AZ

Tehran boşaldılır: Molla rejimi müharibə ssenarisində nə itirir, nə qazanır?

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

İsrail- İran müharibəsinin dərinləşdiyi bu günlərdə yayılan məlumatlara görə, İranın dini-siyasi elitası və SEPAH komandanlığı təhlükəsizlik səbəbilə Tehrandan çıxarılıb və müxtəlif “hərbi təhlükəsizlik zonaları”na paylanıb.

Bu proses “Tehranın boşaldılması” və ya daha sərt desək, “rejimin mərkəzdən çəkilməsi” kimi qiymətləndirilir. Əslində bu, molla rejiminin həm real, həm də simvolik məğlubiyyətinin ilk əlamətləri kimi oxuna bilər.

Tehran illərdir ki, yalnız İranın siyasi paytaxtı deyil, həm də ideoloji güc mərkəzi - inqilabın rəmzi, rejimin sinir sistemi hesab olunur. Hərbi rəhbərlik, ali dini liderin strukturları, SEPAH qərargahları və nüvə proqramı ilə əlaqəli siyasi idarələr burada cəmlənib. Məhz bu səbəbdən İsrailin mümkün strateji zərbələri üçün Tehranın “birinci hədəf” kimi qiymətləndirilməsi təəccüblü deyil.

Rejimin əsas fiqurlarının Tehrandan çıxarılması isə iki mühüm nəticəyə işarə edir:

Birincisi, İran rəhbərliyi vəziyyətin ciddiliyini qəbul edir və artıq qətiyyən diplomatik səviyyədə deyil, hərbi-səfərbərlik şəraitində qərar verir. Bu, sanksiyalara müqavimət göstərən bir ölkənin artıq açıq müharibəyə daxil olduğunu və bu müharibənin paytaxtın mərkəzi təhlükəsizliyini təhdid etdiyini göstərir.

İkincisi, molla rejimi daxilində ciddi panika və idarəetmə boşluğu ehtimalı artır. Yəni təkcə fiziki yer dəyişməsi yox, həm də psixoloji və strateji mövqedə geriçəkilmə müşahidə olunur. Bu isə İranda siyasi sabitliyin sınma nöqtəsinə yaxınlaşdığını göstərir.

Qəribədir ki, Tehran boşaldılarkən, eyni anda SEPAH vasitəsilə Livan, Yəmən, Suriya və İraq ərazisində İranın təsir dairəsi genişlənməyə çalışır. Bu da rejimin xarici proksilərinə güvənərək daxildəki zəifliyi kompensasiya etməyə çalışdığını göstərir. Amma tarix sübut edir ki, ideoloji rejimlər xaricdəki təsir gücləri ilə daxildəki panikanı uzun müddət tarazlaya bilmirlər.

Beynəlxalq mediada yayılan peyk görüntüləri və logistika məlumatları da göstərir ki, İranın mühüm strateji obyektləri ya yerini dəyişir, ya da fövqəladə vəziyyət rejimində qorunur. Xüsusilə nüvə proqramı ilə bağlı obyektlərin yerləşdiyi bölgələrdə aktiv hərəkətlilik izlənilir. Bu isə, İsrailin “hədəf siyahısı”nın real olduğu və rejimin özünün də bu siyahını bildiyi ehtimalını gücləndirir.

 “Tehranın boşaldılması” sadəcə taktiki qərar deyil. Bu, molla rejiminin öz sinir sistemini qorumaq üçün mərkəzdən periferiyaya çəkilməsi, yəni klassik hərbi müdafiə modelinə keçməsidir. Amma siyasi güc strukturları mərkəzdən çəkildikcə, rejimin ideoloji idarəetmə qabiliyyəti də zəifləyir. Tehran boşalırsa, İranın gələcək taleyində boşluqların doldurulacağı mərkəz haradır – bunu növbəti günlərdə görəcəyik.

Ruslan Zəngəzur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
2
bakivaxti.az

3Mənbələr