Fərid Həşimov: “Avtomobillər üçün vahid məlumat bazasının yaradılması nəqliyyat və sığorta sahəsi üçün əhəmiyyətlidir”
Azərbaycanda avtomobillərlə bağlı vahid məlumat bazasının yaradılması planlaşdırılır. Yeni sistem maşının texniki vəziyyətindən tutmuş, qəzalar və sığorta tarixçəsinədək bütün məlumatları əhatə edəcək. Maraqlıdır, bu bazanın nə kimi mənfi və müsbət cəhətləri var?
“Azərbaycanda belə bir mərkəzi sistem tətbiq olunarsa, bununla avtomobil sahəsində bir neçə problem öz həllini tapa bilər”
Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, avtomobillər üçün vahid məlumat sistemi yaradılarsa, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da nəqliyyat vasitələri barədə baza məlumatlarını hər kəs əldə edə bilər. Nəqliyyat vasitəsinin identifikasiya nömrəsini (VİN code) daxil etməklə həmin avtomobilin nə vaxt, harda istehsal olunduğu, hansı ölkədən gətirildiyi və qəzaya uğraması barədə məlumat almaq olar: “Bu sistemi xarici ölkələrdə polis orqanları deyil, sığortaçı şirkətlər yaradır. Hazırda əksər inkişaf etmiş ölkələrdə avtomobil vahid məlumat bazası fəaliyyət göstərir. Ona görə də həmin ölkələrdə sığorta şirkətləri hətta yol qəzalarına müdaxilə edə bilirlər. Bu, polisin də işini asanlaşdırır. Həmin ölkələrdə sığorta şirkətləri polis olmadan hadisə yerinə gəlir, dəymiş ziyanı müəyyən edir, hadisə yerinin fotolarını çəkir və polisə göndərir. Polis də hadisə yerinə gəlmədən şəkilləri analiz etməklə hadisə zamanı hansı tərəfin günahkar olduğunu müəyyən edir”.
Ekspert hesab edir ki, avtomobillər üçün vahid məlumat bazasının yaradılması nəqliyyat və sığorta sahəsi üçün əhəmiyyətlidir: “Vətəndaşlar maşın alarkən həmin nəqliyyat vasitəsi haqqında bütün məlumatlara malik olacaqlar. Bu da həmin şəxslər üçün mühum informasiya, məlumat deməkdir. Həmçinin, bu yenilik sayəsində avtomobil bazarında şəffaflıq təmin ediləcək və bu sahədə yeni bir dönəm başlaya bilər. Azərbaycanda belə bir mərkəzi sistem tətbiq olunarsa, bununla avtomobil sahəsində bir neçə problem öz həllini tapa bilər. Həm müştərilər, həm də dövlət müəyyən qazanc əldə edə bilər. Bu zaman avtomobil almaq istəyənlər aldanmaz, həm də dövlət büdcəsinə külli miqdarda vəsait cəlb olunar. Çünki bir avtomobilin tarixçəsini əldə etmək istəyən müştəri təyin olunan məbləği ödəməklə məlumatları əldə edə biləcək”.
Günel CƏLİLOVA