AZ

Xolesterinin səbəb ola biləcəyi xəstəliklər açıqlandı

Qanda xolesterinin yüksək olması damar divarlarında yavaş-yavaş toplanaraq daralma və tıxanıqlığa gətirib çıxarır.

News24.az bildirir ki, əgər xolesterin ürəyi qidalandıran damarlarda toplanarsa, bu zaman sinə ağrısı, infarkt və ürək çatışmazlığı riski artır. Beyinə gedən damarlarda toplanarsa, iflic, nitq pozuntusu və yaddaş problemləri yarana bilər. Böyrək damarlarında isə yüksək təzyiq və böyrək çatışmazlığı ilə nəticələnə bilər.

Xolesterin və yüksək təzyiq birgə risk yaradır

Xolesterin yüksəkliyi və hipertoniya bir-birinə səbəb olmasa da, hər ikisi damar sistemini hədəf alır. Bu iki faktor birlikdə olduqda, damar zədələnməsi daha da sürətlənir və ağır fəsadlar riski artır.

Müalicə iki mərhələdə aparılır

Dərmansız müalicə: Sağlam qidalanma, siqaretin tərgidilməsi, duzun azaldılması, şəkər və artıq çəkinin nəzarətdə saxlanması, nizamlı fiziki fəaliyyət (həftədə 3-5 dəfə, 30-45 dəq yürüş, üzgüçülük və s.) tövsiyə olunur.

Dərman müalicəsi: Statinlər, fibratlar və digər lipid azaldıcı preparatlar yalnız həkim nəzarətində istifadə olunmalıdır.

Ən çox rast gəlinən səhvlər

Xolesterin dərmanı qəbul edərkən pəhrizə laqeyd yanaşmaq

Həkim məsləhəti olmadan dərman və ya pəhriz dəyişdirmək

Müalicəni özbaşına dayandırmaq

Digər risk faktorlarını (siqaret, şəkər, hipertoniya) nəzərə almamaq

Xatırlatma: Xolesterin müalicəsində məqsəd əsasən LDL xolesterin səviyyəsini aşağı salmaqdır. Xəstənin ürək-damar xəstəliyi varsa, hədəf səviyyə 100 mg/dl-dən aşağı olmalıdır.

Qeyd: Xolesterinin yüksəkliyi vaxtında aşkar edilərsə və düzgün müalicə olunarsa, ürək-damar xəstəliklərinin və ölüm riskinin qarşısı alınır. Müalicə həkim nəzarətində və fərdi risklərə əsaslanaraq aparılmalıdır./Pravda.az

Seçilən
136
news24.az

1Mənbələr