AZ

Mirziyoyevin Azərbaycana səfəri zamanı bu məsələlər daha da qabarıq görünəcək -ŞƏRH

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana nəzərdə tutulan səfərinə hazırlaşır.
Bu barədə Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Laziz Kudratov iyunun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Nazir qeyd edib ki, Özbəkistan dövlət başçısı Azərbaycana bu səfəri konkret praktiki məzmunla zənginləşdirmək üçün hökumətə tapşırıqlar verib.

Politoloq Samir Hümbətov Sherg.az-a deyib ki, Şavkat Mirziyoyevin Azərbaycana səfəri, ilk növbədə siyasi əlaqələrə böyük önəm veriləcəyi bir mərhələ olacaq:

"Eyni zamanda tərəflər arasında iqtisadi əməkdaşlıq və regional məsələlərin müzakirəsi də bu səfər çərçivəsində geniş yer tutacaq. Nəzərə alsaq ki, bu gün Özbəkistan və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Yəni bu, onu göstərir ki, Özbəkistanın Azərbaycana münasibəti digər türk dövlətlərinə münasibətlə eyni dərəcədə müsbətdir və qarşılıqlı əməkdaşlıq prinsipləri mövcuddur. Həmçinin Özbəkistan şirkətlərinin Azərbaycana qoyduğu investisiyaların sayı artır, eyni zamanda Azərbaycan şirkətləri də Özbəkistanda aktiv fəaliyyət göstərir və investisiyalar yatırırlar. Bu isə qarşılıqlı iqtisadi fayda əsasında qurulmuş bir əməkdaşlıq modelini ortaya qoyur. Bununla belə, əməkdaşlığın perspektivləri daha geniş ola bilər. Hər iki ölkə bir-birinin təcrübəsindən faydalana bilər".

Politoloq əlavə edib ki, bu gün əlaqələr kifayət qədər yüksək səviyyədədir, lakin onları daha da yüksəltmək üçün səylər göstərilir:
"Son 5 ildə, xüsusilə də Şavkat Mirziyoyevin hakimiyyətə gəlməsindən sonra bu münasibətlərə xüsusi diqqət ayrılır.
Azərbaycan şirkətləri bu gün Özbəkistanda bir sıra sektorlarda uğurla fəaliyyətini genişləndirməkdədirlər. Eyni zamanda, Özbəkistan şirkətləri də Azərbaycanda – xüsusilə Xankəndidə dikiş fabrikinin açılması kimi təşəbbüslərlə çıxış edirlər. Bu sahədə ciddi fəaliyyət ortaya qoymaq mümkündür. Hər nə qədər əhəmiyyətli addımlar atılsa da, perspektivlər genişdir.
Eyni zamanda, Türkiyə ilə əlaqələrə göstərilən xüsusi diqqətin bu münasibətlərə də təsiri var. Bu əlaqələrin dərinləşməsi və inkişafı da paralel şəkildə davam edir. Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı bu məsələlər daha da qabarıq görünəcək".
Seçilən
7
sherg.az

1Mənbələr