardıcıl siyasət yeridilir. Prezident İlham Əliyev həm tarixi faktlara, həqiqətlərə, həm də beynəlxalq hüquqa istinad edərək çox haqlı tələblər qoyur. Ermənistan qarşısında qoyduğu bu tələbin həyata keçirilməsi üçün ardıcıl addımlar atır.
Tarixi gerçəklikdir ki, keçən əsrdə üç dəfə Azərbaycan xalqını öz ata-baba yurdları olan Qərbi Azərbaycandan, indiki Ermənistandan zorla qovublar, deportasiya ediblər, etnik təmizləməyə məruz qoyublar. Ermənistanın deportasiya, etnik təmizləmə siyasətinə qarşı Azərbaycan dövləti ortaya kəskin siyasət qoyur. Bu siyasət çox ədalətlidir və beynəlxalq hüquq prinsiplərinə, tarixi gerçəkliklərə, əsaslara söykənir”.
Q.Hacıyev qeyd etdi ki, XIX əsrin əvvəllərindən köçürülərək bizim torpaqlarda yerləşdirilən ermənilərin bu ərazilərə gəlmə olması faktdır, bunu dünyada da çox yaxşı bilirlər: “Bu, tarixi, hüquqi sənədlərlə sübut olunub. Sovet dövründə bu faktları dünya ictimaiyyətinə çatdırmağa imkan verilmirdisə, indi artıq bütün yazılarda, elmi kitablarda, məqalələrdə, siyasi mübarizədə, diplomatiyada bu məsələ əsas xətdir və bu ərazilərin Azərbaycan xalqına məxsus olduğu tarixi faktlarla sübut olunub.
Prezidentimiz də bunu dəfələrlə bəyan edib. Prezidentin son dövrlərdəki qərarları, gördüyü işlər, beynəlxalq konfranslarda, tədbirlərdə etdiyi çıxışlar bir daha onu göstərir ki, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına qayıtmaq hüququ tanınmalıdır. Azərbaycanlıların vaxtilə deportasiya edildikləri tarixi yurdlarına qayıtmaq haqları var və bunu heç kəs inkar edə bilməz”.
Q.Hacıyev bildirdi ki, Prezidentin bu vacib məsələni beynəlxalq tədbirlərdə, konfranslarda gündəmə gətirməsi Ermənistana və onun havadarlarına da ciddi bir mesajdır: “Qərbi azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində öz tarixi yurdlarına qayıtması tələbinə dünya ictiamiyyəti ciddi dəstək verməlidir. Soydaşlarımızın Ermənistan tərəfindən tapdanmış hüquqlarının bərpa edilməsinə beynəlxalq aləm, beynəlxalq təşkilatlar biganə qalmamalıdır. Ermənistandan qovulmuş azərbaycanlıların tarixi yurdlarına qayıdışının təmin olunması onların beynəlxalq hüquq çərçivəsində müəyyənləşmiş haqlarıdır. Prezidentin də müraciəti beynəlxalq aləmə və Ermənistana bir mesajdır ki, azərbaycanlıların geriqayıdış hüququ təmin edilməlidir. Hesab edirəm ki, Ermənistan və onun havadarları bu qayıdışın əleyhinə olmaqdansa, o insanların haqqını tanımalıdır”.
Q.Hacıyev onu da vurğuladı ki, beynəlxalq qurumlar Qərbi azərbaycanlıların problemi ilə tanışdırlar, onların üzərinə düşən hərəkətə keçmək və Ermənistan qarşısında tələb qoymaqdır.
Q.Hacıyev qeyd etdi ki, indiki Ermənistan Azərbaycanın ermənilərə verilən 9,8 min kvadrat kilometr ərazisi üzərində qurulub, sonrakı işğallar nəticəsində Ermənistanın ərazisi 28 min kvadrat kilometrə çatdırılıb. Ermənilərin tarixi gerçəyi nəzərə almalı olduğunu deyən Q.Hacıyev vurğuladı ki, onlar bu torpaqların Azərbaycan xalqının tarixi torpağı olduğunu etiraf edib azərbaycanlı qaçqınları geri qaytarmalıdırlar.
İradə SARIYEVA