AZ

Ölkənin tranzit gücü, dəhlizlər qovşağı: Azərbaycan Dəmir Yollarının regional liderlikdə rolu

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Qloballaşma və iqtisadi inteqrasiya şəraitində nəqliyyat-kommunikasiya infrastrukturunun inkişafı ölkələrin iqtisadi və geosiyasi mövqeyinin formalaşmasında mühüm rol oynayır. Güclü iqtisadiyyat və beynəlxalq nüfuz üçün rabitə və nəqliyyat imkanları əsas şərtlərdəndir. Avropa ilə Asiya arasında yerləşən Azərbaycan bu baxımdan strateji mövqeyə malikdir.

Oxu.Az xəbər verir ki, neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı üçün ölkənin tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunması prioritet istiqamətlərdəndir. Bu kontekstdə dəmiryol nəqliyyatı tranzit potensialının artırılmasında əsas vasitələrdən biri hesab olunur.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (ADY) yük və sərnişinlərin təhlükəsiz, sürətli şəkildə daşınmasını təmin edən ideal nəqliyyat vasitələrindən biridir. Azərbaycanı regional və qlobal nəqliyyat qovşağına çevirməkdə misilsiz rola malik olan ADY beynəlxalq layihələrdə fəal iştirak edərək beynəlxalq dəhlizlərin funksionallığını artırır, qlobal ticarət imkanlarını genişləndirir.

Ölkə iqtisadiyyatının diversifikasiyasına töhfə verən beynəlxalq dəhlizlər

1. Şimal-Cənub nəqliyyat dəhlizi

2000-ci il sentyabrın 12-də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması haqqında Rusiya, İran və Hindistan arasında saziş imzalanıb. Azərbaycan bu sazişə beş il sonra - 20 sentyabr 2005-ci ildə qoşulub. Yüklərin Hindistan və Fars körfəzindən Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edən bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstün cəhəti tranzit məsafəsini və vaxtını iki-üç dəfə azaltmasıdır. Məsələn, dəniz yolu vasitəsilə Fars körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə daşıma müddəti 45-60 gün təşkil edirsə, Şimal-Cənub dəhlizi ilə bu, 20-25 günə başa gəlir. Dəhlizlə yük daşınmasına Hindistanın əsas limanlarından başlanır. Yüklər gəmi ilə İranın Fars körfəzindəki limanlarına daşınır. Azərbaycan ərazisindən dəmir yolu ilə Rusiya sərhədinə çatdırılan yüklər oradan Avropa və digər istiqamətlərə yönəldilir, bu da Asiya ilə ticarət əlaqələrini gücləndirir.

2. Şərq-Qərb nəqliyyat dəhlizi

Bu dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılıb. Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yükdaşımalarının artırılmasına xidmət edən Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TXBNM) idarəolunması və inkişafı müvafiq konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Dəhlizlə hərəkət edən qatarlar yüklərin təxminən 10-12 günə Çindən Avropaya çatdırılmasını təmin edir.

Orta Dəhliz yüklərin Avropaya iki istiqamət üzrə çatdırılmasına imkan verir. Birinci istiqamət üzrə yüklər Gürcüstanın Poti və Batumi limanlarından keçməklə, digər istiqamət üzrə isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə nəql edilir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşıma xərclərini azaldaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət göstərir.

3. Şimal-Qərb nəqliyyat dəhlizi

Dəhliz Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ildə istifadəyə verilməsi ilə formalaşdırılıb. Şimal-Qərb nəqliyyat dəhlizinin tərtib edilməsi Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə, əsasən, Türkiyə və Rusiya arasında artan yükdaşıma əməliyyatlarına hesablanıb. Eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi Rusiyanın istehsal etdiyi kömür və taxıl yüklərinin Azərbaycan üzərindən dəmir yolu ilə Türkiyəyə daşınmasını da təmin edir.

4. Cənub-Qərb nəqliyyat dəhlizi

Fars körfəzi/Hindistan-İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Avropa (və ya Türkiyə-Avropa) coğrafi marşrutu üzrə fəaliyyət göstərən bu dəhliz 2016-ci ilin əvvəllərində yaradılıb. ADY-nin təşəbbüsü ilə yaradılan dəhlizin təqdimatı 2016-cı il yanvarın 12-də Bakıda keçirilib, elə həmin tədbirdə Azərbaycan, Gürcüstan, İran, Ukrayna dəmir yolları və dəniz limanları müəssisələri arasında müzakirələr aparılıb, dəhlizin inkişafına dair protokol imzalanıb.

Bu sənədə əsasən, sözügedən dəhlizin tam adı "Fars körfəzi - İran Astara və Xəzər dənizi - Qara Dəniz - Avropa" kimi müəyyənləşdirilib. Cənub-Qərb dəhlizinin digər alternativ marşrutlarla (xüsusilə Süveyş kanalından keçməklə dəniz yolu ilə) müqayisədə əsas üstünlüyü tranzit məsafəsini və vaxtını təxminən üç dəfə azaltmasıdır. Belə ki, Fars körfəzi və Hindistandan Avropaya dəniz yolu ilə daşıma ("oceanic freight") təqribən 35-37 gün təşkil edirsə, Cənub-Qərb dəhlizi marşrutunda bu, 10-12 gün təşkil edir. Bu nəqliyyat dəhlizi İran, Azərbaycan, Gürcüstan və Ukrayna ərazisindən keçərək, Hindistandan (əsasən, Mumbay və Nava Şeva dəniz limanlarından) Avropaya (Rotterdam, Baltik dənizi regionu, Şimali Avropa və Rusiya istiqamətində) və əks istiqamətdə yük daşınır. Bu marşrut daşıma vaxtını əhəmiyyətli dərəcədə azaldır.

Cənub-Qərb dəhlizi Avropa İttifaqı ölkələri və Ukrayna ilə Hindistan, İran və Fars körfəzi ölkələri arasında ticarət dövriyyəsinin bir hissəsini təşkil edən yüklərin daşınması üçün nəzərdə tutulub. Bu dəhlizin inkişafı, xüsusilə də İranın xarici ticarət dövriyyəsinin artırılmasına mühüm imkanlar yaradır və regional iqtisadi əməkdaşlığı gücləndirir.

5. Lapis-Lazuli marşrutu

Orta Asiyanı Avropa ilə birləşdirən bu marşrut Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyəni əhatə edir. Bununla əlaqədar beştərəfli saziş 2017-ci il noyabrın 15-də Aşqabadda imzalanıb. Saziş, razılığa gələn ölkələrin ərazisindən yüklərin dayanmadan və maneəsiz şəkildə daşınmasına, tranzitlə bağlı nəqliyyat prosedurlarının sadələşdirilməsinə imkan yaradır. Eyni zamanda, bu saziş nəqliyyat vasitələrinin, yüklərin və sərnişinlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklər

Tökmə və qalaq yüklər (kömür, filiz, meşə materialları, inşaat yükləri, gübrə və taxıl), əsasən, qapalı vaqonlar, platformalar və yarımvaqonlar vasitəsilə daşınır. Taxıl və çınqıl kimi məhsullar üçün alt hissəsində boşaltma sistemi olan xüsusi "hopper" vaqonlardan istifadə edilir ki, bu da yüklərin rahat və səmərəli boşaldılmasını təmin edir.

Kimya sənayesinə aid yüklər (neft məhsulları, mayeləşdirilmiş qazlar və digər maye maddələr), əsasən, sistern və bunker tipli vaqonlarda daşınır. Daşınma zamanı təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl olunur. Hər növ məhsul üçün uyğunlaşdırılmış, xüsusi qoruyucu xüsusiyyətlərə malik sisternlərdən istifadə olunur.

Ağır sənaye məhsulları (borular, relslər, iri metal məmulatları və s.) böyük ölçü və çəkiyə görə xüsusi nəqliyyat həlləri tələb edir. Bu cür yüklərin daşınması üçün müxtəlif növ vaqonlar və xüsusi texniki vasitələr tətbiq olunur. Azərbaycan Dəmir Yolları (ADY) bu sahədə ixtisaslaşmış logistik xidmətlər təqdim edir.

Tez xarab olan məhsullar (ət, balıq, süd məhsulları, meyvə və tərəvəz) refrijerator vaqonlar və xüsusi soyuducu konteynerlərdə daşınır. Daşınma zamanı sanitar normalara və temperatur rejiminə ciddi riayət edilir. Məqsəd məhsulların təravətini və keyfiyyətini qorumaqdır.

Təhlükəli yüklər (insan və ətraf mühit üçün riskli olan maddələr (partlayıcılar, qazlar, zəhərli, yoluxucu, radioaktiv və korroziyaedici maddələr) xüsusi təhlükəsizlik qaydalarına əsasən daşınır. Bu yüklərin daşınmasında beynəlxalq və yerli normativ sənədlər rəhbər tutulur və yüksək təhlükəsizlik standartlarına əməl olunur.

Oxu.Az-ın suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili hesab edir ki, beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycandan keçməsinin iqtisadi və siyasi əhəmiyyəti çox böyükdür və bir neçə vacib aspektdən ibarətdir:

"İqtisadi aspektdən baxdıqda bir neçə məsələ önə çıxır. Azərbaycan Avropa ilə Asiya arasında strateji körpü rolunu oynayaraq əhəmiyyətli tranzit rüsumları əldə edir. Bu, dövlət büdcəsinə əlavə gəlir mənbəyi yaradır, tranzit gəlirlərini artırır. Beynəlxalq dəhlizlər ölkədə yol, dəmir yolu, liman və hava limanlarının modernləşdirilməsinə və genişləndirilməsinə təkan verir ki, bu da öz növbəsində infrastrukturun inkişafına gətirib çıxardır. Nəqliyyat mərkəzi statusu xarici investorları ölkəyə cəlb edir, yeni iş yerləri yaradılır və iqtisadi diversifikasiya baş verir, investisiyaların həcmi artır. Azərbaycan regional ticarət və logistika mərkəzinə çevrilir, bu da xidmət sektorunun inkişafına kömək edir".

Onun sözlərinə görə, beynəlxalq dəhlizlərin böyük siyasi əhəmiyyəti də var:

"Belə ki, Azərbaycan regional və beynəlxalq arenada öz təsirini artırır, böyük güclər tərəfindən mühüm tərəfdaş kimi qəbul edilir. Xəzər neftinin və qazının Avropaya çatdırılması Azərbaycana enerji sahəsində açar rolu verir. Nəqliyyat dəhlizlərinin idarəedilməsi ölkəyə beynəlxalq arenada daha güclü mövqe verir. Qonşu ölkələrlə iqtisadi əlaqələrin güclənməsi regional sabitliyin təmin olunmasına kömək edir. Məsələn, Zəngəzur dəhlizi layihəsi Azərbaycana Naxçıvan ilə birbaşa əlaqə yaratmaqla yanaşı, Türkiyə və Orta Asiya ölkələri arasında yeni ticarət yolları açacaq. Bu da Azərbaycana həm iqtisadi, həm də geosiyasi baxımdan böyük üstünlüklər verəcək".

Zəngəzur dəhlizi layihəsinin önəmi

İqtisadçı Xalid Kərimli Oxu.Az-a bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Çindən gələn yüklərin bir qismi Mərkəzi Asiya, Azərbaycandan keçməklə Türkiyə və Avropaya gedə və ölkə üçün tranzit gəlirləri yarada bilər:

"Hazırda Gürcüstan üzərindən həm Türkiyəyə, həm də Qara dənizə çıxışımız var. Gürcüstan üzərindən ticarət etmək daha vaxt çox vaxt aparır, eyni zamanda, çox xərc tələb edir. Həmçinin Gürcüstan limanları və sərhədinin ötürmə qabiliyyəti məhduddur. Zəngəzur dəhlizi üzərindən yüklər Türkiyəyə daşınarsa, bu daha ucuz başa gələ bilər. Eyni zamanda, burada relyef də rol oynayır. Qış fəslində Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin daşınması nisbətən çətin olur, bu baxımdan, Zəngəzur dəhlizi ən sərfəli və səmərəlisidir. Həm də bu bizi Naxçıvan ilə birləşdirəcəyinə görə oranı da blokadadan çıxarmış olacağıq. Zəngəzur dəhlizi açılarsa, Çindən gələn yüklərin bir qismi Mərkəzi Asiya, Azərbaycandan keçməklə Türkiyə və Avropaya gedə bilər. Bu da bizim üçün tranzit gəlirləri yarada bilər, iqtisadiyyata müsbət töhfə verər. Biz hazırda bu dəhlizi işə sala bilsək, öz şirkətlərimiz, biznes sahiblərimiz alqı-satqı üzərində daha əlverişli üstünlük əldə edər, logistika və yaşıl sektorda da fəaliyyəti stimullaşdıra bilər".

Yazı "Azərbaycan Dəmir Yolları" QSC və Mətbuat Şurasının "Azərbaycan Dəmir Yolları - 145 illik inkişaf yolu" mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
oxu.az

1Mənbələr