AZ

Rusiya ABŞ-a xəbərdarlıq etdi - silahlandırmanı dayandırın...


Proqnozlara görə, İranın raket ehtiyati iyunun 27-nə qədər müqavimət göstərməyə kifayət edəcək

Rusiya Xarici İşlər Nazirliyi Amerikaya İsrailə birbaşa hərbi yardım etməməsi ilə bağlı xəbərdarlıq edib və bu barədə düşünməyin belə təhlükəli olduğunu vurğulayıb.

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya da Tramp administrasiyasına İran-İsrail münaqişəsi kəskinləşəcəyi təqdirdə “gözlənilməz nəticələr” barədə xəbərdarlıq edib.

Bütün bu bəyanatlar İsrail və İran arasında qarşılıqlı hava hücumlarının davam etdiyi və gərginliyin azaldılması üçün beynəlxalq çağırışların artdığı bir vaxtda verilib. Bəyanatlar, həmçinin prezident Donald Trampın ABŞ-nin münaqişəyə girə biləcəyinə dair açıqlama verdiyi bir vaxtda gəlir.

Rusiyanın bu mövqeyi ABŞ-ni birbaşa müharibəyə qoşulmaqdan çəkindirə bilərmi?

Hazırda Rusiyanın istər hərbi, istərsə də iqtisadi gücü ABŞ-la müqayisə edilməz dərəcədə zəifdir. Bu cür zəif durumda olan dövlətin xəbərdarlığının da təsiri onun gücünə adekvat hesablanır. Üstəgəl, Rusiyanın Ukraynada Amerikadan, xüsusilə Donald Trampdan gözləntiləri var. Kreml hesab edir ki, Ağ Ev ona Ukraynada böyük güzəştlərə gedə bilər. Bu iki dövlət arasında Ukrayna müharibəsinə dair danışıqların detalları hələ də tam açıqlanmır. Açıqlanan sənədlərdən aydın olmur ki, ABŞ Rusiyaya nədə güzəştə gedə bilər. Vaşinqton sülh naminə Kiyevin mövqelərini nəzərə almaya bilməz, amma Tramp özünü Rusiyaya yönəlik güzəştlərə meylli aparır. Bu isə Putinə ümid verir.

Yəni Rusiya həm Amerikadan kifayət qədər zəifdir, həm də ABŞ-dan gözləntisi - belə demək mümkünsə asılılığı var. Belə bir durumda Rusiya özü də anlayır ki, onun bu tip bəyanatlarının heç bir təsir gücü yoxdur. Hazırda da Amerikada İsrailə silah daşınmasını istisna etmək mümkun deyil. Çünki Tramp müharibənin ilk günündən açıq şəkildə dedi ki, İsraili müdafiə edəcəklər.

Bu isə o deməkdir ki, ABŞ bu barədə qərar qəbul edərkən Rusiyanın xəbərdarlığını nəzərə almayacaq.

Bəs Moskva bu bəyanatı hansı məqsədlə verib? Bəllidir ki, Rusiya ilə İran birincinin təkidi ilə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalayıb. Eyni zamanda, Ukrayna müharibəsində İran Rusiyaya ciddi yardım göstərib. Bunun qarşılığında Rusiya İrana strateji tərəfdaş kimi dəstək göstərmir və ya göstərə bilmir. Əvəzində isə bu cür bəyanatlar verir ki, İranın könlunü alsın, onun yanında olduğunu hiss etdirsin.

Belədə isə Moskvanın əsas qayğısı Ukraynada özünə sərf edən atəşkəs və ya sülh sazişinin bağlanmasıdır. Bunun müqabilində Rusiya nəinki İranı, Çini də satmağa hazırdır.

O ki qaldı Amerikanın müharibəyə qoşulmasına, fikrimizcə, Tramp İranın uzaq və orta mənzilli raketlərinin tükənməsini gözləyir ki, ABŞ ordusu İrana zərbə endirəndə o, kütləvi raket atəşi ilə cavab vermək imkanına malik olmasın. Beynəlxalq hərbi ekspertlərin kəşfiyyat məlumatlarına əsasən verdikləri proqnozlara görə, İranın raket ehtiyati iyunun 27-ə qədər müqavimət göstərməyə kifayət edəcək. Həmin tarixdən sonra İran hava hücumları təşkil edə bilməyəcək. Bu məqsədlə İsrail elə müharibənin birinci günündə Təbriz yaxınlığında yerləşən raket zavodunu darmadağın edib. Gözlənilir ki, elə həmin vaxt - təxminən bir həftədən sonra Amerika muharibəyə qoşulacaq.

Amerika anlayır ki, onun Yaxın Şərqdə 8 hərbi bazası və göyərtəsində 200-dən çox strateji döyüş təýyarəsi olan iki gəmisi var. Nə qədər ki İranın hava hücümu həyata keçirmək imkanı var, ABŞ müharibəyə qoşulduğu təqdirdə Amerika ordusunun 10 hərbi obyekti Tehran hakimiyyətinin legitim hədəfinə çevrilə bilər. Bu halda, Amerikanın zərərləri bir yana, ərazisi hücuma məruz qalan ölkələr də müharibəyə qoşula və vəziyyət nəzarətdən çıxa bilər. Ona görə də ABŞ həmişəki kimi İsraili qurban verib, məqam gözləyir.

Akif NƏSİRLİ

Seçilən
9
baki-xeber.com

1Mənbələr