AZ

Ulu Öndərin qurduğu qüdrətli Azərbaycan Ordusu

Qarabağ fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimiz dünya hərb tarixinə möhtəşəm səhifələr yazmışdır

Bugünkü qüdrətli Azərbaycan Ordusunun əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək gücünə sahib olan Azərbaycan Silahlı Qüvvələri hazırda NATO standartlarına cavab verən səviyyədədir. Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusu ilə də diqqəti cəlb edir.

Hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbacan SSR-ə rəhbərlik etməyə başladığı vaxtdan respublikamızda hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. O illərdə Ümummilli Liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılmışdı. Həmin dövrdə belə bir qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Lisey Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda mühüm rol oynadı.

Ulu Öndər sonralar bu barədə deyirdi: «Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam».

Ötən əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi vəziyyətlə qarşı-qarşıyaydı.O dövrdəki Ayaz Mütəllibov və AXC-Müsavat hakimiyyəti ordu quruculuğunda nəinki bacarıqsız oldular, hətta hakimiyyət davasına qalxaraq torpaqlarımızın erməni terrorçu- vandalları tərəfində işğalına şərait yaratdılar. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı, 1994-cü il mayın 12-də atəşkəs haqqında Saziş imzalandı. Bundan sonra ölkəmizdə ordu quruculuğu sürətləndi. Az müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı, ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan Ordusunun təşkilatlanmasını, böyük qüvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: «1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycanın Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır».

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son 22 ild Azərbaycan Ordusunu elə bir sarsılmaz gücə çevirdi, nəticədə 30 ilə yaxın işğalda qalan kı torpaqlarımız azad olundu, ərəzi bütövlüyümüə və suverenliyimiz bərpa edildi.

Xüsusilə Vətən müharibəsindəki tarixi Qələbəmiz bir daha göstərdi ki, Azərbaycan regionda ən güclü orduya malikdir. 44 günlük Vətən müharibəsində işğal altındakı 8 rayonumuzu, bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Postmüharibə dövründə Azərbaycan Ordusu daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki, ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xunta ağ bayraq qaldıraraq təslim olduğunu elan etdi. 23 saat 42 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan təmizləndi.

Qürurverici haldır ki, postmüharibə dövründə də ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib.

Hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə dislokasiya edilir və ya həmin ərazilərdə yeni hərbi hissələr, şəhərciklər salınır. Dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətin əsas prioritetlərindəndir.

Müzəffər Ali Baş Komandanımızınönəmli göstərişlərindən biri də müasir Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunub. Belə ki, hazırda işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Sözügedən briqadaların yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin qorxulu röyasına çevrilib.

Prezident İlham Əliyevin də 2023-cü ildə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, biz ordu quruculuğu işində sistemli fəaliyyət göstərirdik və bu gün də göstəririk: «İkinci Qarabağ müharibəsindən sonra biz dayanmadıq, əksinə, irəliyə gedirik. Biz daim hazır olmalıyıq. Təhdidlər artır, təhlükələr artır və biz hər bir təhlükəni dəf etməyə qadir olmalıyıq. Bu gün də belədir. Azərbaycan Ordusu dünyanın ən güclü ordularının sırasındadır - həm təchizat, həm döyüş qabiliyyəti nöqteyi-nəzərdən. Bizim ordumuz döyüşüb, bizim ordumuz öz gücünü paradda yox, döyüş meydanında göstərib. Ordu quruculuğu bu gün lazımi səviyyədə təmin edilir və bundan sonra da təmin ediləcəkdir».

Bu gün qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin gücü və peşəkarlığı onun beynəlxalq reytinqlərdəki mövqeyində də özünü göstəirir. Hərbi sahədə ixtisaslaşmış, dünyanın ən nüfuzlu hərbi analitik mərkəzlərindən sayılan «Global Firepower» portalının 2023-cü il üçün reytinq siyahısına əsasən, Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sırada, Cənubi Qafqazda isə birinci yerdədir. Belə ki, Gürcüstan reytinqdə 85-ci, Ermənistan isə 94-cüdür. Siyahının tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər nəzərə alınır. Hazırda Azərbaycanın hərbi büdcəsi MDB məkanında bir çox ölkələri xeyli üstələyir. Belə ki, Azərbaycanın 2025-cü il dövlət büdcəsində Silahlı Qüvvələrimizə ayrılan vəsait 6 milyard manatdan çoxdur.

Elçin Zaman, «İki sahil»

Seçilən
1
ikisahil.az

1Mənbələr