BAKI, 19 iyun. TELEQRAF
Oraq hüceyrəli irsi anemiya xəstəliyi olan qadınlarda hamiləlik zamanı ana ölümü digərlərinə nisbətən 4-11 dəfə daha çox rast gəlinir.
Teleqraf xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu gün həm qadınlar, həm də körpələr üçün həyati təhlükə yarada bilən kritik və artan sağlamlıq problemini həll etmək məqsədilə hamiləlik zamanı oraq hüceyrəli xəstəliyinin idarə edilməsinə dair ilk qlobal təlimatını dərc edib.
Oraq hüceyrəli anemiya - qırmızı qan hüceyrələrinin (eritrositlərin) irsi xəstəliyidir. Hemoqlobinopatiyalar (hemoqlobin pozuntuları) qrupuna aiddir, hemoqlobinin beta zəncirində baş vermiş mutasiya nəticəsində yaranır.
Bu hüceyrələr qan dövranını pozmaqla ağır anemiyaya, şiddətli ağrı epizodlarına, təkrarlanan infeksiyalara, həmçinin insult, sepsis və ya orqan çatışmazlığı kimi tibbi təcili vəziyyətlərə səbəb ola bilər.
Hamiləlik dövründə bədənin oksigen və qida təchizatına artan tələbi səbəbindən bu xəstəlik güclənir. Bu xəstəliyi olan qadınlarda hamiləlik zamanı ana ölümü digərlərinə nisbətən 4-11 dəfə daha çox rast gəlinir.
"Keyfiyyətli tibbi xidmətlə, oraq hüceyrəli anemiya kimi irsi qan xəstəlikləri olan qadınlar təhlükəsiz və sağlam hamiləlik və doğuş keçirə bilərlər", - ÜST-nin Cinsi və Reproduktiv Sağlamlıq və Tədqiqatlar üzrə Direktoru Dr. Paskal Allotey bildirib.
Qeyd edək ki, dünyada təqribən 7,7 milyon irsi oraq hüceyrəli anemiya ilə yaşayan insan var. Bu rəqəm 2000-ci ildən bəri 40%-dən çox artıb və hər il 375 000-dən çox ölümə səbəb ola bilir.
Xəstəlik ən çox malyariya-endemik bölgələrdə, xüsusən də 10 hadisədən təxminən 8-ni təşkil edən Sub-Sahara Afrikasında, eləcə də Yaxın Şərq, Karib dənizi və Cənubi Asiyanın bəzi bölgələrində geniş yayılıb.