AZ

Qərbi Azərbaycan termininin tarixi köklərinə yeni erməni təcavüzü...


Faiq Ələkbərli: “Qərbi Azərbaycan termini son illər yaradılmayıb, bu, tarixi ərazimizin adıdır, bu gün də regional və beynəlxalq aləmdə qəbul olunan bir termindir”

Azərbaycan Prezidenti İlham Əliyevin "Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu" mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciətində yer alan “Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın və insan hüquqlarının bərqərar olması üçün vacib şərtdir” fikri Ermənistanı yerindən oynadıb. Ermənistan mətbuatı Qərbi Azərbaycan məsələsi ilə bağlı həqiqətə uyğun olmayan, heç bir tarixi fakta, beynəlxalq hüquq normalarına uyğun gəlməyən iddialar irəli sürüb.

Təbii ki, Qərbi Azərbaycan termini beynəlxalq siyasi gündəlikdə özünə yer tutur və bu ifadənin tarixi, hüquqi əsaslara söykəndiyi də məlumdur.

Çox təəssüflər olsun ki, Ermənistanda Qərbi Azərbaycan termininə qarşı yanlı fikir, rəy formalaşdırılır. Gerçəyi inkar etməyə öyrəncəli olan Ermənistan mətbuatı Qərbi Azərbaycan termininə qarşı həqiqətəuyğun olmayan fikirlər irəli sürür. Guya Qərbi Azərbaycan termini “saxta termindi”, guya bu, Azərbaycan Prezidentinin administrasiyasında yaradılıb, guya tarixə əsaslanmır.

“Bunu ermənilərin qəbul edə bilməməsi, Qərbi Azərbaycan terminini təhrif etməsi, onunla bağlı yanlış rəy yaratması yolverilməzdir”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsıfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər ənənəvi əməllərindən əl çəkmək istəmirlər və saxtakarlıqlarını davam etdirirlər. F.Ələkbərlinin sözlərinə görə, ermənilər əvvəlki dövrlərdə daha çox Qarabağ məsələsi ilə bağlı saxtakarlıqlar edir, bizə böhtanlar atırdılarsa, bu yöndə saxta kampaniyalar aparırdılarsa, indi də Qərbi Azərbaycan məsələsindən çox narahatdırlar. “Bu gün Qarabağ problemi deyilən bir məsələ yoxdur, çünki bu ədalətli şəkildə öz həllini tapıb. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdış məsələsi indi əsas prioritet kimi qəbul edilib. Qərbi Azərbaycan adı altında nəzərdə tutulan Qərbi Zəngəzur, İrəvan, Göyçə, Dərələyəz, Vedibasar, Ağbaba və digər tarixi torpaqlarımıza azərbaycanlıların qayıdışı mütləqdir. Bu ərazilər Qərbi Azərbaycan adı altında birləşir və Azərbaycanın tarixi əraziləridir, torpaqlarımızın bir hissəsidir. Bir sözlə, Qərbi Azərbaycan - indiki Ermənistanın yerləşdiyi tarixən azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi ərazidir. Yəni Qərbi Azərbaycan termini son illər yaradılmayıb, bu, tarixi ərazimizin adıdır, bu gün də regional və beynəlxalq aləmdə qəbul olunan bir termindir. Bunu ermənilərin qəbul edə bilməməsi, Qərbi Azərbaycan terminini təhrif etməsi, onunla bağlı yanlış rəy yaratması yolverilməzdir”.

F.Ələkbərli bildirdi ki, ermənilərin Qərbi Azərbaycan ifadəsini yanlış tərəfdən təbliğ etməsi ziyanlı tendensiyadır və onlar reallığı nəzərə almadan bunu özlərinə qarşı “təcavüz” kimi qiymətləndirirlər. F.Ələkbərlinin sözlərinə görə, Azərbaycan sözü qədim anlayışlardan biridir və onun da Şərqi, Qərbi, Şimalı, Cənubu var: “Biz bilirik ki, Qərbi Zəngəzur, İrəvan, Dərələyəz, Göyçə və başqa ərazilər Qərbi Azərbaycan adlanıb. Buna neçə minillilk tarix səhifələrində rast gəlirik. Azərbaycan ifadəsinin özü qədimdir. Bu ərazilərin Azərbaycan adlandırılmasını istər ərəb tarixçiləri, istər Roma tarixçiləri, istər yunan tarixçiləri, istərsə də digər tarixçilər təsdiq edir.

Ermənilər isə indi özlərini haqlı göstərmək üçün bu kimi üsullara əl atırlar. Ancaq həmin torpaqlarda tarixən türklərin yaşaması, o torpaqların da Azərbaycan adlandırılması tarixi bir həqiqətdir”.

F.Ələkbərli hesab edir ki, ermənilərin bu cəhdləri indiyə qədər həyata keçirdikləri saxtakarlıqları ört-basdır etmək, beynəlxalq aləmdə özlərini haqlı göstərməyə hesablanıb. “Ermənistan Qərbi Azərbaycan termini ətrafında saxtakarlıq kampaniyası aparmaqla BMT-yə, Avropa İttifaqına və beynəlxalq təşkilatlara göstərmək istəyirlər ki, guya onları hansısa bir təhlükə gözləyir. Burda heç bir təhlükədən söhbət getmir, söhbət azərbaycanlıların öz haqlarını bərpa etməsindən gedir. İndiki Ermənistan ərazisində Azərbaycan türkləri qədimdən yaşayıb, islamdan əvvəlki və sonrakı tarixlərdə biz o torpaqlarda var olmuşuq. Bunu inkar etmək olmaz. İndi ermənilər xristian təəssübkeşliyindən istifadə edib bizə qarşı şər kampaniyası aparır. Bu da heç nəyi dəyişmir. Azərbaycan türkləri o torpaqlarda xristianlığı da qəbul edib yaşayıblar, albanlar bunun əyani nümunəsidir, ondan əvvəl Tanrçılıq dinində də olublar, sonralar islam dinini qəbul ediblər. Qərbi Azərbaycanda Azərbaycan türklərinin dərin izləri var. Ermənilər isə bu torpaqlara gəlmədirlər, bu torpaqlar Azərbaycandır, tarixi yurdumuzdur. Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq haqqı tanınmalıdır”-deyə F.Ələkbərli qeyd etdi.

İradə SARIYEVA

Seçilən
4
baki-xeber.com

1Mənbələr