AZ

10 236 227 nəfər olduq!

Uğurlu demoqrafik siyasətin müsbət nəticəsi...

Azərbaycan iqtisadi artım tempinə görə regionun lider dövlətlərindən biridir. Respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş dövlət proqramları demoqrafiya və əhalinin inkişafına müsbət təsirini göstərməkdədir.

Demoqrafik siyasət-dövlət orqanları və digər sosial institutlar vasitəsilə əhalinin artımının nizama salınması sahəsində məqsədyönlü fəaliyyətə əsaslanan, əhalinin say və struktur dinamikasını sabit saxlamağa və ya dəyişdirməyə xidmət edən siyasətdir. Əhalinin doğum sayı, nikah, boşanma, yaş strukturu və onun ölüm miqdarına təsir edən demoqrafik siyasət geniş mənada ya əhalinin artması ilə eyniləşdirilir, ya da onun tərkib hissələrindən biri kimi nəzərdən keçirilir. O, sosial və iqtisadi siyasətlə bağlı olsa da, özünəməxsus xüsusiyyətlərə də malikdir.

Məlumdur ki, hər bir ölkənin inkişafında həlledici rol məhz insan potensialı ilə bağlıdır. Bu mənada əhalinin siyahıyaalınması nəticəsində əldə edilmiş məlumatlar informasiya cəmiyyətinin qiymətli resursudur. Demoqrafik siyasətin düzgün qurulması isə əhalinin siyahıyaalınması prosesinin nəticələrindən çox asılıdır. Ölkənin sosial-iqtisadi vəziyyəti əhali artımında mühüm rol oynayır.

Dünyada əhalinin sayı artacaq...

BMT-nin proqnozlarına görə, bir sıra Avropa ölkələrində əhalinin ümumi sayının azalmasına baxmayaraq, dünyada əhalinin ümumi sayı 2025-ci ildə artacaq və 8 milyard nəfərdən çox olacaq. Məlumdur ki, əhalinin nəzarət olmadan artımı ilə mübarizə aparan ölkələr üçün hələ bunun universal həlli mövcud deyil, lakin bir sıra regionların təcrübəsi göstərir ki, bu problem həllolunandır. Bunun üçün hər bir ölkənin spesifik xüsusiyyətlərini nəzərə alan uzunmüddətli kompleks proqramların həyata keçirilməsi vacibdir. Bir daha qeyd etmək lazımdır ki, demoqrafik problemlər iqtisadi, sosial, siyasi, ekoloji və başqa problemlərlə sıx bağlıdır.

Zaman keçdikcə dünya əhalisinin ümumi sayında artımın olmasına baxmayaraq, artımın səviyyəsi ayrı-ayrı ölkələrdə bir-birindən ciddi fərqlənir. Ölkələrdə əhalinin artım tempinə yerli mədəniyyət, həyat tərzi, sosial rifah səviyyəsi, ekoloji vəziyyət, səhiyyənin inkişafı, insanların sağlamlıq durumu, miqrasiya axınları, siyasi-hərbi proseslər kimi amillər təsir göstərir. Ümumiyyətlə, adətən ölkələr çalışırlar ki, onlarda əhalinin artım tempi dünya əhalisinin, eləcə də, ətrafdakı ölkələrin sakinlərinin artım sürətindən geri qalmasın. Əhalinin normal artımı, yəni ümumi sayda və yaş qrupları arasında münasib balansın qorunub saxlanması milli təhlükəsizlik əhəmiyyəti daşıyan bir məsələdir. Bu baxımdan, Azərbaycanda kifayət qədər müsbət mənzərə mövcuddur.

Əhalinin sayı 0,1 faiz artıb

Dövlət Statistika Komitəsi (DSK) ölkəmizdə doğum, ölüm, nikah və boşanma sayı ilə bağlı son rəqəmlərin hesabatını təqdim edib. Komitədən verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 11 min 338 nəfər və ya 0,1 faiz artaraq 2025-ci il may ayının 1-i vəziyyətinə 10 236 227 nəfərə çatıb.

Ölüm göstəricisi azalıb

Dövlət Statistika Komitəsinin aylıq hesabatında həmçinin ölkəmizdə qeydə alınan ölüm hallarının sayı açıqlanıb. Belə ki, bu ilin yanvar-aprel aylarında ölkədə 20 min 535 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 6,1-ə düşüb.

Nikahlar çoxalıb

Komitənin aylıq hesabatında Azərbaycanda qeydə alınan nikah və boşanmaların da sayı açıqlanıb. Bildirilib ki, cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14953 nikah və 6784 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artmış, boşanmaların sayı isə 2,1-dən 2-yə düşüb.

1000 əkiz, 42 üçəm doğulub

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınıb. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-aprel aylarında 31462 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10-dan 9,4-ə düşüb.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.

Seçilən
33
1
yeniazerbaycan.com

2Mənbələr