Məcid Cavad Araz: "Bu gün çox ciddi iddialar var ki, Putin Ukraynada Trampdan güzəştlər almaq hesabina İranı Amerikaya güzəştə getməyə hazırdır"
İran rəsmiləri nə qədər bəyanat versə də ki İsrailə layiqli cavab verəcəklər, müstəqil ekspertlərin fikrincə, müharibə uzansa Tehran hakimiyyəti daha tez tükənəcək. Ona görə də İran öz müttəfiqlərindən dəstək umur. Onun ən yaxın müttəfiqləri isə Rusiya və Çindir.
İran Rusiya və Çindən kömək gözləyir. Ancaq Çin və Rusiya yalnız İsraili qınayan bəyanatları verməklə kifayətlənir. Yəni bu iki dövlət İrana yalnız siyasi dəstək verir.
Çin və Rusiya İranı nəyə görə hərbi güclə dəstəkləmir?
Baki-xeber.com-un sualını cavablandıran siyasi şərhçi Məcid Cavad Araz bildirdi ki, İranın Çin və Rusiyadan siyasi dəstəkdən əlavə başqa maddi və ya silah yardımları ala bilməyəcəyi əvvəlcədən aydın görünürdü: "Çunki Çin Ukrayna ilə müharibədə də Rusiyaya bənzər bir şəkildə siyasi dəstək verdi. Çinin Rusiyaya hərbi dəstəyi cuzi oldu, o da müharibənin ilk dövrlərinə təsadüf etdi. Bunun səbəbi ondan ibarətdir ki, Çinin özünün Qərblə çox ciddi iqtisadi əlaqələri var. Çinin də bu iqtisadi əlaqələrə çox ciddi ehtiyacı var. Bilirsiniz ki, Çin həm daxili, həm də xarici siyasətdə iqtisadiyyata daha çox önəm verir, onu üst səviyyədə tutur. Çin bu iqtisadi əlaqələrin siyasi faktorlardan zərər görməsini istəmir. Çünki bu zədələr Çin iqtisadiyyatının inkişafına mane ola bilər. Yəni Çin Rusiyaya görə ona iqtisadi sanksiyaların tətbiq edilməsini istəmir. Pekin eyni münasibəti İrana qarşı da sərgiləyir. Çin necə ki, Rusiyadan ötrü Qərblə qarşı-qarşıya gəlmədı, İrandan da dolayı bunu etməz. Çin heç vaxt Qərblə olan iqtusadi əlaqələrini təhlükəyə atmaz.
Rusiyaya gəldikdə isə, bu dövlət hər zaman birinci öz mənfəətlərini düşünür, əsasən müttəfiqlərindən qazanıb. İndiyə qədər də bir neçə dəfə Rusiya İranı tək qoyub, onun arxasından qaçıb. Bu gün isə çox ciddi iddialar var ki, Putin Ukraynada Trampdan güzəştlər almaq hesabina İranı güzəştə getməyə hazırdır. Yəni Rusiya İran üzərindən ABŞ ilə siyasi ticarət etmək amacındadır".
Akif NƏSİRLİ