Bəhruz Quliyev: "Bu cür əsassız ittihamlar müharibəyə sürükləmə cəhdləridir"
“Təbrizdəki hücumlarda yüzlərlə hərbçi və mülki şəxs həlak olub və yaralanıb”. İranlı politoloq Əhməd Kazemi yazır ki, bu hücumların çoxu dron və kvadrokopterlər vasitəsilə həyata keçirilib, sərhəd kəndlərinin sakinlərinin dediyinə görə, onlar Qarabağdan İrana daxil olublar.
O qeyd edir ki, İranın radar mərkəzlərinə, o cümlədən Ərdəbil, Cermi, Xoraslu, Culfa və bu sərhədyanı rayonlardakı bəzi sərhəd postlarına, o cümlədən Biləsəvara hücumların əsas səbəbi AD kimi tanınan Bakı-Təl-Əviv müştərək pilotsuz uçan aparatların istehsalı zavodunda İsrail istehsalı olan pilotsuz təyyarələrin və kvadrokopterlərin ölkəyə idxalı üçün əlverişli şərait yaratmaqdır.
İranlı politoloqun dediyindən belə çıxır ki, guya Təbrizə pilotsuz təyyarələr Qarabağdan göndərilib və bu üzdən ölkəmizi ittiham edir.
"Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti və region ölkələrini məsuliyyətli və ədalətli mövqe sərgiləməyə, faktlara söykənməyən bəyanatlardan çəkinməyə çağırır"
Mövzu ilə bağlı fikir bildirən "SƏS" Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, son günlər bəzi anti-azərbaycan mövqeli ekspert və politoloqlar tərəfindən Azərbaycana qarşı səsləndirilən ittihamlar narahatlıq doğurur və bu cür açıqlamalar beynəlxalq hüquqa və qonşuluq prinsiplərinə ziddir: "Bu günlərdə iranlı politoloq Əhməd Kazeminin də “Təbrizdəki hücumların Qarabağdan idarə olunan pilotsuz aparatlarla həyata keçirildiyi” barədə səsləndirdiyi fikirlər qərəzli, sübutlardan uzaq və təhlükəli ritorikanın nümunəsidir. Bu cür bəyanatlar bölgədə sabitliyin pozulmasına xidmət edir və Azərbaycanı qeyri-mövcud hadisələr fonunda münaqişəyə sürükləmək məqsədi güdür. Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, öz ərazisindən digər ölkələrin təhlükəsizliyinə qarşı istifadə olunmasına yol verməyəcək və bu prinsipi dövlət siyasətinin əsas xətti kimi qoruyub saxlayır. Müxtəlif tərəflərdən yönəlmiş əsassız və təxribat xarakterli bəyanatların məqsədi ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq, Azərbaycan-İran münasibətlərinə xələl gətirmək və bölgədə gərginliyi artırmaqdır".
Ekspert əlavə etdi ki, Azərbaycan dövləti regionda sülh, əməkdaşlıq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin tərəfdarıdır. Heç bir qüvvə bizi qeyri-müəyyən və qərəzli ittihamlarla müharibəyə cəlb edə bilməz. Bu kimi təxribatçı açıqlamalar əslində bölgədə sabitlik və təhlükəsizlik üçün əsas təhlükə mənbəyidir: "Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti və region ölkələrini məsuliyyətli və ədalətli mövqe sərgiləməyə, faktlara söykənməyən bəyanatlardan çəkinməyə çağırır. Hesab edirəm ki, regional sülhün qorunması hər bir dövlətin birgə məsuliyyətidir".
Günel CƏLİLOVA