Rusiya ehtiyat edir ki, Ermənistanın Avropaya getdikcə dərinləşən inteqrasiyası fonunda Avropa İttifaqının gördüyü tədbirlərin analoqu olaraq bu respublikanın hava məkanının Rusiya təyyarələri üçün bağlanması baş verə bilər.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı deyib.
“Baxın, hazırda bizim Avropa İttifaqı ilə heç bir hava əlaqəmiz yoxdur. Avropa İttifaqı hava məkanını Rusiya təyyarələrinin üzünə bağlayıb. Ermənistan da analoji addımı atacaq? Əgər siz Avropa İttifaqına daxil olsanız, bəli, çünki Brüssel sizə hava sahəsini bağlamağı tapşıracaq. Siz də bunu edəcəksiniz, başqa çarəniz qalmayacaq. Bəs sonra?”- deyə Rusiya Baş nazirinin müavini bildirib.
Overçukun sözlərinə görə, mümkün məhdudiyyətlər həftədə yüzlərlə aviareysə təsir edəcək, həmçinin yükdaşıma sistemini sıradan çıxaracaq. Bundan əlavə, o, Yuxarı Lars keçidi vasitəsilə yükdaşımalarda mümkün çətinliklərin olacağını, burada erməni yük maşınlarının malları Rusiya və ya Belarus yük maşınlarına təhvil vermək məcburiyyətində qalacağını, daha sonra isə özlərinin geri dönəcəyini qeyd edib.
ZÜMRÜD