Avtosfer saytına istinadən ain.az xəbər verir.
İyun ayının 15-i Milli Qurtuluş Günündə Azərbaycan Dəmir Yolları QSC Bakı-Qazax sürətli qatarlarının təşkili ilə rayon sakinlərinin Ağstafada düşərək əlavə marşrutla Qazaxa getmələrinin qarşısını alıb. Qeyd edilən qatarlarla bağlı QSC tərəfindən mediatur da təşkil edildi və Avtosfer.az saytı olaraq biz də həmin tədbirdə iştirak etdik. ADY rəsmiləri, nəqliyyat eksperti Rauf Ağamirzəyev və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı qatar bir neçə stansiyadan keçərək 5 saat 36 dəqiqəyə Qazaxa ilk səyahətini uğurla başa çatdırıb. Komfortlu, “Wi-Fi” dəstəkli, eləcə də sürətli qatarla səyahət sonunda Qazax sakinləri də səfərdən razı qaldıqlarını vurğulayıb. Buna baxmayaraq, sosial şəbəkələrdə hələ də doğruları yox, manipulyativ informasiyalarla cəmiyyəti çaşdırmağa çalışanlar da var.
Avtosfer.az xəbər verir ki, bir müddət əvvəl Azərbaycan Dəmir Yolları QSC tərəfindən elan olunan dinamik qiymət siyasətinin nə olduğunu başa düşməyən bir neçə şəxs əhaliyə yanlış informasiyalar ötürməyə başlayıb. Belə ki, onlar 1-ci sinif üzrə Qazaxa bilet qiymətinin baha olmasını və kimlərinsə bundan narazı olduğunu qeyd edib. Bəziləri isə müxtəlif platformalarda ADY-ni "qapalı qurum" olmaqda günahlandırır və qiymətləri özbaşına qaldırdığını iddia edir.
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkə hesablarımızda canlı yayım zamanı öz fikirlərini açıqlayıb. Bildirib ki, qiymətlərlə bağlı heç də ADY özü təkbaşına qərar vermir:
“Qiymətlərlə bağlı həm ictimaiyyət nümayəndələri, həm də hökumətlə müzakirələr aparılıb. Yekunda bu qiymətlərin tərtib edilməsi ilə bağlı qərar verilib. Qiymətlərin hamısı heç də bəzilərinin iddia etdiyi kimi 100 manat və üzəri deyil. Qatarlarda 16 manatdan başlayan yerlər də var. Onların sayı təxminən 178 ədəddir. Bu məbləğ standart sinif üzrə olan yerlərə aiddir. 40-dan çox yer isə “standart +” sinif üzrə ayrılıb. Cəmi 8 yer 1-ci sinif üzrə sərnişinlər üçün nəzərdə tutulub, bu isə başa düşüləndir. Çünki xidmət bütün sahələrdə çeşidli olmalıdır, aşağı sinif və yuxarı sinif. Nəticədə, Qazax istiqamətində qatarlar üçün də buna uyğun qiymətlər müəyyənləşdirib. Belə qiymət siyasəti həm qonşu ölkələrin, həm MDB dövlətlərinin, həm də Avropa ölkələrinin təcrübəsində mövcuddur. Qiymətlərin həftənin gününə, ayın tarixinə, səfərə bir neçə gün qalmış müddətə əsasən hesablanması normal haldır. Vətəndaşlar səfərə 25-30 gün qalmış bilet sifarişi daha əlçatandır. Ona görə də səyahət planlarını təxminən 1 ay əvvəldən hesablamaq sərnişinlər üçün həm də sərfəli olur”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlının şərh etdiyi həmin canlı yayımı sizə təqdim edirik:
Səfər
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.