AZ

AB-nin mülki missiyası Mehridə - İranın düz yanında özünə möhkəm baza qurur...


Əli Mustafa: “Bu minvalla İranda gedən proseslər barəsində məlumat toplamağa çalışırlar”

Avropa Birliyinin Ermənistandakı mülki müşahidə missiyası İranla sərhəd bölgəsində fəaliyyətini intensivləşdirib. Məlumata görə, Ermənistanın cənubunda yerləşən Mehri şəhərində təcili şəkildə missiyanın yeni bazası yaradılıb. Bu barədə məlumatı Ermənistan Teleqram kanalları yayıb.

“Hazırda patrul fəaliyyəti əsasən bu bölgəyə yönəldilib, bu isə Ermənistan-Azərbaycan sərhədindəki müşahidə imkanlarının azalması ilə nəticələnib. Oxşar dəyişikliklər Avropa Birliyinin Gürcüstandakı müşahidə missiyasının fəaliyyətində də müşahidə edilir”, - məlumatda qeyd olunub.

Göründüyü kimi, Ermənistanda yerləşən Avropa İttifaqı missiyası bütün diqqətini İrana yönəldir.

Çünki kimsə bilmir ki, İsrail-İran müharibəsinin nəticəsi və regionda yaradacağı reallıqlar nə olacaq”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi şərhçi Əli Mustafa hesab edir ki, məlum hadisələrlə bağlı bu gün İran Aİ missiyası üçün də əsas diqqət mərkəzində olan ölkədir: “Düzdür, Aİ missiyası Ermənistana həm də kəşfiyyat məqsədi ilə yerləşib. Onlar Azərbaycanla yanaşı, İran və Rusiya barədə də məlumat toplayırlar. Sadəcə, İsrailin hücumu onların əlinə bəhanə verib ki, bütün diqqəti İran tərəfinə yönəltsinlər. Ermənistan-İran sərhədinə nəzarəti artırmaqla son hadisələrin daha aktual olduğunu ifadə edirlər. Əlbəttə, bu o deməkdir ki, onları yalnız Azərbaycan maraqlandırmır. Onları həm də qonşu İran maraqlandırır. Harada daha çox hərəkətlilik varsa, onlar diqqəti daha çox ora yönəldilər. İranda baş verənləri hamı ciddi şəkildə izləyir, müşahidə edir. Aİ də prosesdən kənarda qalmaq istəmir. Bu qurumun, xüsusən də Fransanın İranla bağlı maraqları var. Nəzərə alsaq ki, Aİ-də Fransa ciddi söz sahibidir, o baxımdan mülki missiyanın diqqətini İrana yönəltməsi Fransanın istəyidir. İstisna deyil ki, Parisdən gələn təlimatla İranla sərhəd bölgəsində fəaliyyətini intensivləşdirib. Hesab edirəm ki, bütün bunlar təsadüfi deyil. Bu minvalla İranda gedən proseslər barəsində məlumat toplamağa çalışırlar. Avropa İttifaqı üçün bundan sonra nələrin baş verəcəyi maraqlıdır. Çünki kimsə bilmir ki, İsrail-İran müharibəsinin nəticəsi və regionda yaradacağı reallıqlar nə olacaq. Bax, məsələnin kökündə dayanan həm də bu amildir”.

Vidadi ORDAHALLI

Seçilən
13
baki-xeber.com

1Mənbələr