Natiq Cəfərli: “Kazinoların fəaliyyəti turizmin inkişafı, iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir”
Bu gün turizm ən gəlirli sahələrdən biridir. Ona görə də bir çox ölkələr daha çox turist cəlb etmək üçün müxtəlif layihələr həyata keçirir. Onlardan biri də kazino biznesidir. Danılmaz faktdır ki, dünyada çox məşhur olan kazino sənayesi turizm sektorunda ən populyar sahələrdən birinə çevrilib. Ən maraqlısı da odur ki, kazino turizmi bir çox insanlar üçün əsas istirahət mənbəyidir.
Bu sahə öz iqtisadi əhəmiyyətinə görə turizmin digər istiqamətlərindən qat-qat gəlirlidir. Araşdırmalar zamanı məlum olub ki, bir kazinonun günlük qazancı bəzən bir turizm şəhərinin bir aylıq qazancından da artıq olur. Qeyd edək ki, 25 ildən artıqdır ölkəmizdə kazinoların fəaliyyəti dayandırılıb. Ancaq hər il çoxlu sayda vətəndaş azart oyunları oynamaq üçün qonşu dövlətlərə yollanır. Təbii ki, həmin şəxslər özləri ilə birgə ölkədən xeyli vəsait də aparır. Azərbaycanlı qumar həvəskarlarının əsas üz tutduğu ünvan isə Gürcüstan və Kiprdir. Hətta Gürcüstan kazinolarının əldə etdiyi gəlirin təxminən 20 faizinin Azərbaycan vətəndaşlarının payına düşdüyü də bildirilir.
Onu da qeyd edək ki, qlobal kazino sənayesinin ümumi dövriyyəsi yarım trilyon dollardır və bu rəqəmin ilbəil artması proqnozlaşdırılır. Məlumdur ki, son zamanlar ölkəmizdə kazinoların açılması müzakirə edilir, hətta bununla bağlı müəyyən təklif və fikirlər də səsləndirilir.
Bir çox turizm ölkələri kimi Azərbaycanda da kazinoların fəaliyyətinə icazə verilməsi bu addımlardan biri ola bilər.
O da məlumdur ki, kazinolar birbaşa və dolayı yolla minlərlə iş yeri yaradır. Xəzəryanı zonalarda və sərhədə yaxın turistik bölgələrdə bu cür obyektlər xarici turistlər üçün cəlbedici ola bilər.
Maraqlıdır, Azərbaycanda kazinolar leqallaşsa, illik qazanc nə qədər olacaq və bunun ölkə iqtisadiyyatına nə kimi təsiri olacaq?
“Azərbaycanda bu sahənin leqallaşması və ölkə iqtisadiyyatında mühüm rol oynaya bilməsi imkanları araşdırılmalıdır”
İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində qeyd etdi ki, Azərbaycanda bu sahənin leqallaşması və ölkə iqtisadiyyatında mühüm rol oynaya bilməsi imkanları araşdırılmalıdır: "Gürcüstan təcrübəsinə diqqət etsən görərik ki, təqribən 500 miyon dollarlıq Gürcüstan iqtisadiyyatına kazinoların xeyri var. Kazino sektoru 24 minə yaxın birbaşa və dolayı iş yerləri yaradıb. Hesab edirəm ki, ölkəmizdə kaznioların gizli fəaliyyət göstərməsinin qarşısını almaq üçün müəyyən qanunlar çərçivəsində onların leqallaşdırılmasına, turizmin inkişafı, iş yerlərinin yaradılması üçün bu potensialdan istifadə olunmasına imkanlar və fürsətlər var. Onu da nəzərə almaq lazımdır ki, lisenziyalaşdırılarsa, bu sahədən vergilər vasitəsilə büdcəyə əlavə vəsait daxil ola bilər. Belə olan halda bir neçə min iş yeri yarana bilər və bu, Azərbaycan iqtisadiyyatı üçün inkişaf deməkdir. Ən əsası, kazinolar turist sayının artımına kömək edir. Mərc və azart oyunları insanlıq tarixi yaranandan mövcud olub, qadağalarla bunun qarşısını almaq mümkün deyil, ağıllı hökumətlər həmişə qadağan edə bilmədiyini məntiqlə idarə etməyə çalışıb".
Günel CƏLİLOVA